Siyasət

“Bayden Administrasiyası yenə ikili oyun oynayır, Azərbaycana təzyiqə cəhd göstərir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Vaşinqton Post” qəzetinin davamlı və sistemli olaraq, Azərbaycana qarşı əsassız iddialarla çıxış etməsi və altı gün ərzində ölkəmizin əleyhinə birtərəfli qaydada üç məqalə yayımlaması jurnalistikanın prinsiplərinə, peşə etikasına zidd olmaqla yanaşı, həm də sözügedən media resursunun siyasi sifarişlərin icrası ilə məşğul olan təbliğat maşını olduğunu təsdiqləyir”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib.

O qeyd edib ki, nəinki dünya, hətta regional gündəm üçün əhəmiyyət daşımayan və Ermənistanın, Azərbaycan ərazisindəki separatçıların təxribatlarından qaynaqlanan “humanitar yük” şousuna xüsusi diqqət yetirən “Vaşinqton Post” nədənsə dünyanın müxtəlif bölgələrində, o cümlədən Ukraynada, Afrikada baş verən və qlobal geosiyasi proseslərə birbaşa təsir göstərən hadisələrə bir o qədər də önəm vermir:

“Vaşinqton Post” qəzetində çalışan, erməniəsilli və ultramillətçi erməni təşkilatları ilə sıx əlaqədə olan, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı, artıq  uzun illərdir ki, müxtəlif yazılar yazan, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə buraya qanunsuz səfər edən David İqnatiusun mətbuat orqanında konkret tərəfin mövqeyinin dəstəkçisi kimi çıxış etməsinə imkan yaradılması isə, Birləşmiş Ştatların siyasi dairələrində söz və ifadə azadlığının terrora, işğala, vandalizmə haqq qazandırılması kimi qəbul olunduğunu nümayiş etdirir.

“Vaşinqton Post”un  ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanı missiyasını yerinə yetirməsi belə düşünməyə əsas verir ki, bir tərəfdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində neytral mövqe tutduğunu bəyan edən Bayden Administrasiyası, yenə də ikili oyun oynayır və erməni yalanlarına söykənən saxta məlumatlarla beynəlxalq ictimai rəyi Ermənistanın xeyrinə dəyişməyə, Azərbaycana təzyiq etməyə cəhdlər göstərir.

“Vaşinqton Post”da davamlı olaraq yayımlanan qərəzli və birtərəfli yazılar Birləşmiş Ştatların normallaşma prosesindəki neytrallığını, bütövlükdə isə rolunu tamamilə şübhə altına alır. Bu isə son nəticədə Vaşinqton prosesinə olan etimadı aradan qaldırır, danışıqlar prosesinin dalana dirənməsinə və təbii ki, qarşıdurmaya xidmət edir”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir