Siyasət

Aydın Kərimov Daisaku Kadokava ilə görüşüb – FOTO

Sharing is caring!


Yaponiyada səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov avqustun 8-də Kioto şəhərində olub və burada şəhərin meri, eyni zamanda Dünyanın Tarixi Şəhərlər Liqasının prezidenti Daisaku Kadokava ilə görüşüb.

Bu barədə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov öz “X” hesabında paylaşım edib.

Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri 14-16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində baş tutan 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assambleyanın iclasında Tarixi Şəhərlər Liqasının üzvlüyünə qəbul edilib.

Görüşdə Şuşa şəhərinin liqadakı fəaliyyəti barədə danışılıb, zəngin tarixə, mədəniyyətə malik, Tarixi Şəhərlər Liqasının üzvləri olan Şuşa və Kioto arasında münasibətlərin və əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Daisaku Kadokava hazırda Şuşada, Qarabağda aparılan bərpa-quruculuq işləri barədə məlumatlı olduğunu bildirib, postmünaqişə dövründə sülh uğrunda atılan addımları, əhalinin öz yurd-yuvalarına köçmələri üçün görülən işləri, layihələri yüksək qiymətləndirib.

Öz növbəsində, Aydın Kərimov Dünyanın Tarixi Şəhərlər Liqasının prezidenti, Kioto şəhərinin meri Daisaku Kadokavanı Azərbaycana, Şuşa şəhərinə dəvət edib.

Xüsusi nümayəndəni tədbirdə Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müşayiət edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir