Siyasət

“FETÖ-nün Azərbaycana uzanan qolları hələ tam kəsilməyib” – ŞƏRH + FOTO

Sharing is caring!


“Azərbaycanın artan gücü, regionda lider ölkə olması, Türkiyə ilə birlikdə hərəkət etməsi artıq bir çox dövlətləri, müxtəlif qüvvələri və qurumları narahat edir. Beləliklə, onlar öz təbliğat maşınlarını, emissarlarını total formada Azərbaycanın üzərinə salmağa çalışırlar”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İsgəndərov deyib. 

O qeyd edib ki, Türkiyənin tarixində bir çox zərərli qruplaşmaların fəaliyyəti, terrorlar, çevrilişlər olub və son illər Rəcəb Tayyib Ərdoğanın güclü Türkiyə qurması, artıq regionda güc sahibi olması, qlobal anlamda güclü dövlət kimi qəbul edilməsi həmin qüvvələri hərəkətə gətirdi:

“Nəticədə, FETÖ qruplaşması ortaya atıldı, Türkiyədə dövlət çevrilişinə cəhd, İslam dövlətinin qurulması üçün böyük maliyyə ayrıldı, dövlət vəzifələrinə xüsusi insanların yerləşdirilməsi və bu yolla hakimiyyəti ələ keçirmək istəkləri baş qaldırdı. Türkiyə xalqının və ölkə rəhbərinin iradəsi ilə bütün bunların qarşısı alınsa da, həmin FETÖ qruplaşması yenə də fəaliyyətdədir. Hələ də, bu və ya digər formada həm Türkiyənin, həm Azərbaycanın işlərinə qarışmağa, müxtəlif təxribatlar törətməyə cəhd edir, xüsusən də son zamanlar Azərbaycandan olan emissarlarını ölkəmizdə dövriyyəyə buraxır. Bu insanlara maliyyə ayrılması, müxtəlif dəstəklərin verilməsi ilə Azərbaycan əleyhinə təbliğata yönəldilməsi, onların da dövləti sarsıtmağa cəhdlərini və sair hərəkətlərini görürük. Qubad İbadoğlu, belə deyək, “professor” Azərbaycana gələndə FETÖ ilə əlaqələri üzə çıxdı, nəticədə onunla bərabər Fazil Qasımov və digərləri də ifşa olundular. Təbii ki, hüquq-mühafizə orqanları, istintaq bütün bu məsələləri dərin araşdıracaq və bu işə hüquqi qiymət veriləcək”.

Deputat V.İsgəndərovun fikrincə, əsas məsələ, bu şəxslərin öz niyyətləri və əməlləri ilə güclü Azərbaycanı, bölgənin lideri olan ölkəmizi 1990-cı illərin əvvəllərinə qaytarmaq niyyətidir. Millət vəkilinin sözlərinə görə, bütün bunların qarşısı qətiyyətlə alınmalıdır:

“Hazırda müvafiq orqanlar bu məsələdə çevik hərəkət edirlər. FETÖ-nün uzanan qolları hələ kəsilməyib. Bütün təxribatların qarşısını almaq üçün istintaq daha dərin araşdırma aparmalıdır. Düşünürəm ki, hələ də azadlıqda qalan, amma FETÖ ilə bağlı olan insanlar mövcuddur. Hər biri tapılmalı və qanun qarşısında cavab verməlidirlər. Belə insanlar anlamalıdırlar ki, hazırda Azərbaycanın düşmənlərinin sayı az deyil. Erməni kimi nanəcib qonşumuzun arxasında duran, onları bir layihə kimi dəstəkləyən və yaradan qüvvələr hələ də çalışırlar ki, Azərbaycanda sabitliyi pozsunlar. Amma bu gün güclü Azərbaycan, onun qətiyyətli lideri bütün bu məsələləri öncədən görür və preventiv işlər aparır.

Hər birimiz ayıq-sayıq olmalıyıq. Dövlətin müvafiq orqanları bu sahədə çalışırlar. Amma vətəndaş olaraq da, şəxs olaraq da hamı dövlətin qüdrətli, güclü olması üçün əlindən gələni etməlidir”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir