Siyasət

“Qarabağın Azərbaycan torpağı olduğunu anlatmaq üçün daha təsirli addımlar atmaq lazım gələcək” – ŞƏRH + FOTO

Sharing is caring!


“BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı dinləmə mənə ötən əsrin 90-cı illərinin əvvəlində, hələ SSRİ-nin dağılmadığı dönəmdəki vəziyyəti xatırlatdı. Daha dəqiqi ABŞ və Rusiya təmsilçilərinin çıxışları belə təəssürat yaradırdı”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Rusiya təmsilçisinin adının önünə öz uydurmaları olan bir söz artırdıqları Qarabağı, daha dəqiqi onun haydillilərlə haylar yaşayan hissəsini məhz Ermənistan rəhbərliyinin açıqlamalarına dayanaraq Azərbaycan torpağı olaraq tanıdıqlarını dilə gətirməsi düşündürücüdür:

“Beynəlxalq normaların Moskva üçün heç bir anlam daşımadığı aydındır, sadəcə o aydın deyil ki, Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu deməsinə oradakılar sevinir, yoxsa kədərlənir. Bütün hallarda Kremldəkilərin hərəkətləri Qorbaçovun o zamankı vurnuxmalarına bənzəyir. Amma bu vurnuxma onlara yenə də baha başa gələ bilər. Çünki ötən əsrin sonlarında Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasındakı qarşıdurmadan necə SSRİ-nin dağılması üçün faydalanmışdısa, ABŞ-nin indi də ondan Rusiyanı regiondan vurub çıxarmaq məqsədilə istifadə etməyə çalışdığı açıq-aydın görünür. Dünənki dinləmədə belə bu, hiss olunurdu.

Detallara varmadan deyək ki, Birləşmiş Ştatların təmsilçisi bir sıra hallarda özünü BMT kürsüsündə deyil, Kaliforniyada seçkiqabağı kampaniyada çıxış edirmiş kimi aparırdı. Belə görünür ki, Qarabağın Azərbaycan torpağı olduğunu, bunu görməzdən gələnlərə anlatmaq üçün çox qısa zamanda daha təsirli addımlar atmaq lazım gələcək. ABŞ təmsilçisinin Azərbaycanla Ermənistana Qarabağla bağlı “uzunmüddətli danışıqlar” təklif etməsi isə bəziləri kimi Vaşinqtonun da regionda sülhdən daha çox qarşıdurmanın qalmasında maraqlı olduğunu göstərməkdən başqa heç bir anlam daşımır”.

Deputat vurğulayıb ki, ümumilikdə, dünənki dinləmə bəzi böyük və Fransa kimi içindən böyüklük keçən, yaxud da özünü belə görən dövlətlərin Qarabağa yanaşmalarının elə də dəyişmədiyini, oradakı etnik azlıqdan geosiyasi məqsədləri üçün faydalanmağa çalışdıqlarını bütün çılpaqlığı ilə üzə çıxardı:

“Bununla yanaşı, elələrinin alətinə çevrilənlərin gözləntiləri özünü doğrultmadı. Guya hayların hallarına acıdıqlarını deyənlər oldu, amma onlar arzuladıqları və vəd olunan qətnaməni əldə edə bilmədilər. Niyə? Ona görə ki, qarşılarındakı ötən əsrin sonlarındakı Azərbaycan deyil.

Ermənistanın növbəti dəfə belə rəzil duruma düşməsi məncə, təkcə diplomatiyamızın uğuru sayılmamalıdır, bu, bütövlükdə Azərbaycan dövlətinin adına yazılmalıdır. Dinləmədən əvvəl güc strukturlarımızın Qarabağdakı terrorçu yığnaqlarıyla bağlı ortaya qoyduqları faktlar, ələ keçirilən hay diversantı, şərti sərhəddə və Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi torpaqlarımızda baş verənlər unudulmamalıdır.

Sonda BMT Təhlükəsizlik Şurasındakıların, o sıradan da hayların diqqətini Azərbaycan Xarici İşlər Nazirliyinin dünənki toplantının yekunlarıyla bağlı bəyanatındakı “suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda əzimliyik” cümləsinə yönəltmək istərdim. Anlamayanların, ilk növbədə də düşmənlərimizin bunun nə demək olduğunu bilmələri üçün fikrimcə, elə də çox gözləmək lazım gəlməyəcək”.

Qeyd edək ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirib. İclasda Azərbaycanın haqlı olduğu bir daha sübut olunub və Ermənistanın iddiaları öz əksini tapmayıb.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir