Siyasət

Bakı və Kiyevdəki hərbi parada fərqli yanaşma: İkili standartlar, qərəzli mövqe – ŞƏRH + FOTO

Sharing is caring!


Dünya hərb tarixinə yazılan 44 günlük müharibə müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunu ortaya qoydu. Reallıq odur ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə qələbə qazanan şanlı Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Sözsüz ki, bu tarixi qələbənin yekunu olaraq Bakıda keçirilən hərbi parad, qələbədəki nailiyyətlərimizin əks olunduğunu göstərən Hərbi Qənimətlər Parkının yaradılması Azərbaycan Ordusunun tarixi uğurunun göstəricisi idi.

Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı, qazanılan tarixi zəfəri nümayiş etdirən açıq havadakı bu muzeyin yaradılması Prezident İlham Əliyevin mühüm sərəncamlarından biri idi. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, onlarla hərbi texnikalar, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları və s. var.

 

Maraqlısı budur ki, həmin park açılandan sonra beynəlxalq aləmdə, mediada Azərbaycana qarşı haqsız ittihamlar səsləndirildi. Dünyanın bir çox ölkələrində qələbə muzeyləri olsa da, Azərbaycanın bu təşəbbüsü tənqidlə və insan hüquqlarına zidd kimi qələmə verildi. Bu məsələdə də ölkəmizə qarşı bir növ ikili standartlardan yanaşıldı. Uzağa getməyək, postsovet məkanında iki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsini götürək. Onminlərlə insanın həlak olduğu, ev-eşiyindən didərgin düşdüyü, ən müasir silahların tətbiq olunduğu müharibə hələ də davam edir. Ukrayna xalqı torpaqlarının azad olunması üçün ölüm-dirim mübarizəsi aparır. Qərbin dəstəyi ilə Rusiya kimi fövqəldövlətlə mübarizə aparır. Təsadüfi deyil ki, bu həftə insanların döyüş ruhunun artırılması məqsədilə məhz Ukraynada, Kiyev küçələrində müharibədə məhv edilən Rusiya hərbi texnikasının nümayişi keçirilir. Avqustun 24-də isə Ukraynanın Müstəqillik Günü ərəfəsində bu nümayişin daha təntənəli olacağı gözlənilir. Bu müddətdə cəbhədə məhv edilmiş Rusiya hərbi texnikaları da paytaxt küçələrinə çıxarılacaq.

Kiyev sakinləri də müsahibələrində bildirirlər ki, hər gün böyük ağrılar yaşayırlar. Onlar “Bu texnikalara baxan bütün ukraynalılar Allaha dua etsinlər və müstəqil dövlət olacaqlarını bilsinlər”, “Ukraynalı olduğumuz üçün fəxr edirik” kimi fikirlər səsləndirirlər.

 

Bəli, həqiqətən də, fəxr ediləsi bir məqamdır. Beynəlxalq ictimaiyyət tərəfindən də Ukraynanın bu tip aksiyalar keçirməyə haqqı olduğu irəli sürülür. Lakin ortaya suallar çıxır. Necə olur ki, Azərbaycan belə bir mərasimi keçirəndə dərhal beynəlxalq hüquq yada düşür? Bu kimi tədbirlərin beynəlxalq hüquq normalarına zidd olduğu iddiası ortalığa atılır?!

Bu bir faktdır ki, Ermənistanla münasibətdə Azərbaycana qarşı daim ikili yanaşma, ikili standartlar sərgilənib. Azərbaycanın torpaqları 30 il işğal altında qaldı, yüz minlərlə insan ev-eşiyindən didərgin düşsə də, bütün bunlar qulaqardına vuruldu. Nəticə etibarı ilə ukraynalı qaçqınlara göstərilən qayğını da gördük, azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərilməyən diqqəti də… BMT Təhlükəsizlik Şurasında Ermənistanın Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı beş qətnamə qəbul edildi, lakin yerinə yetirilmədi. Ermənistana qarşı heç bir təzyiq maşını işə salınmadı. Rusiyanı isə dərhal işğalçı kimi qəbul edərək ona qarşı onlarla sanksiya paketi qəbul edildi. Bütün beynəlxalq birlik Rusiyaya qarşı bir cəbhədə birləşdi, bu gün də Ukraynanın ərazi bütövlüyünün bərpasına çalışırlar.

 

Digər bir məqam – Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda bütün dünya ayağa qalxdı – təcavüzkar dura-dura təcavüzə məruz qalan ölkəmiz sanksiyalarla hədələndi. Hətta bölgədə sülhü təmin etməli olan keçmiş Minsk qrupunun həmsədri olan Fransa birmənalı şəkildə təcavüzkarı müdafiə etdi.

Azərbaycan ikili yanaşmanı tək Ukrayna məsələsində deyil, Gürcüstanla da bağlı gördü. 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu zamanı Qərb eyni yanaşmanı sərgilədi və genişmiqyaslı sanksiyalar paketi tətbiq edildi və Gürcüstan torpaqlarında yaradılan separatçı rejimlərə qarşı barışmaz mövqe tutdular.

Beləliklə, Qərbin Kiyevdə nümayiş olunan hərbi qənimətlərlə bağlı bugünkü mövqeyi onun yenə də ikili standart siyasətindən əl çəkmədiyini göstərir. Yuxarıda sadalanan bütün faktlar bir daha onu deməyə əsas verir ki, beynəlxalq aləmdə, siyasətdə ədalət, haqq yoxdur və daha çox ikili yanaşmalar üstünlük təşkil edir. Bir sözlə, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmur, əsas məsələ mənafelər və tərəflərin kimliyidir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir