Siyasət

Paşinyanın siyasi manevrləri: Baş nazir müxalifəti susdura bilsə, sülh müqaviləsi imzalayacaqmı? – TƏHLİL

Sharing is caring!


Son illər siyasi arenası çaxnaşma ilə dalğalanan Ermənistanda gərginlik pik həddinə çatmaq üzrədir. Ermənistanın baş naziri Nikol Paşinyan hər tərəfdən dalana dirənib və tələyə düşmüş siçan kimi çırpınmağa başlayıb. Bu isə onu bir-birini təkzib edən bəyanatlar, açıqlamalar verməyə vadar edir. Nikolun bu tip açıqlamaları və atdığı addımlar həm Qərb və Rusiya, həm də ən əsası Azərbaycan tərəfindən diqqətlə izlənilir.

Həftənin əvvəllərindən erməni müxalifəti 2 sentyabr tarixinə Qarabağla bağlı mitinq elan etmişdi. Mitinq və etiraz aksiyalarının aparıcı ruporu rolunda İşxan Saqatelyan, Andranik Tevanyan və Avetik Çələbyan çıxış edirdi. İşxan Saqatelyan “Daşnaksütyun” partiyası Ali qurumunun nümayəndəsi olmaqla yanaşı, 2021-ci ilə qədər Ermənistan parlamentinin vitse-spikeri postunu tutub. 2020-ci il müharibəsindəki məğlubiyyətə görə, Nikolu ittiham edən və onun istefasını tələb edən əsas müxalifət liderlərindən sayılır. Andranik Tevanyan isə “Hayastan” fraksiyasının deputatı olub və Ermənistanın üçüncü prezidenti Robert Köçəryana yaxınlığı ilə tanınır. Eyni zamanda İrəvanda keçirilən meriya seçkilərində “Ana Ermənistan” alyansının rəhbəridir. Avetik Çələbyan isə Qarabağla bağlı son zamanlar Ermənistanda keçirilən “Ayakve” imzatoplama kampaniyasının lideri olmaqla yanaşı, “Arar” fondunun həmtəsisçisidir. 2022-ci ildə Paşinyanın sifarişi ilə bir müddət məhkumluq həyatı da yaşayıb. Bu üç müxalif liderin Paşinyana qarşı birləşməsi ilə yanaşı, dünən Qarabağda baş verən hadisələrdən sonra Qarabağ klanının Nikol tərəfindən tarixin bir küncünə atılmış Ermənistanın ikinci prezidenti Robert Köçəryan və 2018-ci ildə Sorosun dəstəyi ilə İrəvanda həyata keçirdiyi “narıncı inqilab” vasitəsilə devirdiyi üçüncü prezident Serj Sarkisyan cəbhəsindən də açıqlama gəldi. Hər iki keçmiş siyasi lider mitinqdə iştirak edəcəklərini bildirdilər. Mitinqin adı Qarabağ ermənilərinə dəstək, Laçın yolu və blokada nağılı ilə bağlı olsa da, əslində aksiyalara qədər müxalif düşərgənin bəyanatlarından da məlum olurdu ki, əsas məqsəd Paşinyanın istefası və onun hakimiyyətdən uzaqlaşdırılmasıdır. Uzun müddət müxalifət Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ciddi-cəhdlə fəaliyyət göstərsə də, heç bir nəticə əldə edə bilmirdi. Diasporun da artıq Ermənistana münasibətinin loyal müstəviyə qədəm qoyması da müxalifətin arzusunu ürəyində qoymuşdu. Uzun illər Ermənistan və Qarabağ erməniləri üçün sağmal inək funksiyasını yerinə yetirən erməni diasporu Qarabağ və ətraf rayonlar işğaldan azad olunduqdan sonra yağlı tikənin əllərindən çıxdığını hiss ediblər və artıq Ermənistandakı siyasi proseslərə tam cəlb olunmağa o qədər də maraq göstərmirlər. Çünki diaspor üçün Qarabağın sərvətləri daha maraqlı idi. Qazandıqları yüz milyonların qarşılığında Ermənistana və Qarabağa tulapayı göndərən diaspor artıq bu pullara sahib olmayacağını dərk etdiyi üçün ara-sıra xalaxətrin qalmasın bəyanatlar səsləndirmək, 3-5 nəfərlik etiraz aksiyaları keçirməklə funksiyalarını başa çatmış hesab edir.

Kilsənin də son dövrlər Paşinyanla münasibətlərinin ciddi şəkildə korlanması müxtəlif kilsə nümayəndələrinin 2 sentyabr mitinqinə dəstəyini labüd etmişdi. Bütün müxalifətin və kilsənin birləşməsi, Robert və Serjikin də açıq-aşkar baş nazir kreslosuna iştaha ilə baxdıqları bir məqamda Paşinyan elə 1 sentyabr tarixində Kəlbəcər istiqamətində təxribat törətməyi daha məqbul saydı. Əsas generalları və hərbçiləri müxtəlif ittihamlarla həbsxanalara dolduran Paşinyan artıq ordunun Suren Papikyanın əlində oyuncaq olduğunu dərk etdiyi üçün Ermənistanda siyasi ab-hava dəyişən kimi sərhəddə təxribat şousuna start verir. Bu dəfə də baş verən təxribatın əsas məqsədi erməni xalqının diqqətini mitinqdən yayındırmaq idi. Bununla yanaşı, Paşinyan siyasi opponentlərə və müxalifətə də mesaj ötürür ki, mənim vəzifədən uzaqlaşmağım hərbi əməliyyatların başlaması və böyük qırğınlarla nəticələnəcək. Müharibədə biabırcasına məğlub olan Ermənistan bu günə qədər də çoxsaylı qurbanlarını gizlətməyi üstün tutur. Bəzi mənbələr qurban sayının 12.500 nəfər olduğunu iddia edirlər. Belə halda isə yeni müharibə yeni məğlubiyyət və qurbanlar demək olduğu üçün bu halın yaranmasının erməni cəmiyyətindəki əks-sədasını düşünmək belə mümkün deyil.

Sərhəd təxribatı ilə yanaşı, Paşinyan Qarabağ ermənilərinin qondarma müstəqillik günü ilə bağlı mesaj yayımlayaraq cəmiyyətdəki gərginliyi azaltmağa çalışıb. Təbrik mesajında Paşinyan yaxın keçmişdə baş verən hadisələrlə bağlı ümumi və çeynənmiş, hər zaman söylədiyi fikirləri təkrarlamaqla bir növ həm Qarabağ ermənilərinin könülünü almağa çalışır, həm də etiraz aksiyalarına maraq göstərən xalqın ürəyinə su səpir.

Amma Paşinyan bəyanatında müəyyən mesajlar da göndərib. Baş nazir dərk edir ki, həddini aşmaq və çərçivədən kənara çıxmaq ona baha başa gələ bilər. Elə Kəlbəcər istiqamətində törədilən təxribatda erməni ordusuna dəyən zərbələrin səsi İrəvandakı nazirlər kabinetində eşidilmişdi. Bu səbəbdən də Paşinyan açıqlamasını elə verib ki, nə şiş yansın, nə də kabab. Onsuz da Azərbaycan tərəfi Paşinyanın Sumqayıt hadisələri, 44 günlük müharibə ilə bağlı sərsəm bəyanatlarına alışıb. Sadəcə bu tip açıqlamalar daxili auditoriyaya hesablanıb və hər dəfə erməni xalqının başını qatmağa, pafosla dolu cümlələr qurmaqla özünün “patriot” obrazını yaratmağa hesablanıb.

Paşinyanın təbrikində diqqət çəkən detallardan biri də məsələnin Qarabağ ermənilərinin təhlükəsizliyi və hüququ ilə bağlı səsləndirdiyi fikirdir. Baş nazir də gözəl anlayır ki, Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırdır və bunu edəcəyi gün də artıq yaxınlaşıb. Bu səbəbdən Paşinyanın bu barədə fikir səsləndirməsi elə-belə deyil.

Nikol eyni zamanda qeyd edib ki, məsələ sülh yolu ilə həll olunmalıdır və Bakı ilə Xankəndi dialoq aparmalıdır. Əslində Paşinyan bu fikri ilə topu Qarabağdakı separatçı ermənilərin yeni lideri Samvel Şahramanyana atıb. Bir neçə gün əvvəl Həkəri körpüsündə vaxtilə Azərbaycan bayrağını təhqir edən futbolçuların həbsindən sonra Qarabağdakı separatçıların lideri Arayik Arutyunyan növbənin ona çatacağından əmin olduğu üçün tələm-tələsik “istefa” verdi və qondarma və heç kəs tərəfindən qəbul edilməyən dövlət naziri postuna Samvel Şahramanyanı təyin etdi. Sirr deyil ki, cari ilin mart ayında Xocalı şəhərində Azərbaycan və Qarabağ erməniləri arasında rus sülhməramlılarının iştirakı ilə baş tutan görüşdə Qarabağ ermənilərini Şahramanyan təmsil edirdi. Görüşdə Azərbaycanı Milli Məclisin deputatı Ramin Məmmədov təmsil edib və əsas müzakirə mövzusu Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya prosesi olub.  Həm də Nikol Paşinyan artıq uzun müddətdir ki, açıqlamarında bu tip mesajlar ötürərək əslində Qarabağdakı ermənilərin taleyi ilə Ermənistanın Azərbaycanla danışıqlar aparmasının yersiz olduğunu, məsələnin həllinin Xankəndi ilə Bakı arasında danışıqlarda gördüyünü bildirib. Bu isə Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu, Xankəndi və Qarabağın isə Azərbaycanın daxili məsələsi olduğunu istəmədən etiraf etmək sayılır. Paşinyan anlayır ki, Azərbaycanın daxili məsələlərinə qarışa bilməz və buna ixtiyarı və hüququ çatmır.

Əgər bu dəfə də Paşinyan müxalifətə qalib gələ bilsə, bundan sonra Serji və Roberti uzunmüddətli həbs gözləyir. Çünki hakimiyyətə gəldiyi gündən Qarabağ ermənilərinə qarşı cəbhə açan Paşinyan zaman-zaman həm Serj Sarkisyanı, həm də Robert Köçəryanı susdurmaq üçün müxtəlif cinayət işləri açdırır, həbsə atdırmaq istəyirdi. Hətta Robert Köçəryan 2019-cu ildə kilsənin dəstəyi ilə ölkəni tərk etmək istəsə də, Paşinyan buna imkan verməmişdi. Tərəflərin gərginliyinə hələ o dövrdə kilsənin qarışması dini hakimiyyətin dövlət hakimiyyəti ilə yola getməməsinin açıq təzahürü idi. Amma həm Serj, həm də Robert uzun müddət hakimiyyətdə olduqları zamanda ədliyyə sistemində qurduqları əlaqələri ilə hər dəfə cinayət işindən yaxa qurtara bilmişdilər. Bəlkə də bu səbəbdən Paşinyan zaman-zaman ədliyyə sistemini, məhkəmə bürokratiyasını sərt tənqid edir, müxtəlif yerdəyişmələr barədə sərəncamlar imzalayır. Bununla belə, Serj haqqında açılan cinayət işinə görə, Sarkisyan uzun müddət siyasi fəaliyyətlə məşğul olmamalı idi. Paşinyan bu yolla siyasi rəqibini neytrallaşdırmışdı. Ötən aylarda isə Robertin ailə üzvlərinin belə əmlakına həbs qoydurmaqla, Köçəryanı maliyyə imkanlarından məhrum etmək niyyəti güdürdü. Bu gün isə həm Serj, həm də Robert Ermənistanda baş verən ciddi siyasi çalxalanmalardan istifadə edərək şanslarını sınamaq qərarına gəliblər. Bu, Qarabağ klanı ilə Paşinyanın sonuncu qarşıdurması da ola bilər. Güman etmək olar ki, Paşinyan bu dəfə də Qarabağ klanını və müxalifəti susdura bilsə, artıq sülh müqaviləsi imzalamaq üçün qarşısında ölkə daxilində elə də ciddi əngəl qalmayacaq…

Kamil Məmmədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir