Siyasət

Əliyevlə Paşinyanın ehtimal edilən görüşü: Danışıqlar harada olacaq?

Sharing is caring!


Cənubi Qafqazdakı gərginliyə, Azərbaycan-Ermənistan münasibətlərində davam edən mübahisələrə baxmayaraq, iki ölkə arasında ali səviyyədə növbəti danışığın olacağı istisna deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana xəbərdarlıqları, bu mesajlardakı hərbi-strateji motivlər İrəvanı sülh danışıqları masası arxasında oturmağa vadar edir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi üzərindəki regional atmosferin təzyiqlərini, bunun axarında Azərbaycanın tələb və şərtlərini müzakirə etmək üçün İlham Əliyevlə dialoqa can atır.

Əliyevlə Paşinyanın perspektiv üçün danışıqları Azərbaycan-Ermənistan sərhədi üzrə delimitasiya, Zəngəzur dəhlizinin açılması prizmasında vacibdir.

Ermənistanın Qarabağla bağlı edə biləcəyi son hərəkət isə Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını rəsmiləşdirən sənəd hazırlamaqdan ibarətdir.

Sərhədlə bağlı ölçülər indi Qarabağdakı açıq qalan məsələlərdən fərqli olaraq daha böyükdür, çünki Azərbaycan delimitasiyanın məğzini geniş tutur.

Sərhəd boyunca mübahisəli ərazilər uğrunda mübarizənin danışıqlar masasında yekun həllə çatacağı mürəkkəb olaraq qalmaqdadır. Ona görə ki, sərhədlərin delimitasiyası təkcə ərazi mübahisələri üzrə həlləri deyil, Azərbaycanın təqdim etdiyi geniş paketi əhatə etməlidir. Bakı bu tələbi İrəvan qarşısında qoyub, indi Ermənistan ya onlarla razılaşmalı, ya da başı üzərini ala biləcək qara bulud topalarına hazır olmalıdır.

Sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın perspektiv strateji doktrinasında yer alacaq Zəngəzur dəhlizi layihəsi, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına geri qayıdışı planlarında geniş regional izlər buraxa bilər.

Bununla da Azərbaycan:

1. Ermənistan üzərindən oynanılan kartları vurmağı hədəfləyir,

2. Bölgədə sülh və təhlükəsizlik arxitekturasında özünün yüksələn əhəmiyyəti ilə regional vitrindəki məhsullarını artırmağı planlayır.

İlham Əliyevlə Nikol Paşinyanın mümkün danışıqlarında bu xüsusiyyətlər geniş regional gündəliyin işığında müzakirə masasına qoyula bilər.

Görüş yerinin təşkil ediləcəyi məkana gəlincə, Rusiya bu məsələdə xüsusi canfəşanlıq göstərir.

Moskva Avropa İttifaqının moderatorluq səviyyəsindən çox, ABŞ-nin Aİ üzərinə saldığı kölgədən, üstəgəl, Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün təqdim etdiyi ideyaların üstünlük qazanmasından həyəcan keçirir.

Bu həyəcanını yatırtmaq üçün Rusiya Azərbaycan-Ermənistan liderlərinin görüşünü təşkil edib, Qərbin proseslərə müdaxilə imkanlarını neytrallaşdırmağa çalışır.

ABŞ regional gündəliyindəki çalarları praktiki şəkildə aktivləşdirməsi fonunda Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında çəkisini artırmaq üçün alternativ ideyalarla cəlbedicilik yaratmaq niyyətini gizlətmir.

Əliyevlə Paşinyanın görüş məkanının seçilməsi qlobal rəqabətin tərəflərində dayanan Rusiya ilə ABŞ-nin mövqelərini nə dərəcədə texniki şəkildə uzlaşdırmasından asılı olacaq.

Bu mövqe uzlaşdırılması baş tutmasa, görüş yenə Avropa İttifaqının vasitəçiliyi ilə reallaşa bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir