Siyasət

Putin-Mirziyoyev danışıqlarındakı hamar və gərgin xətlər – TƏHLİL

Sharing is caring!


Avqustun 9-da Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan lideri Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Kreml məlumat yayıb ki:

– Prezidentlər Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafını müzakirə ediblər,

– Putinlə Mirziyoyev müxtəlif səviyyələrdə ikitərəfli təmasların intensivləşdirilməsini razılaşdırıblar.

Rusiya və Özbəkistan prezidentlərinin müzakirələri ortaq narahatlıqlar və asılılıq məsələləri ilə xarakterizə oluna bilən paradiqmaların əhatəsində aydınlaşa bilər.

Danışıqlar Rusiyanın Mərkəzi Asiyada yüksək titul qazanmaq səylərinin bir hissəsidir, çünki Ukraynadakı münaqişə səbəbindən bəzi boşluqlara düşən Moskva Mərkəzi Asiyadakı mövqelərinin ABŞ və Çin tərəfindən qamarlanacağından çəkinir.

Bu mənada Özbəkistan Mərkəzi Asiya dövlətləri içərisində Rusiya üçün bir neçə səbəbdən əhəmiyyətli amil kimi qeyd oluna bilər.

Birincisi, Rusiyanın Avropaya satdığı qazın həcminin azalması ilə o, enerji sahəsində boşluqlara düşür. Rusiya üçün bu vakuumu doldura biləcək ölkələrdən biri də Özbəkistandır.

Rusiyanın alternativ qaz nəqli üçün ixrac infrastrukturunun mövcud olduğu Özbəkistan kimi ölkələrə üz tutması Moskva-Daşkənd əlaqələri üçün həm səmərəli, həm də problematikdir.

Kreml Rusiyanın təbii qaz ixracını Özbəkistan vasitəsilə artırmaqla Daşkəndi həvəsləndirir. Bu, ikitərəfli münasibətlərdə gurultulu şövq yaratsa da, Özbəkistan Rusiyanın peyki olmaqdan qaçır, müstəqil siyasətlə beynəlxalq siyasətdə öz mövqelərini bərkidir.

Lakin Özbəkistan bilir ki, o, Rusiyanın hədəfindədir, çünki Moskva öz imperiya nəfəsini postsovet məkanında, o cümlədən Mərkəzi Asiyada hiss etdirir.

Özbəkistan-Qırğızıstan, Özbəkistan-Tacikistan münasibətlərindəki soyuq nöqtələr, Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında üzləşdiyi çətinliklər Rusiyanın münaqişələr üzərindən regiona təsirlərini çoxaldır. Ona görə də Daşkənd maksimal dərəcədə ehtiyatlı davranaraq həm Kremlin oyununa gəlməməyə çalışır, həm də onunla səmərəli əməkdaşlığa önəm verir.

Rusiya isə ənənəvi geosiyasi məntiqinin dövriyyədə qalması üçün:

– Avropada itirilmiş qazanclarını kompensasiya etməyə çalışır;

– Öz təbii qazını Özbəkistan trayektoriyasında saxlamağa cəhd edərək, həmin enerji marşrutuna təzyiq göstərir;

– Bu məsələləri Mərkəzi Asiya regionuna baxışı ilə dərindən əlaqələndirir.

Beləliklə, Kremlin Özbəkistanla bağlı enerji siyasətinin iki böyük aspekti üzə çıxır.

1. Rusiya Özbəkistana qaz satışından regionda rəqibləri qarşısında muxtariyyət qazanmaq üçün istifadə edir.

2. Rusiya özünü bölgənin sülh və təhlükəsizlik təminatçısı kimi təmsil olunan aktor qismində təbliğ etməyə çalışır.

Özbəkistan ölkədə yaşanan qaz qıtlığı səbəbilə Rusiyadan əlavə enerji idxalını alqışlayır, ancaq bunun formalaşdırdığı geosiyasi təhdidləri də nəzərə alır.

Bu təhlükə, yəni qaz çatışmazlığı çox zaman regionda sosial iğtişaşların və qeyri-sabitliyin müjdəçisi olur.

Lakin Özbəkistan Rusiya qazının tədarükü mövzusunda səmərəli razılaşma əldə etmək üçün Moskva qarşısındakı kartlarını oynaya bilər.

O mənada ki, Daşkənd Moskvanın alternativ bazar axtarmasından istifadə edib özünü “zəmanətli alıcı” kimi qiymətə mindirib Kremlin təhdidləri önündə manevr qazana bilər. 

İkincisi, Özbəkistan ölkədə neft və qaz yataqlarının kəşfini sürətləndirib yeni baza tapsa, bu, Rusiyadan asılılıqlara son qoya bilər.

İstənilən halda, Putinlə Mirziyoyev danışıqları energetika sahəsində Rusiya-Özbəkistan əməkdaşlığı üçün stimulverici siqnaldır və yaxın zamanlarda yeni məlumatlar üzə çıxacaq. Rusiya Özbəkistanı öz çətiri altına salmağa cəhdlər edəcək. Putinlə Mirziyoyevin telefon diplomatiyasında, yəqin ki, Rusiya ilə Özbəkistan arasında təhlükəsizlik sahəsində sənədlərin imzalanması planı da nəzərdən keçirilib. 

Moskva enerji sahəsindəki əməkdaşlığı regionda böyük strategiyasının bir parçası kimi üstün mövqelərə çıxarmağa səy göstərəcək.

Rusiya Mərkəzi Asiyadakı maraqlarından dolayı Özbəkistanın Türk Dövlətləri Təşkilatındakı iştirakına da diqqət yetirir ki, bu da Azərbaycan və Türkiyə üçün siqnaldır.

TDT-nin fonundakı iqtisadi potensial onun hərbi potensialla paralel şəkildə qurulmasını şərtləndirir, Rusiya isə Çin və Qərb kimi TDT-nin fəaliyyətindən pay qoparmağa çalışır.

Ona görə də TDT-dəki iki strateji müttəfiq – Azərbaycan və Türkiyə – Rusiya ilə Özbəkistanın münasibətlərindəki yeni tendensiyaları diqqətdə saxlayacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir