Siyasət

“BMT-də bu dəfə rəsmi Parisin də ümidləri boşa çıxdı” – ŞƏRH + FOTO

Sharing is caring!


“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Ermənistanın təşəbbüsü ilə keçirilən müzakirələr onların növbəti iflası ilə nəticələndi. Müzakirələrin sonunda nəinki hansısa bir qətnamə qəbul edilmədi, hətta heç bir bəyanat olmadı. Adətən, BMT təcrübəsində Təhlükəsizlik Şurasının müzakirələrindən sonra, heç olmasa, bəyanatın qəbul edilməsi baş verirdi. İndi isə heç kim Ermənistanın tərəfində durmaq istəmədi”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev deyib. Onun fikrincə, Ermənistana təsəlli vermək üçün bəzi ölkələrin nümayəndələri Laçın yolunun açılmasının önəmini qeyd etsələr də, Qarabağın və Laçın yolunun Azərbaycanın suveren ərazisi olduğu vurğulandı:

“Birmənalı şəkildə çıxışların heç birində Azərbaycanın ərazi bütövlüyünə qarşı məqam yox idi. Təbii ki, bu müzakirələrin təşəbbüskarlarından biri Fransa idi. Fransa ümidlər bəsləyirdi, çünki Ermənistana hər yerdə dəstək verir. Bu dəfə rəsmi Parisin də ümidi boşa çıxdı.

Xüsusilə qeyd etmək lazımdır ki, Rusiya nümayəndəsinin çıxışında məsələnin hüquqi çərçivədə, Azərbaycanın daxili hüquqları əsasında həll edilməli olduğu vurğulandı. Bu, çox önəmli açıqlamadır. Digər ölkələrin nümayəndələri də demək olar ki, sırf hüquqi, leqal baxımından ölkəmizin maraqlarına, suverenliyi, ərazi bütövlüyünə qarşı fikirlər səsləndirmədilər”.

Tural Gəncəliyevin fikrincə, bundan sonra Ağdam-Xankəndi yolunun açılması və oradan ermənilərin istifadə etməsi qaçılmazdır:

“Necə ki, biz bunu təklif etmişik. Hətta BMT-də də bəzi ölkələrin nümayəndələri Ağdam-Xankəndi yolunun istifadəsi haqqında məqamı qeyd etmişdilər. Bu da çox önəmlidir. Bütün dünya görür ki, biz bu yolu tikib, hazır durumda ermənilərə təqdim edirik. Bu yolun açılmasına isə yalnız Qarabağda yaşayan o separatçı təfəkkürə malik ermənilər əngəl törədirlər. Hesab edirəm ki, bundan sonra Ağdam-Xankəndi yolu istifadə ediləcək.

Haqq, ədalət, hüquq, siyasi, hətta mənəvi cəhətlər – hamısı bizim tərəfimizdə olduğuna görə BMT-nin Təhlükəsizlik Şurası da heç bir sənəd, bəyanat qəbul etmədi. Çünki bu, BMT-nin öz prinsiplərinə, nizamnaməsinə zidd olardı.

Nəticə olaraq, Təhlükəsizlik Şurasındakı müzakirələr yalnız danışıq xatirinə danışıqlar kimi nəticəsiz bitdi, heç bir nəticəsi olmadı”.

Qeyd edək ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib. İclasda Azərbaycanın haqlı olduğu bir daha sübut olunub və Ermənistanın iddiaları puç olub.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir