Siyasət

Türkiyə Cənubi Qafqazda zəifləmir, əksinə, güclənir – TƏHLİL + FOTO

Sharing is caring!


Cənubi Qafqazda Türkiyənin indiki vəziyyətdə aktivliyi nəzərə çarpır, hərçənd ki, bəzən Ankaranın prioritetləri üzrə praktiki məhdudlaşmalar olduğu haqqında fərziyyələr var.

Bu fikirlər yanlışdır, ona görə ki, Cənubi Qafqaz Türkiyənin xarici siyasətində ardıcıl olaraq mühüm mövqe tutan regionlardan biridir.

Düzdür, bu arqument səslənə bilər ki, Türkiyənin başı daxili iqtisadi böhranın aradan qaldırılmasına bərk qarışıb, lakin bu, Ankaranın xarici siyasət strategiyasındakı çağırışların icrasına maneələr yaratmır.

Hətta diqqətəlayiqdir ki, Türkiyənin ordu elitasının son həftə ərzində Azərbaycana səfərləri Ankaranın regionda dərinləşən nüfuzu ilə əlaqəlidir.

Türkiyənin strateji maraqları olduqca geniş regionları əhatə etdiyindən o, Cənubi Qafqazdakı tendensiyalara biganə qala bilməz. Çünki Cənubi Qafqaz bir növ açardır – xüsusilə Azərbaycanla strateji müttəfiqlik və Gürcüstanla strateji tərəfdaşlığın prinsiplərini nəzərə alanda.

Türkiyənin regionla münasibətlərindən mənimsədiyi yanaşma çoxşaxəlidir, onun dərin izahını vermək üçün Ankaranın yanaşmasındakı xətlərə fikir vermək lazımdır.

Nəzərdə canlandırmaq lazımdır ki, Türkiyə strategiyasını mürəkkəb coğrafiyalarda quraraq Qərb-Rusiya arasında tarazlaşdırıcı rola yiyələnir. Bu amil Türkiyəyə geosiyasi çağırışların mürəkkəb şəbəkəsini açmaq üçün parlaq perspektiv təklif edir.

Bu mənada Türkiyənin regionda fəallıq dərəcəsini azaltmaqdan söhbət belə gedə bilməz.

Nəzərə alanda ki Türk Dövlətləri Təşkilatının genişlənən missiyasından dolayı Azərbaycanla Türkiyənin Mərkəzi Asiyaya təsirlərini yaymaq zərurətləri üzə çıxır, onda mənzərə daha da aydınlaşar.

Türkiyədə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra formalaşdırdığı yeni kabinet Ankara diplomatiyasının və maraqlarının şaxələndiriləcəyini vurğulayır.

Bu xüsusda Cənubi Qafqaz üzrə addımların kütləşdiyi yox, itiləşdiyi nəzərə çarpır. Məxsusi olaraq son günlərdə Türkiyənin ordu rəhbərliyinin Azərbaycana səfərləri itiləşən addımların nəticələrini təhlükəsizlik tədbirləri ilə gücləndirmək məqsədlərinə xidmət edirdi.

Türkiyənin regiondakı nüfuzunu artırması prosesi, sadəcə olaraq, indi üçün “səssiz rejim”də həyata keçirilir, yəqin ki, bunun hansısa dərin aspektləri mövcuddur.

Türkiyə bundan sonra fəaliyyətini Azərbaycanla əlaqələri gücləndirmək, Gürcüstanı Bakı-Ankara strateji müttəfiqliyinin arasında təhlükəsiz zonaya yerləşdirmək istiqamətində quracaq.

Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə gözlənilən görüşünün nəticələri də Cənubi Qafqaza təsirsiz ötüşməyəcək.

Türkiyə strategiyasının portfeli Putin-Ərdoğan müzakirələrinin nəticələri ilə Ankaranın Rusiya-Qərb-Çin rəqabətinin arasında manevr imkanlarını genişləndirəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir