Siyasət

Rusiyalı politoloq: “Azərbaycanın öz əraziləri üzərində konstitusiya nəzarətinin tam bərpası həll olunub”

Sharing is caring!


“Rusiya üçün Azərbaycan və Ermənistanla münasibətlər formal olaraq eyni əhəmiyyətə malikdir. Amma Rusiyanın diplomatik xətti getdikcə daha çox Azərbaycana meyl edir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, politoloq Aleksey Naumov deyib.

Ekspert vurğulayıb ki, Azərbaycan proqnozlaşdırılabilən, müstəqil siyasət aparmağa qadir olan suveren dövlətdir:

“Bakı hansısa iqtisadi üstünlüklər əldə etmək üçün öz müstəqilliyi ilə alver etməyə, nəyəsə nail olmaq üçün müxtəlif beynəlxalq qüvvələri regiona cəlb etməyə çalışmır. Həmçinin iki lider – İlham Əliyevlə Vladimir Putin arasında olan yaxşı münasibətlər amili də var”.

A.Naumov BMT Təhlükəsizlik Şurasının son iclası zamanı Avropa ölkələrinin, ABŞ-nin, həmçinin Rusiya tərəfinin sərgilədiyi mövqelərə də münasibət bildirib.

“Mən düşünürəm ki, Azərbaycan çətin ki, danışıqlar üçün Avropa meydançasına nümayişkaranə şəkildə məhəl qoymasın, axı Bakı “emosiya diplomatiyası” aparmır. Lakin təbii ki, hamıya hər şey aydındır. Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının iclasında özünü gözdən salıb və bununla da Brüssel meydançasının dəyəri heçə endirilib. Amma ABŞ platformasının dəyəri qalır, mən hesab etmirəm ki, amerikalıları siyahıdan silmək və ABŞ-nin müasir dünya siyasətindəki rolunu aşağı endirmək lazımdır. Amma bu arada, mən hesab edirəm ki, Rusiya üçün Cənubi Qafqazdakı vəziyyət onun öz təhlükəsizliyi və sabitliyi məsələsidir. Hesab edirəm ki, Rusiya Federasiyasının Cənubi Qafqazın problemlərini dinləyən ən təsirli ölkə olmasına ehtiyac var. Bu isə böyük məsuliyyətdir, Moskva atdığı addımları ölçüb-biçməli və real nizamlanma prosesinə yönəlməlidir. Mən inanmaq istəyirəm ki, Rusiyanın danışıqlar meydançası birinci plana keçəcək. Dmitri Polyanskinin BMT Təhlükəsizlik Şurasındakı bəyanatları Rusiyanın danışıqlar platformasında mövqeyini yenidən əhəmiyyətli edir.  

A.Naumov Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri – Denis Qonçarın və Aleksey Zaitsevin “Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına tələsməyə ehtiyac yoxdur” bəyanatlarına da münasibət bildirib.

Xatırladaq ki, rusiyalı rəsmilərin sözügedən istiqamətdə açıqlamaları rəsmi Bakı tərəfindən mənfi qarşılanmışdı. Azərbaycan cəmiyyəti isə nizamlanmanın ləngiməsinə razı deyil.

“Mən Rusiya hökumətinin nümayəndəsi deyiləm. Amma hesab edirəm ki, sülhməramlı missiyaya hər iki tərəfin anlayış və etimad göstərməsi vacibdir. Rusiya tərəfi Ermənistan tərəfinin narahatlığını və tələblərini nəzərə almağa məcburdur. Moskva birmənalı olaraq Bakının ədalətli və məntiqli tələblərini dəstəkləyərək Azərbaycanın tərəfinə keçə bilməz. Lakin BMT Təhlükəsizlik Şurasının iclasında mühüm irəliləyiş əldə edildi. Bununla belə, Rusiya, təkrar edirəm, üçtərəfli sazişin tərəfləri arasında balansı saxlamağa məcburdur. Ona görə bəzən müəyyən addımlar ataraq Ermənistana mesaj ötürülür ki, o da unudulmayıb. Amma hesab edirəm ki, bunlar əsasən formal məsələlərdir, əslində Rusiya ədalətin kimin tərəfində olduğunu və sülhə kimin təşəbbüs göstərdiyini, hansı tərəfin isə təxribatçı təşəbbüslərdə bulunduğunu başa düşür. Mən hörmətli azərbaycanlı həmkarları və dostları təfərrüata deyil, getdikcə daha aydınlaşacaq ümumi mənzərəyə baxmağa çağırıram. Bakının bütün Azərbaycan əraziləri üzərində konstitusiya nəzarətinin bərpası artıq həll olunmuş və yaxın gələcəyin işidir”, – deyə rusiyalı ekspert fikrini tamamlayıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir