Siyasət

Məşhur ruhaninin oğlu: “İran İslam Respublikası özündən yeni din yaradıb” – VİDEO

Sharing is caring!


İranda hakim olan vilayəti-fəqih rejimi şiə ruhaniləri tərəfindən formalaşdırılsa da, zaman-zaman həmin ruhanilər içərisindən mövcud quruluşu tənqid edən və onun siyasəti ilə razılaşmayan şəxslər də çıxıb.

Son vaxtlar, xüsusən ötən ilin payızından ölkəni bürümüş kütləvi etirazlarda hakimiyyətin xalqa qarşı amansız davranışından və rejimin yaranmış vəziyyətdən çıxmaqda aciz olduğu getdikcə daha çox aydınlaşmağa başlayandan sonra bu cür tənqidlər daha geniş və daha kəskin şəkildə səslənməkdədir.

Məsələnin önəmli cəhəti budur ki, həmin tənqidlərdə, əvvəlki dövrlərdən fərqli olaraq, hakimiyyətin siyasətindəki ayrı-ayrı yanlışlıqlar deyil, bütövlükdə mövcud sistemin özü hədəfə alınır, ona rəhbərlik edən Ruhulla Xomeyni və Əli Xamenei kimi dırnaqarası “toxunulmaz” simaların fəaliyyəti təftiş olunur, 44 il əvvəl ölkədə baş vermiş inqilabın xalqın gözləntilərini doğrultmadığı və uğursuzluğa düçar olduğu bəyan edilir.

Son dönəmdə bu mövqedən fəal tənqidi çıxışları ilə seçilən din xadimlərindən biri də məşhur ruhani Ayətullah Mühyiddin Hayeri Şirazinin oğlu Şəhabəddin Hayeri Şirazidir.

“İran İslam Respublikası özündən yeni din yaradıb”, – deyə ruhaninin oğlu bildirib.

Qeyd edək ki, 2017-ci ildə vəfat etmiş Ayətullah Hayeri uzun müddət İran ali rəhbərinin Fars əyalətindəki nümayəndəsi və Şiraz şəhərinin imam-cüməsi vəzifəsini tutub, inqilabdan sonra birinci çağırış İran parlamentinin deputatı, həmçinin ölkənin ali rəhbərini seçən Ekspertlər Şurasının üzvü olub. Şəhabəddin də atasının yolunu gedərək Qumda dini təhsil alıb, hüccətül-islam tituluna və ictihad məqamına yiyələnib, lakin ölkədəki vəziyyətə baxışı atasından fərqlənib, nüfuzlu ruhaninin oğlu, eləcə də İran siyasətinin önəmli simalarından olan Əhməd Təvəkkülinin kürəkəni olmasına baxmayaraq, davamlı tənqidi çıxışlarına görə rəsmi qurumlardan uzaq tutulub, o cümlədən imam-cümə vəzifəsindən kənarlaşdırılıb.

Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir