Siyasət

Elin Süleymanov: “Ermənistan və Azərbaycan üçün prioritet davamlı sülh sazişi olmalıdır”

Sharing is caring!


“Son həftələrdə çox siyasiləşmiş müzakirələr Laçın yolu məsələsini BMT Təhlükəsizlik Şurasına qədər apardı. Davam edən proseslər sadə və əsas reallığı kölgədə qoymamalıdır: Ermənistan və Azərbaycan üçün prioritet beynəlxalq hüquqa əsaslanan davamlı sülh sazişi olmalıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın “Comment Central” nəşrində dərc olunmuş “Azərbaycan və Ermənistana sülh lazımdır, teatr yox” sərlövhəli məqaləsində yazıb.

Diplomat bildirib ki, Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratmaq qərarını tənqid edənlər beynəlxalq hüquqa zidd davranırlar:

“Sovet İttifaqı dağılan kimi Ermənistan etnik cəhətdən qarışıq olan bölgəni, eləcə də ona bitişik bir neçə ərazini – ümumilikdə Azərbaycanın, demək olar ki, beşdəbirini işğal etdi. Bu proses nəticəsində orada yaşayan yüzminlərlə azərbaycanlı qovuldu. Məqsəd işğal olunmuş torpaqları Ermənistana birləşdirmək idi. Hərçənd, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi onların ərazidən dərhal çıxarılmasını tələb edirdi”.

E.Süleymanov bildirib ki, otuz ildən sonra, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa edib:

“44 günlük müharibədən sonra Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci ilin noyabrında imzaladıqları birgə razılaşmaya əsasən, Rusiyanın məhdud sayda sülhməramlı kontingenti müvəqqəti olaraq Qarabağda yerləşdirilib. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın suveren hissəsi kimi tanıdığını açıq şəkildə bəyan edib. Sülh müqaviləsi sərhədlərin qarşılıqlı tanınması və delimitasiyası ilə bağlı olacaq. Güclü sərhəd nəzarəti rejiminin yaradılması prosesin əvəzsiz hissəsidir”.

Səfirin sözlərinə görə, digər qonşu ölkələr kimi, Ermənistanla da konkret sərhədlər olmalıdır:

“Bu o demək deyil ki, sülh asan olacaq. 30 il ayrı yaşadıqdan sonra regionun Azərbaycana reinteqrasiyası səbir tələb edəcək. Azərbaycanlı qaçqınların vətənə qayıtması, mina probleminin həlli xeyli vaxt alacaq. Amma hər iki dövlət dinc, firavan Cənubi Qafqazın qurulmasına diqqət yetirsə, gələcək əməkdaşlıq mühiti formalaşa bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir