Siyasət

Ankaradakı “TEXNOFEST”in azərbaycanlı iştirakçıları: “Burada ölkəmizə maraq cəlb edirik” – FOTO

Sharing is caring!


Ankarada ilk dəfə keçirilən dünyanın ən böyük aerokosmik və texnologiya festivalı – “TEXNOFEST”də Azərbaycanın təhsil sahəsi üzrə üç, kənd təsərrüfatı üzrə bir startap layihəsi yer alır.

“Report”un Ankara bürosu yarışda iştirak edən azərbaycanlı komandalarla görüşüb, onların təqdim etdiyi məhsullarla maraqlanıb.

“Safavy.org” komandası 2020-ci ildə yaradılıb. Komandanın kapitanı İqtisad Universitetinin gənc müəllimi Könül Quliyevanın sözlərinə görə, Səfəvilər dövlətinin hakimiyyəti dönəmində Azərbaycan türkcəsinə və elminə böyük əhəmiyyət verildiyi üçün layihələrinə bu adı seçiblər:

“Səfəvilər zamanında Azərbaycanın ərazi bütövlüyü qorunub və genişlənib, 2020-ci ildə də Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Təhsil startapımız vasitəsilə dünyaya bu mesajı vermək istərdik ki, Azərbaycan Səfəvilər dövlətinin prinsiplərini qoruyur və davam etdirir”.

Layihənin Azərbaycanda ilk video formatlı təhsil startaplarından biri olduğunu deyən Könül Quliyeva bildirib ki, onlayn təhsil platforması vasitəsilə yerli bazar ehtiyaclarına uyğun, ən yeni mövzular üzrə peşəkar təlimçi və müəllimlərdən video dərsliklər almaq mümkündür:

“Məqsədimiz təhsili hər kəsə əlçatan etməkdir. Platformada artıq on mindən çox qeydiyyat var”.

“Metatesk” layihəsi isə metakainat, gerçəkliyə yaxın virtual texnologiyaların reallaşdığı virtual təcrübə məkanını əks etdirir.

Bu startap Azərbaycanda keçirilən “TEXNOFEST”də qalib olub. Layihənin icraçı direktoru Günay İmanzadə həm də innovasiya və sahibkarlıq sahəsi üzrə prezident mükafatçısıdır. Layihə əsasən uşaqların və yeniyetmələrin dünyasını rəngləndirir:

“3 D mühitlər yaradırıq. Virtual reallıq texnologiyaları ilə kosmos modeli düzəldirik, uşaqlar müəllimlə birlikdə virtual sinif otağına daxil olurlar, özlərini sanki kosmosda hiss edirlər. Fizika qanunları, təbiətdə suyun dövranı, helikopterlər necə hərəkət edir və bu kimi proseslər uşaqlar üçün çox əyləncəli və yaddaqalan olur”.

G.İmanzadə deyib ki, Azərbaycandan 10, Çindən 200-ə yaxın 5-14 yaş arası şagirdləri var ki, onlar bu layihə vasitəsi ilə həyat bilgisi dərsləri alırlar:

“Edinify” komandasının kapitanı Nərgiz Seyidzadə bildirib ki, onların təqdim etdiyi layihə təhsil mərkəzləri üçün yaradılmış idarə sistemidir: “Startapımız müəllimlərin maaşlarının yanlış hesablanması, dərs cədvəllərinin yanlış tərtib olunması kimi problemlərin aradan qaldırılmasına dəstək verir. Artıq 3 təhsil mərkəzində sistemimiz tətbiq olunur. Tələbatın çoxluğu ilə əlaqədar gələcəkdə daha da böyüyəcəyini güman edirik”.

“Azirrigation” layihəsi isə kənd təsərrüfatında və fərdi təsərrüfatlarda ağıllı idarəetmə vasitəsi ilə suvarmaya qənaətlə xidmət məqsədi daşıyır. Komandanın kapitanı Elmira Poladova Pedaqoji Universitetdə “Sabah” qruplarında təhsil alır.

Elmira deyib ki, bu proqramı uzaqdan ağıllı idarəetmə sistemi ilə tətbiq etmək mümkündür:

“Dünyanın harasında olursanız olun, öz bağçanızı bu sistem vasitəsilə suvara bilərsiz. Tövsiyə sistemlərimiz ilə isə hava şərtləri, torpağın vəziyyəti – nəmlilik, duzluluq dərəcəsi analiz edilir və ən uyğun suvarma sistemi tətbiq olunur. Proqramlaşdırdığımız bir tətbiqi telefona yükləməklə bütün sistem haqqında istənilən məlumat əldə etmək olur. Elektrik və ya su kəsildikdə, ərazidə bir dəyişiklik olduqda telefon vasitəsilə şəxsə dərhal məlumat verilir”.

Öz vəsaitləri hesabına bu tədbirə qatılan gənclər beynəlxalq festivalın onların dünyagörüşlərinə müsbət təsir etdiyini və dünyanın 100-dək ölkəsindən gələn iştirakçılarla əlaqələrin qurulması, təcrübə və məlumatlarının çoxalmasına böyük dəstək olmasından razılıqlarını ifadə ediblər. Layihə iştirakçıları Azərbaycan stendlərinin də “TEXNOFEST”də böyük maraqla qarsalandığını bildiriblər:

“Bu beynəlxalq tədbirdən həm çox şey öyrənirik, təcrübə qazanırıq, həm də Azərbaycana çox maraq cəlb edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir