Siyasət

Azərbaycandakı erməni separatçılardan mülki təyyarələrə qarşı TƏXRİBAT: ABŞ və İsrail üçün siqnal – ŞƏRH +FOTO

Sharing is caring!


Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri növbəti dəfə hava məkanındakı mülki uçuşlara maneə yaratmağa cəhd ediblər.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni separatçılar sentyabrın 1-i:

– Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının “B-77L”,

– Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən İsrail Hava Yollarının “C-650” tipli sərnişin təyyarələrinə radiomaneələr tətbiq ediblər.

Bununla da GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Bu provokasiya artıq intensivləşir, erməni separatçıların bu təxribatı hansı motivasiyadan qaynaqlanıb həyata keçirdiklərinə dair geniş izaha ehtiyac yoxdur. Onlar həmin hərəkətləri böyük ehtimalla Rusiya sülhməramlı kontingentinin xeyir-duası ilə həyata keçirirlər.

Çünki bundan əvvəl də Azərbaycan tərəfi Rusiya sülhməramlı komandanlığına analoji təxribatlar barədə məlumat verib. Ancaq sülhməramlıların komandanlığı məsələ ilə bağlı tədbir görməyib, əksinə, ermənilər hər keçən gün daha da şirniklənirlər.

Rusiyanın məqsədi regionda müdaxilə imkanları üçün barmaq yeri saxlamaq və özünü Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində dominant mövqeyə yüksəltməkdir.

Bu, Rusiyanın yeni bir oyunu da deyil, ancaq Azərbaycan hava məkanının təhlükəsizliyini təmin etmək nöqteyi-nəzərindən təxribat törədilən məkanı, orada əyləşib pulta basanları legitim hədəfə çevirmək hüququna malikdir.

Bu məsələdə başqa ölkələrin – ABŞ və İsrailin – də dəstəyi qaçılmazdır, çünki məhz onların hava yollarının təyyarələrinə qarşı təxribat törədilib.

Azərbaycan hadisə ilə əlaqədar Vaşinqtonu və Təl-Əvivi məlumatlandıracaq, onsuz da, ABŞ Azərbaycanın dəyərli tərəfdaşı, İsrail isə strateji tərəfdaşı olduğu ölkələr sırasındadır.

Deməli, Azərbaycan üçün imkan yaranır ki, hadisələrə qarşı mübarizəsini beynəlxalq terrorizmlə mübarizə çərçivəsində həll etsin. Söhbət ondan getmir ki, ABŞ və ya İsrailin qırıcı təyyarələri Azərbaycan ərazilərində əməliyyat keçirsin. Buna heç Azərbaycan da icazə verməz. Məsələnin məğzi budur ki, həm ABŞ, həm də İsrail Azərbaycanla kəşfiyyat mübadilə şəbəkəsini genişləndirə bilərlər.

İsraildən, onsuz da, Azərbaycana ən müasir silahlar ixrac olunur, bu sırada hava məkanına müdaxilə həyata keçirən avadanlıqları sıradan çıxaran sistemlər siyahıya əlavə edilə bilər.

Təmaslarda Azərbaycan ABŞ qarşısında regiondakı terrorçu dəstələrə qarşı mübarizə üçün birgə səyləri əsirgəməmək çağırışını qoymaq fürsətini bir daha qazanır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir