Siyasət

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni həyat belaruslu jurnalistlərin gözü ilə – FOTO

Sharing is caring!


Belarusun sb.by agentliyinin əməkdaşları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində səfərdə olublar. Onlar səfər çərçivəsində Şuşa, Laçın, Zəngilan şəhərlərini ziyarət edib, reportaj hazırlayıblar.

Reportajdan bir hissəni sizə təqdim edirik:

Azərbaycan hökumətinin planlarına görə, Qarabağ yaşıl enerji və qabaqcıl texnologiyalar zonasına çevrilməlidir. Bunun təcrübədə necə həyata keçirildiyini görmək üçün Zəngilan rayonunun kəndlərindən birində olduq. Bölgənin kənd təsərrüfatı innovasiyalarının mərkəzinə çevriləcəyi gözlənilir.

Yeniliklərdən biri kənd kənarındakı əkin sahələrində və bağlarda suvarma sistemlərinin qurulmasıdır. Orada kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə stansiyaları da quraşdırılıb. Qəsəbənin unikallığı ondan ibarətdir ki, onun həyat təminatında Günəş enerjisi, külək enerjisi və su elektrik stansiyalarından istifadə olunacaq.

Zəngilan rayonunun Ağalı kəndi smart sistem üzrə salınıb. Və bu, məsələn, ağıllı evlə eyni şey deyil. Azərbaycan Prezidentinin Zəngilan, Qubadlı və Cəbrayıl üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı Zəka Quliyevin izah etdiyi kimi, bu konsepsiya bütün yerli resurslardan və innovativ texnologiyalardan istifadə etməklə insanların müasir həyat keyfiyyətinin təmin olunmasını nəzərdə tutur.

İlk baxışdan kəndin layihəsi Belarusun kənd təsərrüfatı şəhərciyini çox xatırladır, yalnız Azərbaycan koloritlidir. Artıq burada 200 ev tikilib, 86 ailə köçüb. Hər evdə Günəş panelləri var. Məktəb, uşaq bağçası var. Qəsəbəni daha da genişləndirmək planlaşdırılır.

Belə ağıllı kəndlərdən birində Rəhilə Almuradova ilə tanış oluruq. Müharibədən əvvəl onun işi telefon rabitəsini təmin etmək olub.

“Gözəl günlər idi. Biz burada çox xoşbəxt yaşayırdıq. Ancaq sonra müharibə başladı”, – R.Almuradova deyir.

Qadın o zaman 35 yaşında olduğunu bildirir. Ailə Araz çayını keçib İrana getməli, oradan yenidən Azərbaycana köçməli olub. Uşaqlar xilas ediliblər. Lakin könüllü kimi döyüşə gedən qardaşı müharibədə həlak olub. Onun portreti evin ən görünən yerində asılıb. Hətta 30 ildən sonra Rəhilənin ailəsi digər qohumlarının başına nə gəldiyini bilmir.

Bu gün qızı və nəvələri ilə yeni evdə yaşayır. Kənd ağıllı olsa da, Rəhilə öz sahəsində tərəvəz və meyvə yetişdirmək üçün köhnə üsullardan istifadə edir. Qadın qürurla öz bağını bizə göstərir. Və o, həqiqətən, diqqətəlayiqdir: səliqəli ləklərdə çiçəklərdən tutmuş xiyara, qarpıza qədər hər şey var.

Armudu stəkanda çaya dəvət olunduğumuz evdə qış üçün bağlanmış onlarla banka var. Ayrılanda Rəhilə bizə bağından bir torba tərəvəz verir, birlikdə şəkil çəkdiririk. Rəhilə sonra şəkilləri ona da göndərməyimizi xahiş edir. Sonda qucaqlayaraq deyir: “Biz sülh istəyirik. Müharibə bir də heç vaxt olmasın”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir