Siyasət

Separatçıların sonu yaxınlaşır: Arayik qaçır – ŞƏRH + FOTO

Sharing is caring!


Qarabağdakı separatçı rejimin tör-töküntüləri sentyabrın 2-də “müstəqillik günü” keçirib bununla gündəmə gəlməyə çalışırlar. BMT Təhlükəsizlik Şurasında (TŞ) son uğursuzluqdan sonra havadarlarının köməyi ilə diqqət cəlb etməyə çalışılsa da, bu cəhdin də uğurlu olacağına inamları qalmayıb. Lakin məsələ ondadır ki, separatçılar arasında gərginlik artıb. Ermənistan kütləvi informasiya vasitələrində yayılan çoxsaylı məlumatlar da bunu deməyə əsas verir.

Ermənistan mediası yazır ki, qondarma quruma rəhbərlik edən Arayik Arutyunyanın “vəzifə”sindən istefa edəcəyi xəbərləri fonunda siyasi gərginlik yaşanır. Düzdür, Arayik “istefa” vermək fikrində olmadığını deyib. Lakin bu məsələnin yenidən gündəmə gələcəyi istisna edilmir.

Məsələ ondadır ki, Arayikin “istefa” xəbərini ilk olaraq qondarma qurumun “dövlət naziri” postunda çalışmış Ruben Vardanyan ortaya atıb. Bu da təsadüfi deyil. Kreml nəyin bahasına olursa-olsun Vardanyanı Qarabağa gətirməklə onun Arutyunyanla əvəzlənməsinə çalışır. Kreml bir il öncə bütün təbliğat maşınını işə salaraq Vardanyanın piar kampaniyasına başlasa da, rəsmi Bakının müqaviməti ilə üzləşdiyindən planından müvəqqəti imtina etdi. Rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq, o, Qarabağa tamamilə yad ünsürdür.

İndi də özünü unutdurmamağa çalışan Vardanyan Arutyunyanı hədəf götürüb. Maraqlı olan həm də budur ki, əgər əvvəl Arayikin adını açıq formada çəkmirdisə, indi bunu edir, hətta ağır sözlərlə ona qarşı ittiham səsləndirir. Onu vədini yerinə yetirməməkdə, cəmiyyəti aldatmaqda günahlandırır. O, Arutyunyanı bütün qırmızı çizgiləri aşmaqda ittiham edib. “Qarabağ erməniləri səndən hesabat tələb edəcəklər və mən də onları dəstəkləyəcəyəm”, – deyə vurğulayıb. Dərhal erməni mediası bununla da Vardanyanın faktiki Arayik Arutyunyana ultimatum elan etdiyi fikrini tirajlamağa başlayıb. İstefa verməyəcəyi təqdirdə onu buna məcbur edəcəklərini bəyan edən Vardanyan separatçıların “lideri”nə qarşı təzyiqi artıracağını vurğulayıb.

Yeri gəlmişkən, siyasi gərginliyin hərbi gərginliyə keçəcəyi də istisna edilmir. Elə qondarma qurumun parlamentinə bu yaxınlarda bir qrup hərbi geyimli şəxsin soxulması barədə xəbərlər də bunu deməyə əsas verir. Məlum olub ki, separatçıların hərbi dəstəsinin komandiri Karen Matevosyan bir dəstə silahdaşı ilə birlikdə binaya daxil olaraq “parlament”in yeni seçilmiş “rəhbər”i David İşxanyandan “prezident” Arayik Arutyunyanı təhqir etdiyinə görə hesabat tələb ediblər.

İş o yerə çatıb ki, Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan da gərginliyin olduğunu etiraf edib. Vəziyyəti təhlükəli adlandıraraq “hər şey Qarabağın təhvil verilməsinə yönəlib” deyib. Erməni deputat istisna etmir ki, Arayik, həqiqətən də, istefaya hazır olub. Lakin son anda onu fikrindən daşınmağa məcbur edə biliblər. Hesab edilib ki, indiki mərhələdə bu qərar ağır nəticələrə gətirib çıxara bilər. Erməni deputatın qənaətincə, Arutyunyan Paşinyana Qarabağın Azərbaycan ərazisi kimi tanınması prosesini sona çatdırmaq üçün lazımdır. İddia edilir ki, separatçıların lideri, sadəcə, bu prosesdə qurban olmasını istəmir.

Ermənistanın “Azad Vətəndaş” partiyasının rəhbəri Hovsep Xurşudyan isə hesab edir ki, Rusiya Arutyunyanın “istefası” ilə Qarabağda tam nəzarəti bərqərar etməyə çalışır. Xurşudyanın sözlərinə görə, dünya Qarabağın mövcud olub-olmadığını anlamağa çalışır. “Lavrovun üçüncü planı”nın mövcudluğu Arayiki vədindən dönməyə məcbur edib. Rusiya özünün etibarlı şəxsləri Ruben Vardanyan və Mika Badalyanlar kimi şəxslər vasitəsilə Arutyunyanın “istefası”na nail olmağa çalışır”, – deyə o əlavə edib.

“Hraparak” nəşri isə maraqlı bir versiya səsləndirib və iddia edir ki, baş nazir Nikol Paşinyan Rusiya sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir.

Bütün bunlardan bir nəticəyə gəlmək olar. Birincisi, separatçılar öz taleləri ilə barışıblar. Baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması, ardınca bölgədəki Rusiya pasportu daşıyan şəxslərin köçü insanlar arasında pessimizm əhvali-ruhiyyəsini gücləndirib. BMT TŞ-də son uğursuzluq isə beynəlxalq dəstəyə olan ümidləri puç edib.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir