Siyasət

BBC və uşaq bezi

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Bəzi ölkələr, sistemlər, cəmiyyətlər, media qurumları var ki, özlərini digərlərindən üstün tutur, öz aləmlərində “gerizəkalı”lara ağıl verirlər.

Məsələn, “sizdə azad media yoxdur”, “söz azadlığı nədir, bilmirsiniz”, “qısaca, kütsünüz”, “idiotsunuz” və s.

Bəs özlərinə “azad media” deyənlər nə dərəcədə “azad”dırlar? 

Məsələn, Fransanın “Fiqaro”, “Le Monde” nəşrləri hər gün Qarabağda yaşayan separatçı və terrorçulara dəstək mətnləri paylaşırlar. Ən fantastik fikirlərə yer verilir. “Acından ölən”, amma intim həyatından geri qalmayan, “ac olduğu üçün” də uşağını abort etdirən qadından yazırlar. Hər yeni kəlməsi öncəkindən absurd. Oxuyursan və bu fantaziyaya mat qalırsan. 

Fransa mətbuatı fransız siyasətçilərlə qol-boyun olub Qarabağda yaşayan erməni terrorçuların intim həyatın izləyir, onlara dəstək olurlar, TIR-larla “humanitar” yardım göndərirlər. Dəstək üçün qoruyucu vasitələr göndərsələr daha yaxşı olar, artmazlar. Yoxsa abort, “acından ölmək” və s. qorxulu və “təsirli” başlıqlar biz tərəflərin təbirincə desək bişmiş toyuğu da güldürür. 

Və burada maraqlı məqam üzə çıxır ki, rəsmi Bakını, Azərbaycan xalqını “humanitar soyqırımı”nda (dəbdə olan söz – genosid) ittiham edən rəsmi Paris öz əməllərini deyəsən, unudub. Əlcəzairdə bir milyon adamı qətlə yetirən Fransa bizə deyir ki, “Qarabağda terrorçuların peçenyesi qurtarıb”.

1994-cü ildə fransızlar Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetiriblər. Çadda, Kot-d’İvuarda xeyli sayda hərbi əməliyyat keçirən Fransa orada qətlə yetirdiyi uşaqların ümumiyyətlə bir daha peçenye yeməyəciyini düşünürmü? Yoxsa, onlar rəsmi Paris üçün qaradərili, heç bir dəyəri olmayan, III sort, sadəcə Fransanın sümürə biləcəyi zəngin torpaqları üçün gübrədir? İstədikləri kimi öldürüb, istədikləri yerə sahib ola bilərlər?

İşğalçılıq siyasəti aparan Fransa Afrika ölkələrində görəsən, aclığın, susuzluğun bu həddə çatması barədə özünə hesabat verirmi? Məgər oradakılar adam deyil? Təbii ki, onlar nəinki özlərinə, heç dünyaya da hesabat vermirlər…

Amma Azərbaycanın suveren ərazisində terror yaradan, 30 il ərzində azərbaycanlıları həm Qarabağda, həm də qədim Azərbaycan torpaqları İrəvan, Göyçə, Zəngəzur və digər yerlərdən qovan, öldürən, məhv edən, soyqırımı yaşadan erməni hərbi və siyasi cinayətkarlar adamdır. Və onların da yeməyə peçenyeləri bitib…. 

Yeri gəlmişkən, əgər Qarabağda bir nəfər belə acdırsa, onda niyə Azərbaycanın göndərdiyi 40 tonluq un məmulatlarından ibarət maşın karvanını qəbul etmirlər?

Bakıdan erməniəsilli sakinlərə ərzaq aparan karvan 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları, könüllülər 7 gündür yolun üstündədir. Qəbul edib yesinlər də…

Və çox vacib məsələ, AzQAC-ın əməkdaşları deyirlər ki, Xankəndiyə girək, real vəziyyəti dəyərləndirək. Humanitar böhran dedikdə nə nəzərdə tutulur? Alkoqol qıtlığı var, ya makaron? Belə görünür ki, heç bir qıtlıq yoxdur. 

Avropa isə üz-gözünü cırır, olsun. 30 il ərzində onların bu cür davranışlarına çox öyrəşmişik. Çadırda, vaqonda, yataqxanada acından ölən Azərbaycan vətəndaşı heç kimə maraqlı deyildi. Xankəndidə yandırılan, öldürülən körpələr də. Görünür erməni uşaqları dünya birliyi üçün daha şirindir. 

Dünən erməni uşağın “bezi”nin dadı daha bir Avropanın nəhəng media qurumunun ağzına şirin gəldi. Dünyanın aparıcı “AZAD” media qurumlarından biri olan BBC Qarabağda separatçı-terror dəstəsini dəstəkləyən müsahibə, oda təqdim etdi. BBC nədənsə əks tərəfin fikirlərini eşitmir, amma Qarabağdakı haylara bar-bar bağırmağa imkan verir. Hanı bəs əsl jurnalistika prinsipləri, azad media?

İstənilən hadisə ilə bağlı hər iki tərəfin mövqeyi səsləndirilməli, jurnalist(ika) isə bitərəf olmalı idi axı… Deməli pişiyin quyruğu göründü. Özünü hamıdan üstün, yekəxana tutan BBC və onun əməkdaşları hər şeyin qonorara bağlı olduğunu bir daha sübut etdilər. 

Yadınızdadırsa 2020-cı ilin noyabrında Prezident İlham Əliyevin BBC-yə müsahibəsi baş tutmuşdu. Və bu gün də bu müsahibədən sitatlar gətirilir, özü də bütün dünyada, ən müxtəlif sosial şəbəkələrdə. 

BBC-nin yekəxana jurnalistinin “sizdə azad media və jurnalistika yoxdur”, “müxalifət yoxdur” və digər ittihamlarına İlham Əliyevin cavabı tərs sillə kimi oldu. 

“Bəs siz Assanj barədə nə deyə bilərsiniz?”, “Budurmu sizin ölkənizdə azad KİV-ə olan münasibət?”

BBC jurnalisti mövzunu dəyişməyə cəhd etsə də, ölkə başçısı sözünü axıra qədər dedi və möhürünü də vurdu. Öz gözündə tiri görməyənlər, Azərbaycanın gözündə tük axtarırlar. 

Ümumiyyətlə Avropada istər “nüfuzlu”, istərsə də “sarı” media yüksək elitadan sifariş alana qədər, pulun ucunu və rəngini görənə kimi azaddır.

Ona görə də italyanların sözü olmasın “finita la commedia”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir