Siyasət

Knesset üzvü: “Azərbaycan İsrail üçün ən mühüm strateji tərəfdaşdır”

Sharing is caring!


“Azərbaycan İsrail üçün ən mühüm strateji tərəfdaşdır”.

Bunu Knessetin “Bizim ev İsrail” partiyasından olan deputatı, keçmiş vitse-spiker Yevgeni Sova Bakıda səfərdə olarkən “Trend”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, İsraildə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanla möhkəm əlaqələr qorunur.

“Azərbaycan və İsrail arasında təkcə liderlər səviyyəsində deyil, həm də insanlar səviyyəsində yaxşı münasibətlər var. Azərbaycanın isə müsəlman dünyası da daxil olmaqla böyük nüfuza malik ölkə kimi İsraillə qonşuları arasında münasibətlərin yaxşılaşdırılması üçün böyük perspektivləri var. Qeyd etmək lazımdır ki, İsraillə Türkiyə arasında münasibətlərin yaxşılaşmasında Azərbaycanın da böyük rolu olub”.

Yevgeni Sova bu səfər zamanı İsrail-Azərbaycan dostluq qrupuna rəhbərlik etməkdən şad olduğunu qeyd edib.

“Dostluq qrupuna Knessetin üzvü Vladimir Belyak rəhbərlik edir, lakin o, təəssüf ki, tibbi səbəblərə görə gələ bilməyib. Mənimlə birlikdə Azərbaycana daha üç deputat gəldi. Bu, İsrail parlamentinin İsrail-Azərbaycan Dostluq Qrupu çərçivəsində rəsmi nümayəndə heyətidir. Ona görə də Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə rəsmi görüşdən başqa, Azərbaycan Parlamentinin Azərbaycan-İsrail əlaqələri üzrə işçi qrupunun rəhbəri Anatoli Rafailovla, iqtisadiyyat nazirinin müavini, XİN rəhbərinin müavini ilə də görüşlərimiz oldu”, – deyə o bildirib.

Knesset deputatı hesab edir ki, parlamentlər arasında əməkdaşlıq investorlar üçün yaxşı əlamətdir, bu, investisiya mühitinə müsbət təsir göstərir.

“Biz istərdik ki, Azərbaycan parlamentində, dünyanın bir çox parlamentlərində olduğu kimi, 27 Yanvar – Beynəlxalq Holokostu Anma Günü ilə bağlı tədbir keçirilsin. Mən bu səfər çərçivəsində görüşlər zamanı bu məsələni qaldırdım. Bu, bizim üçün çox vacibdir, çünki bu, əslində, qlobal antisemitizmlə mübarizə günüdür. Əlbəttə, biz bilirik ki, Azərbaycanda antisemitizm yoxdur və heç vaxt olmayıb və buna görə sizə minnətdarıq. Hələ sovet dövründə də buradakı yəhudilər özlərini bütün Azərbaycan xalqının bir parçası kimi hiss edirdilər. Məsələn, milli mənsubiyyətinə görə yəhudi işə götürülməyəcək deyə bir şey yox idi. Azərbaycan İsrailin müttəfiqidir və ölkəmizdə bu ittifaqı yüksək qiymətləndirirlər”, – deyə o əlavə edib.

Ermənilərin Holokostu Qarabağdakı qondarma soyqırımı ilə müqayisə etmək cəhdlərinə gəlincə, Yevgeni Sova qeyd edib ki, Holokost öz miqyasına görə unikaldır, mənfi baxımdan unikaldır.

“Belə bir müqayisə cəhdindən xəbərim var. Biz Holokostla hər hansı müqayisənin qəti əleyhinəyik”.

Knesset üzvü əlavə edib ki, görüşlərdə İranla bağlı məsələ də qaldırılıb.

“Biz, həmçinin, İranın regionda sabitliyi pozan rolu ilə bağlı narahatlığımızı dilə gətirdik. İran təkcə Yaxın Şərqdə deyil, bütün dünyada vəziyyətin əsas sabitliyini pozandır. Bu vəziyyətdə bizim ümumi maraqlarımız hərbi-sənaye kompleksindən tutmuş kəşfiyyat və beynəlxalq səviyyədə dəstəyə qədər bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və gücləndirməyə imkan verir. Azərbaycan bizim üçün ən mühüm strateji marağı təmsil edir. Qeyd edək ki, İslam İnqilabından əvvəl İsrail və İran arasında çox yaxşı münasibətlər olub. Əgər bu gün İran xalqı arasında İsrailə münasibəti ilə bağlı gizli səsvermə keçirsək, əminəm ki, əksəriyyətin cavabı müsbət olacaq”, – deyə o bildirib.

Yevgeni Sova qeyd edib ki, səfər çərçivəsində nümayəndə heyəti İsrailin iri politexnik institutu “Teknion Israel Group Ltd.”nin dəstəyi ilə yaradılmış Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində olub.

“Bir neçə ay əvvəl Azərbaycana ölkədə kiberhücumlara qarşı mübarizə üzrə təlim mərkəzinin açılması təklifi daxil olub. “Teknion Israel Group Ltd.” öz təlimatçılarını buraya göndərdi və Azərbaycan hökuməti burada xüsusi mərkəz açdı. Biz istəyirik ki, Azərbaycanda kibertəhlükəsizliklə məşğul olan insanlar İsraildən maksimum fayda və maksimum məlumat alsınlar. Təlim tamamilə ingilis dilində aparılır. Bu layihə onmilyonlarla dollar dəyərində qiymətləndirilir”.

Deputatın sözlərinə görə, su ehtiyatlarının idarə edilməsində, xüsusən də su çatışmazlığı probleminin həllində əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunub.

“İsrail bu sahədə dünya liderlərindən biridir. Krandan içdiyimiz suyun, demək olar ki, 80 faizi dəniz suyudur. Son 15-20 ildə İsraildə suyun təmizlənməsi çox inkişaf edib. Azərbaycan tərəfi bu sahədə əməkdaşlıqda son dərəcə maraqlıdır”, – deyə o bildirib.

Yevgeni Sova qeyd edib ki, Azərbaycanın iqtisadiyyat nazirinin müavini ilə görüşdə iki ölkə arasında uçuşların tezliyinin artırılması imkanları müzakirə olunub.

“COVID-19 pandemiyasından əvvəl həftədə təxminən 24 uçuşumuz var idi, halbuki bu gün müxtəlif hesablamalara görə, bu rəqəm ondan çox deyil. Müharibə səbəbindən İsrail Rusiya və Ukraynadan turist axınını azaltdı, bu da birlikdə turist axınının təxminən 15 faizini təşkil etdi. Azərbaycandan gələn turistlərin sayı ildə 30-35 min nəfər təşkil edir. Azərbaycan İsrailə daha çox turist gəlməli olan ölkələrdən biridir və bunun üçün uçuşların sayını artırmalıyıq”.

Bundan əlavə, deputat vurğulayıb ki, Azərbaycan İsrailə neft tədarükünə görə birinci yerdədir.

“Bizə elektrik enerjisi deyil, yalnız neft məhsulları istehsal etmək üçün neft lazımdır. Elektrik enerjisi istehsalı üçün İsrailin təbii qazı var”, – deyə o əlavə edib.

Yevgeni Sovanın sözlərinə görə, kənd təsərrüfatı, energetika və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlər var.

“Azərbaycan xarici işlər nazirinin müavini görüşdə bildirib ki, hazırda Azərbaycanda İsrail tibb mərkəzinin tikilməsinin mümkünlüyü müzakirə olunur.

İsrailli həkimləri Azərbaycana dəvət etmək, həmçinin yerli həkimlər üçün təcrübə təşkil etmək mümkün olacaq. Bundan əlavə, İsrail tibbi avadanlıqlarının satışını burada qurmaq mümkündür”, – deyə o qeyd edib.

Sonda Knesset üzvü qarşıdan gələn yəhudi Yeni ili münasibətilə xoş arzularını çatdırıb.

“İki həftədən sonra Roş-Ha-Şana, yəhudilərin Yeni ili və ardınca Yom Kippur (Qiyamət günü) var. Bütün Azərbaycan xalqına və yəhudi icmasına, xüsusən də yeni ildə xoş günlər arzulayıram. Arzu edirəm ki, hamımızın qədər kitabında yaxşı bir qeydimiz olsun. Mən burada, sizin torpağınızda olarkən Azərbaycan xalqına uğurlu Yeni il arzulayıram ki, o, sülh ili olsun, iqtisadi cəhətdən daha da inkişaf etsin, İsrail ilə Azərbaycan arasında münasibətlər daha da genişlənsin, möhkəmlənsin və biz bunun üçün bizdən tələb olunan hər şeyi edəcəyik”, – deyə Yevgeni Sova bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir