Siyasət

Qərbi Azərbaycan Xronikası: “Yoldaşımı və üç uşağımı erməni əşyası ilə dəyişiblər” – VİDEO

Sharing is caring!


Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Rus əsgərləri 15 ailəni tanka doldurub kənddən çıxardılar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun (keçmiş Kirovakan, indiki Vanadzor) Lermantov (Antaraşen) kənd sakini Novruz Rüstəmovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərinin çox yaxşı keçdiyini, doğma kəndinə baölı olduğunu deyib: “Böyük çaylarımız, meşələrimiz, yaylaqlarımız var idi. Orada  gördüyümü heç harda görməmişəm. Məktəbi rus, erməni dilində oxumuşuq. Bizdə Azərbaycan dili olmayıb. Atamız, anamız Azərbaycan dilində danışıb, bizdə onlardan götürüb öz dilimizdə danışmışq. Rus, erməni və malakanların  içərisində yaşasaq da çalışmışıq öz dilimizi unutmayaq”.

N.Rüstəmov məktəb illərində uşaqlarla Böyük Çaydan balıqlar tutduqlarını, Novruz bayramını yüksək səviyyədə keçirdiklərini xatırladıb, ermənilərin onları həmişə türk kimi tanıdığını deyib.

Onun sözlərinə görə, 27 yaşında qaçqın düşüb: “Mən 1988-ci ildə Ermənistandan Stavrapol şəhərinə getdim. Orada eşitdim ki, ermənilər bizimkiləri deportasiya ediblər, bizim millətin hamısını oradan vəhşi kimi çıxarıblar. Bizim camaat Qazax rayonuna gəlib. Mənim ailəmi – yoldaşımı və 3 uşağımı erməni əşyasına dəyişiblər. Erməninin bir maşın əşyasını burdan o tərəfə buraxdılar, mənim ailəmi də Qazağa buraxdılar. Bizim əşyamızın hamısı orada qaldı. Bizim heç nəyimiz oradan çıxarılmadı. 

Azərbaycanlılar çıxanda onları daşa basmışdılar, çoxunun əşyalarını yandırmışdılar. Ona görə də kənddə rus zabitləri 15 evin adamlarını məcbur tanka doldurub Qazaxla sərhədə gətirmişdilər. Qazaxda kimini adama dəyişmişdilər, kimini də erməninin ev əşyalarına dəyişmişdilər”.

Vətən həsrətinin çox çətin olduğunu söyləyən Pəmbək mahalı sakini nə vaxtsa doğma yurda qayıdacağına əminliyini bildirib: “Bəli, biz çox böyük həvəslə həmin öz yerimizə qayıtmaq istəyərdik. Bizim yaşadığımız yer kurort yeri olub, turbaza olub. Bizim oarada yaxşı qazlı sular çıxırdı. Elə su idi ki, onun təbii qazından bir stəkan içə bilməzdin. Meşələrdə qəşəng minera sularımız olub. O suyu gedib at ilə, ulaq ilə kəndə gətirirdik. O su ayaq üçün, ayaq müalicəsi üçün idi. Bizim kəndin havası da çox gözəl olub, meyvəsi də yaxşı olub- hər şeyi yaxşı idi. Bax elə bizim kəndimizin havası, meyvəsi, bitkiləri yaxşı olduğuna görə biz ora qayıtmaq istəyirik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir