Siyasət

“Ermənistanın xarici siyasətinin uğursuz tezislər üzərində qurulduğu bir daha sübut edildi” – ŞƏRH + FOTO

Sharing is caring!


“Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələr bir daha təsdiq etdi ki, Ermənistanın “blokada” ilə bağlı iddialarının heç bir əsası yoxdur. Bu müzakirələr Azərbaycan diplomatiyasının növbəti uğuru olmaqla yanaşı, regionda sülhün alternativsiz olduğuna, beynəlxalq ictimaiyyətin dialoq və danışıqlar tərəfdarı kimi çıxış etdiyinə dair aydın mesajlar verdi”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Millət vəkili vurğulayıb ki, Ermənistanın və onu dəstəkləyən Fransanın gözləntilərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycana qarşı heç bir qərar qəbul olunmadı. Çünki Azərbaycan həmişə olduğu kimi öz siyasətini beynəlxalq hüququn prinsipləri əsasında qurub:

“Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu daxil olmaqla, Qarabağ iqtisadi rayonuna yüklərin çatdırılması üçün alternativ marşrutların açıq olmasını faktlarla sübut edə bildi. BMT Təhlükəsizlik Şurası kimi ali bir orqanı öz siyasi maraqlarına alət etmək cəhdləri hesab edirəm ki, Ermənistanın xarici siyasətinin nə qədər uğursuz tezislər üzərində qurulduğuna daha bir sübutdur. Azərbaycan regionda davamlı sülhün təmin olunması, qarşılıqlı etimadın gücləndirilməsi üçün beynəlxalq hüquqa istinad edən təkliflərlə çıxış edir. Ermənistan isə bütün vasitələrdən istifadə edərək, vəziyyəti gərginləşdirməyə, münasibətlərin normallaşması istiqamətində danışıqları pozmağa çalışır. Sülh indi nəinki Azərbaycana, bütün Cənubi Qafqaza lazımdır, lakin Ermənistan üçün bu daha vacibdir. Sadəcə bu ölkənin rəhbərliyi beynəlxalq münasibətlərin indiki konfiqurasiyasını, mövcud iqtisadi, siyasi və diplomatik imkanları hələ də düzgün qiymətləndirə bilmir”.

Millət vəkili R.Məmmədov qeyd edib ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin reinteqrasiyası üçün Azərbaycan dövləti Konstitusiya çərçivəsində bütün zəruri şərtləri təmin etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Lakin keçmişdən qopa bilməmək, tarixin yaşatdığı təcrübələrdən nəticə çıxarmamaq artıq Ermənistan siyasi elitasının vərdişinə çevrilib:

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyası qaçılmazdır. Bu, bütün regionda sülhə, sabitliyə nail olmağın ən vacib elementlərindən biridir. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan iki dəfə dialoq təşəbbüsü ilə çıxış edib. Üçüncü təklif olmayacaq. Bunu başa düşmək, reallıqları anlamaq, keçmişlə yaşamaq əvəzinə gələcək barədə düşünmək lazımdır. Azərbaycanla hədə və təzyiq üsulları ilə danışmağın səmərəsiz olduğunu yaxın tariximiz dəfələrlə sübut edib. Bizim güclü dövlətimiz, müdrik liderimiz, perspektivlə bağlı çox aydın strategiyamız var. Ermənistan bir dövlət üçün vacib olan bütün bu imkanlardan məhrumdur və daha böyük məhrumiyyətlərlə üzləşməmək üçün reallıqları obyektiv qiymətləndirməyə cəhd göstərməlidir”.

Xatırladaq ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib. İclasda Azərbaycanın haqlı olduğu bir daha sübut olunub və Ermənistanın iddiaları puç olub.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir