Siyasət

“Qarabağdakı ermənilər Azərbaycan qanunlarını qəbul etməyi mütləq düşünməlidirlər” – ŞƏRH + FOTO

Sharing is caring!


“Ermənistan növbəti dəfə dünyanın gözü önündə təkcə məğlub olmadı, həm də biabır oldu. Amma ermənilər tarix boyu elə bir millətdir ki, onların utanan sifəti yoxdur. Onlar belə fikirləşirlər ki, gözyaşı tökməklə özlərinə havadarlar toplayarlar. Topladıqları həmin havadarlar isə onların həmişə nahaq işlərini müdafiə edər”.

Bu fikirləri Oxu.Az-a Ermənistanın iddialarının Birləşmiş Millətlər Təşkilatında müzakirələr zaman iflasa uğraması haqqında danışarkən Milli Məclisin deputatı Anar İsgəndərli deyib. O qeyd edib ki, ermənilərin BMT-nin dəstəyini qazanmaq cəhdi növbəti uğursuz ssenarilərdən biri idi:

“Ermənilərə sual etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın torpaqlarının işğalı ilə əlaqədar dörd qətnaməsini niyə yerinə yetirmirdilər? Ermənilər nə vaxt BMT qətnamələrinə hörmətlə yanaşa bildilər ki, indi Təhlükəsizlik Şurasına yalvarmağa özlərində haqq görürlər?

Xankəndidə, doğrudan da, humanitar fəlakət varsa, Azərbaycan humanitar məhsulları Xankəndiyə daşımaq üçün yol göstərir. Ermənilər o yoldan imtina edirlər. Ac, çarəsiz qalan insan belə bir fürsətdən imtina edərmi? Təbii ki, xeyr!

Bu o deməkdir ki, baş verənlər Ermənistanın növbəti siyasi gedişidir. Bu, qəbuledilməzdir. Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan Ordusu 1990-cı illərin ordusu deyil, Ali Baş Komandanımız ölkənin məğrur lideridir. Azərbaycan dünyada böyük nüfuza sahib dövlətlərdən biridir. Bu gün xalq və iqtidar birdir və bu birlik 44 günlük müharibədə düşməni darmadağın etdi.

Bu gün Azərbaycan Ermənistana sülh təklif edir. İstəyirik ki, həm Azərbaycan, həm Ermənistan bir-birinin ərazi bütövlüyünü tanısın. Bütün bunların müqabilində Ermənistanın baş naziri aktyor kimi oyun oynayır. Bir tərəfdən, deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağ Azərbaycandır, digər tərəfdən, Qarabağla bağlı “tamaşa” göstərir, yalvarır, ya da hədə-qorxu gəlir. Ermənistan Xankəndi sakinlərinin acından öldüyünü dediyi vaxtda Qarabağdakı qanunsuz silahlı dəstələri silahlandırır. Bir tərəfdə guya sülhdən danışan ermənilər, o biri tərəfdən iki qonşu dövlət arasında səmimi münasibət yaratmaq istəyən Azərbaycana quldur dəstələri göndərir, terrorçuluqla məşğul olurlar. Dünən həmin təxribatçı qrupun üzvlərindən biri tutuldu, istintaq gedir. Bütün bunlar göstərir ki, Ermənistan məğlub dövlət olduğunu özü də bilir, amma işğalçı olduğunu qəbul etmək əvəzinə, yazıq cildinə girir”.

Anar İsgəndərlinin sözlərinə görə, 30 il ərzində Azərbaycan torpaqları işğal altında qaldı və dünya işğal edənlə işğala məruz qalan arasında fərq görmədi:

“Ancaq bu gün bütün beynəlxalq təşkilatlar, dövlətlər bu fərqi görməlidirlər. Çünki indi qalib Azərbaycan var. Azərbaycanın uğrunda mübarizə apardığı torpaqları üçün şəhid olan üç mindən artıq insan var. Bütün bunlar dövlətimizin sona qədər mübarizə aparmasına stimul verir. Biz Qarabağdakı erməniəsilli vətəndaşlarımıza müraciət edərək bildirmişik ki, Azərbaycan qanunlarını qəbul edərək, rahat, yaxşı yaşaya bilərlər. Azərbaycan Konstitusiyası onlara hər cür hüquq və səlahiyyətlər verir. Ancaq onlar bu hüquq və səlahiyyətləri deyil, separatçı, işğalçı mövqeyi seçəcəklərsə, yolları açıqdır. Ümid edirəm, ermənilər bütün bunları yenidən fikirləşəcəklər”.

Qeyd edək ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib. İclasda Azərbaycanın haqlı olduğu bir daha sübut olunub və Ermənistanın iddiaları puç olub.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir