Siyasət

Azərbaycandan ABŞ-yə qayıdan jurnalist: “Qarabağda baş verənlər dünyanın heç yerində yaşanmamalıdır” – FOTO

Sharing is caring!


“Mina təhlükəsizliyi səbəbi ilə Qarabağda insanların həyatlarının təhlükə altında olduğunu, dağıntıların miqyasını görmək və Azərbaycan xalqı ilə ünsiyyətə olmaq mənə, həqiqətən, bu münaqişənin nə qədər ciddi olduğunu başa düşməyə kömək etdi”.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Azərbaycanın işğaldan azad edilən ərazilərindən yenicə səfərdən dönən amerikalı jurnalist, Vaşinqtonda BBC, CNN və “Əl Cəzirə” kimi kanallarda ABŞ siyasəti və beynəlxalq məsələlərlə bağlı müntəzəm olaraq siyasi şərhçi kimi aktiv fəaliyyət göstərən Kalvin Dark deyib.

Səfərlə bağlı təəssüratını bölüşən amerikalı jurnalist bildirib ki, münaqişə ilə bağlı Amerikadan görünən mənzərə fərqlidir:

“Amerikada Ermənistan və Azərbaycan arasında uzun illər davam etmiş konflikt barəsində mütəmadi olaraq oxusanız, çoxsaylı xəbərlər izləsəniz belə, həqiqəti görmək çox çətindir. Orada, videolarda və xəbərlərdə oxuduqlarımı deyil, münaqişənin tamamilə fərqli üzünü gördüm. Qarabağa səfər etmək baş verənləri daha dəqiq anlamağa kömək etdi. Bölgədə olduğumuz zaman işğaldan azad olunmuş əraziləri başdan-başa gəzmək və baş verənləri yaxından izləmək bizə konfliktlə bağlı nəzəri deyil, praktik düşünməyə kömək etdi.

Dağıntıların miqyası məni şoka saldı və vəziyyətin bu qədər acınacaqlı olduğunu düşünmürdüm. Ən əhəmiyyətlisi isə bu konfliktdə sülhün vacibliyini və münaqişənin sülh yolu ilə həllinin nə qədər vacib olduğunu daha dərindən anladım. Qarabağda baş verənlər dünyanın heç bir yerində yaşanmamalıdır”.

Jurnalist Gəncə şəhərinə səfəri zamanı qarşılaşdığı mənzərədən dərin kədər hissi keçirdiyini deyib:

“Gəncə şəhərində Ermənistanın gecə vaxtı günahsız insanları raketlə hədəf aldığı ərazini ziyarət etdiyimiz zaman orada yaşananların olduğu kimi saxlanılması məni çox təsirləndirdi. Darmadağın olan evlərin və ərazinin olduğu kimi mühafizə olunması insana baş verənləri daha təmiz görməyə və hiss etməyə kömək edir. Dağıntının sahəsi hadisənin nə qədər dəhşətli olduğunu ortaya qoyur.

Düşünürəm ki, səbəb nə olursa-olsun, mülkü şəxslər hədəf seçilməməli, qurban olaraq görülməməlidirlər. Xüsusilə, raketlərin düşdüyü evlərin içində əmələ gələn nəhəng boşluqları, ətrafa səpələnmiş uşaq oyuncaqlarını gördüyüm zaman, həqiqətən, Ermənistanın niyə həmin ərazini hədəf olaraq seçdiyinə əsla anlam verə bilmədim və düşündüm ki, münaqişənin ortasında belə, bu hadisə əsla olmamalı idi.

Orada öldürülən insanların, xüsusən də uşaqların heç bir günahı yox idi. Onlar hədəfə alınıblar. Bunu söyləmək, sadəcə, bir xatırlatmadır ki, bu addım beynəlxalq hüquqa ziddir və qəbulolunmazdır”.

Dünyanın bir çox yerlərində münaqişə bölgələrini ziyarət edən K.Dark Ermənistanın mina xəritələrinin Azərbaycana təhvil verməsinin vacibliyinə diqqət çəkib:

“Qarabağa səfərdə ilk dəfə idi ki, mən minaların zərərsizləşdirilməsi prosesini yaxından izlədim. Bir tərəfdən, bu prosesin nə qədər təhlükəli olduğunu, digər tərəfdən isə bölgənin ermənilər tərəfindən basdırılmış minalardan təmizlənməsinin vacib olduğunu düşündüm. Gördüklərim çox təsirli idi və bu minalarla bağlı hər hansı bir insan itkisi dəhşətlidir. Hesab edirəm ki, nə olursa-olsun, mina xəritələri verilməlidir. Azərbaycan rəsmiləri Ermənistanda mina xəritələrinin olduğunu deyirlər və bölgədə mina təhlükəsizliyinin bərpası üçün Ermənistanın həmin xəritələri Azərbaycan tərəfinə verməsi vacibdir.

Minalar səbəbi ilə Qarabağda yaşayan və oraya gələcək insanların həyatı təhlükədədir. Bölgədəki vəziyyət insanların həyatını təhdid edir. Azərbaycan dövlətinin rəsmiləri bölgənin minalardan təmizlənməsinin uzun illər çəkəcəyini deyirlər. Dövlət rəsmiləri və yerli xalqla söhbətlərimdən yola çıxaraq onu deyə bilərəm ki, təcili olaraq bölgədə qalıcı sülh yaradılmalıdır.

Bunun bir qədər mürəkkəb məsələ olduğunun və hər iki tərəfin bir çox mövzularda ortaq razılıqlara gəlməsinin tələb olunduğunun fərqindəyəm. Hər bir münaqişə fərqlidir, ancaq orada mənim diqqətimi çəkən əsas məqam ondan ibarət oldu ki, müharibə bitsə də, bölgə aktiv vəziyyətə malikdir. Azərbaycan və Ermənistan arasında baş verən münaqişədə xüsusilə mülki insanların hədəfdə olması münaqişənin ciddiliyini artırır. Ona görə də hesab edirəm ki, təcili sülh razılaşması vacibdir”.

Bölgədə davam edən yenidənqurma işlərindən də söz açan K.Dark deyir ki, prosesin sürətlənməsi və xalqın öz yurd-yuvasına qayıtması üçün mina probleminin sürətli həlli vacibdir:

“Biz bölgədə davam edən yenidənqurma işləri ilə də tanış olduq. Prosesin sürətləndirilməsi üçün tərəflər öz öhdəliklərinə əməl etməli, mina xəritələri əldə olunmalı, ən əsası – insanları təhlükəsizliyi təmin olunmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir