Siyasət

Separatçıların bataqlığında çabalayan Makron: Fransanı heç kim saymır – ŞƏRH + FOTO

Sharing is caring!


Fransa Cənubi Qafqazda ən destruktiv qüvvə kimi çıxış etməkdədir. Hətta İrəvanda revanşist qüvvələr belə, Parisin yaratdığı problemlər qədər prosesə əngələ səbəb olmurlar. Fransa Prezidenti Emmanuel Makron ümid edir ki, Ermənistanı öz təsir dairəsinə salmağa müvəffəq olacaq. Lakin yanılır. Anlamır ki, ermənilər indiyə qədər onlara yardım edən heç bir dövlətə, xalqa sona qədər sadiq olmayıblar. Günün birində ondan da imtina edəcəklər. Fransa isə bütün bunlara rəğmən, öz ampluasındadır.

Xarici və daxili siyasətdə uğursuzluqlar fonunda bütün ölkəni Xankəndidə bir ovuc separatçı üçün səfərbər edib. Belə çıxır ki, Makron rejimi keçmiş müstəmləkələrində mövqelərini itirməsi ilə barışıb. Bir neçə gün bundan öncə xarici ölkələrdəki səfirləri Yelisey sarayına yığan Makron, yəqin, onlara bu “itki”ləri çatdırmaq istəyib. Yerli mediada dərc olunan xəbərlərə görə, Fransa lideri onlara ölkə diplomatiyasının və xarici siyasətin prioritetlərini hansı prinsiplər üzərində qurmağın yollarını göstərib. Dövlət başçısının beynəlxalq aləmdə Fransanın təsirinin sürətlə azalmasına səbəb kimi hansı arqumentləri səsləndirdiyi də açıqlanmır. Ölkə büdcəsinin formalaşmasında keçmiş müstəmləkələrin oynadığı rol bəllidir və onların itirilməsi təhlükəsi ilə deyəsən, indiki fransız iqtidarı barışıb. Başa düşürlər ki, Malidə etirazlar, Niger, Qabonda dövlət çevrilişləri Fransaya nifrətdən irəli gəlir. Onlar artıq əvvəlki kimi idarə olunmaq istəmirlər.

Makron da çox güman ki, diplomatlara bunu yeritməyə çalışıb. Onlara yeni geosiyasi nöqtələr, ərazilər əldə etməyə çalışılmasından bəhs edib. Görünür, bu səbəbdən də diqqətini Cənubi Qafqaza yönəldib, ona görə də qatı ermənipərəst mövqedən çıxış edir. Hətta başlatdığı çirkin kampaniyaya şəhər merlərindən tutmuş deputatlara kimi hər kəsi cəlb edib. Bütün bunlar da gözlənildiyi kimi, öz fəsadlarını üzə çıxarmaqdadır.

Makronun bu uğursuzluqları da müxalifət və hakimiyyətə qarşı olan siyasi qüvvələri narahat etməyə bilməzdi və belə də olub. Onlar gözəl başa düşürlər ki, bütün uğursuzluqların səbəbkarı məhz indiki hakimiyyətdir. Keçmiş müstəmləkələrdə antifransız əhvali-ruhiyyənin artmasında günahkar kimi məhz indiki iqtidar göstərilir. Təsadüfi deyil ki, bir müddət əvvəl 100-ə yaxın senator bu narahatlığı Makrona ünvanlanan məktublarında da qeyd etmişdi. İndi isə mediada yer alan xəbərlərə görə, nə sollar, nə də sağları təmsil edən qüvvələr Makronla kompromisə getmək istəyirlər. Parlamentdə təmsil olunan bütün partiyaların liderləri ilə görüşən Fransa prezidenti onlarla müəyyən qanunların qəbulunda kompromis əldə etməyə çalışıb. Lakin bu cəhdi uğursuzluqla nəticələnib. Niyə? Səbəb də bəllidir. Bunlar həmin o deputatlardır ki, Fransanın kolonial siyasətinin uğursuzluğundan narahatlıqlarını Makrona ünvanlanan məktublarında çatdırıblar. Milyonlarla vəsaitdən məhrum olmaq onları ciddi narahat edir. Bu səbəbdən də Makronun qanun təşəbbüslərini rədd ediblər. Fransa prezidenti müzakirələrin gərgin olacağını bildiyindən onun qapalı keçməsini istəyib.

Yerli mediaya sızan xəbərlərə görə, müxtəlif siyasi qüvvələri təmsil edən qüvvələr ondan fransofobiyanın, uğursuzluqların səbəblərini soruşublar. 12 saat sürən toplantı ilə bağlı gətirdiyi arqumentlər nə solları, nə sağları qane edib. Məsələn, sağyönümlü “respublikaçı”ların lideri Erik Syotti bildirib ki, prezident kompromisin yaranması üçün onu inandıra bilməyib, ortaya heç bir tutarlı arqument qoya bilməyib. 57 yaşlı bu deputat sərt miqrasiya qanunlarının tərəfdarı kimi tanınır.

Solların təmsilçisi Manyuel Bompar isə daha sərt formada Makronu tənqid edib, onu qeyri-ciddilikdə günahlandırıb. Makron ümid edirdi ki, miqrantlara qarşı sərt tədbirlərin və qərarların qəbulunda sağ mərkəzçi qüvvələrin dəstəyini qazanacaq. Lakin Fransa rəhbərinin ümidləri puç olub. Ölkənin keçmiş müstəmləkələrindən məhrum olmaq təhlükəsi, belə görünür, bütün qüvvələri ciddi şəkildə narahat edir. Görünür, Qabonda yaşananlar isə pik həddə çatıb.

Yeri gəlmişkən, bütün bunların fonunda Makronun reytinqinin müəyyən edilməsi üzrə keçirilən sorğuların nəticələri də onun vəziyyətinin bərbad olduğunu üzə çıxarıb. Nəticə Fransa prezidentinin idarəçiliyi dövründə ən ciddi fiasko kimi dəyərləndirilir. Sorğunun yekununa görə, onun reytinqi 30 faizə kimi enib. Xarici siyasətdə uğursuzluqlara səbəb kimi isə bir neçə arqument səsləndirilib. Məsələn, prezidentliyinin ilk müddətində tək ölkəsində deyil, Avropada potensial lider kimi nəzərdən keçirilən Makron artıq Fransanı ən acınacaqlı duruma gətirib çıxarıb. Bir sıra səbəblərdən Afrikadakı keçmiş müstəmləkələrində nüfuzunu itirməsi ilə yanaşı, Fransanın iştirakı olmadan hərbi ittifaqların yaradıldığı irəli sürülür, mövqeyinin belə, nəzərə alınmadığı vurğulanır. ABŞ, Böyük Britaniya, Avstraliyanın iştirakı ilə yaradılan AUKUS da buna bariz nümunədir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir