Siyasət

Rusiya-Qərb: Sövdələşmə və rəqabət əsasındakı didişmələr – TƏHLİL

Sharing is caring!


Rusiya-Ukrayna müharibəsi başlayandan sonra belə bir sual yaranır: Görəsən, Moskva Qərb qarşısında strateji məğlubiyyətə düçar olacaqmı?

Rusiya ambisiyalarını neoimperiya hədlərinin zirvəsinə çatdıran hərəkətlərini Ukraynadakı müharibə ilə başlatdı. Amma Moskvanın özünün gücü haqqında yaratdığı mif – “istənilən zaman istədiyimiz əraziləri üç günə tutarıq” eyforiyası – didilib parçalandı.

Rusiyanın çoxlu ambisiya fənərlərindən biri söndü, o, Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almağa çalışdığı zamanda digər qonşusu Finlandiya Alyansın üzvü oldu.

Baltik dənizinin şimalındakı, bu zamana qədər bitərəflik göstərən Finlandiyanın NATO-nun müdafiəsi altına keçməsi (İsveç isə Türkiyənin qərarını gözləyir) Rusiya üçün yaxşı nəticə deyil. 

Amma Rusiyanın ekspansiya siyasətinin özünün geosiyasi orbiti üçün yaratdığı risklər yenə də Kreml üçün dərs olmadı, ona görə də Moskva “imperiya məqsədləri üçün yola davam” deyir.

Bu, dünyanın iki başqa nəhənginin – ABŞ ilə Böyük Britaniyanın – səyləri altında toplanan Qərb üçün xeyli sayda çağırışlar yaradır, hərçənd ki, Moskva təkbaşına NATO-nun birləşmiş gücü qarşısında zəifdir.

Buna görə də o, alternativ oyunçular olan Çin və Hindistanın resurslarından xeyir götürüb bunu Qərbə qarşı ayaqlandırmaqda çox həvəslidir. Bu həvəs Rusiyanın zəif damarlarını qanla doldurmaq istəyindən yaranır.

Bununla belə, Rusiya Qərbə qarşı meydan oxumaq tərzini gündəmdə saxlayır, həmlələrini NATO-nun zəif nöqtələri üzərində quraraq əks-əməliyyatları hədələyici element kimi ortada fırladır.

Deməli, hər iki tərəfdə strateji boşluqlar var, tərəflər üçün risklər qalmaqdadır, bu baxımdan Ukraynadakı müharibə səbəbilə nə Qərbin, nə də Rusiyanın strateji məğlubiyyətə məruz qaldığını söyləyə bilərik.

Yenə də hərəsi öz orbiti ətrafında dövr edir, maraqları olduğu başqa-başqa regionlara ard-arda tilovlar ataraq yağlı balıqlar tutmaqdan əl çəkmir.

Bəziləri onların atdığı yemə gəlir, bəziləri isə qarmaqları rədd edərək daha səmərəli əməkdaşlıq formatı üzərində düşünməyə çağırışlar səsləndirirlər, balanslı siyasəti rəhbər tuturlar.

Hər halda, Rusiya da, Qərb də ambisiyalarının nüvəsini söndürməyiblər, əksinə, biri digərini köklü məğlubiyyətə sürükləməkdən ötrü alternativ regionlar üzrə mayaklarını yandırırlar.

Qərbin də strateji qərar qəbul edən kabinetləri bilirlər ki, Rusiyanın təriflənmiş hərbi maşınının xarab olduğu Ukraynadakı müharibə ilə üzə çıxsa da, Moskva ordu arsenalını təkmilləşdirməkdən əl çəkmir.

Kremldə də bilirlər ki, birləşmiş Qərb səylərini eyni nöqtə ətrafında cəmləsə (reallıqda heç də belə deyil), Rusiya üçün təhdidlərin qarşısını almaq çətin olar.

Bu qarşılıqlı həyəcan və müxtəlif regionlar üzrə güc nisbətindəki üstünlüklərdən doğan rəqabət tərəfləri bir-birinə qarşı hədə-qorxu şəklində təbliğatlara vadar edir.

Bunların əks-sədası Qərblə Rusiyanın maraqlarının toqquşduğu bütün regionlarda hiss edilir.

Buna görə də rəqiblər regionlarda müxtəlif quyular qazıb bir-birlərini həmin dərinliyə itələməkdən əl çəkmirlər, ancaq ipləri dartmaqdan bir nəticə çıxmayanda sövdələşməyə girirlər.

Deməli, Rusiyanın və Qərbin müttəfiq axtarışları iki nəticə əsasında həyata keçirilir.

Birincisi, Rusiya-Qərb sövdələşmələri, ikincisi isə sövdələşmə çərçivələrinin qırıldığı kəskin rəqabət şəraitidir.

Avropada, Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdəki siyasi təlatümlərin nəticələri ilə həmin sövdələşmə-rəqabət mühiti aydınlaşır.

Aydın olan budur ki, bu regionlarda uzunmüddətli sülh və təhlükəsizlik formullarını tapmaq çətin olacaq, ilkin mərhələ üçün Ukraynadakı münaqişənin nəticələri həyəcanla izlənilir.

Bu nəticələrə alternativ güclərin, məsələn, Çin və Hindistanın, eləcə də Türkiyə, İran kimi oyunçuların hansı proqram yükləyəcəkləri isə ikinci mərhələ üçün qarşıdurma ssenarisini tətikləyəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir