Siyasət

Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin açılış mərasimi keçirildi – FOTO

Sharing is caring!


“Heydər Əliyev İli” çərçivəsində qədim Azərbaycan torpağı olan Naxçıvanda “Diaspor Gənclərinin IV Yay Düşərgəsi”nin rəsmi açılış mərasimi keçirilib.

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Heydər Əliyev və diaspor quruculuğu” mövzusunda komitənin hazırladığı sənədli film və əvvəlki Yay düşərgələrinin iştirakçılarının salamlama videosu təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışında IV Yay Düşərgəsinin iştirakçılarını ümummilli lider Heydər Əliyevin dünyaya gəldiyi Naxçıvan şəhərində salamlamaqdan məmnun olduğunu bildirib, düşərgənin işinə uğurlar arzulayıb. Ulu öndərin Naxçıvanla bağlı fəaliyyəti barədə geniş məlumat verən F.Nəcəfli onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda aparılan tikinti-quruculuq işləri və inkişaf perspektivləri barədə məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov düşərgənin təşkilində göstərdikləri köməyə görə Heydər Əliyev Fonduna və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə çağırıb. Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyeva xarici ölkələrdə Azərbaycan məktəblərinin fəaliyyətini xüsusi diqqət mərkəzində saxlayır. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Diaspor Gənclərinin IV Yay Düşərgəsinin ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu və “Heydər Əliyev İli” çərçivəsində təşkil edildiyini vurğulayan Komitə sədri bildirib ki, ulu öndərin Azərbaycan tarixində, Naxçıvanın isə ümummilli liderin həyatında rolu misilsiz və ölçüyəgəlməzdir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib ki, Azərbaycan diasporu hazırda öz tarixinin ən güclü dövrünü yaşayır və Azərbaycan dövləti işğalçı Ermənistana qalib gəldiyi kimi, diasporumuz da böyük imkanlara malik Ermənistan diasporuna qalib gəlib:

“Diaspor Gənclərinin Yay düşərgələri kimi layihələrin diasporun fəaliyyətində, təşkilatlanmasında və ana vətənlə əlaqələrin qurulmasında müstəsna əhəmiyyəti var”.

Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova düşərgə iştirakçılarına fondun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Qeyd edək ki, avqustun 18-dək davam edəcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gerçəkləşdirilir. Düşərgənin tərəfdaşı Heydər Əliyev Fondu, təşkilati dəstək Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyinə məxsusdur.  

Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edir.  Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin Heydər Əliyevin bir əsr öncə dünyaya gəldiyi qədim Naxçıvan şəhərində keçirilməsi xüsusi önəm daşıyır. 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.

Düşərgənin proqramına Naxçıvanın tarixi və mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir