İdman

Adrian Mutu: “Bu gün gördüyünüz qurmaq istədiyim heyətin 30 faizidir”

Sharing is caring!


“Çətin rəqibə qarşı oynadıq. Sona qədər oyunda qalmağa çalışdıq. İlk hissədə “Beşiktaş” daha yaxşı idi. İkinci yarını bizim aktivimizə yazmaq olar”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna 1:3 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis güclü rəqiblə qarşılaşdıqlarını etiraf edib:

“İkinci hissədə onlardan daha yaxşı idik. Çoxlu qol imkanı yaratdıq. Bir az bəxtimiz olsaydı, ikinci qolu da vurardıq. Buraxdığımız üçüncü qolu rəqibə hədiyyə etdik. Hamı gördü, Ervin Koffinin səhvi oldu. O, zədədən yeni qayıdıb. Məşqçi olaraq, vəzifəm futbolçuları daha yaxşı vəziyyətə gətirməkdir”.

Mütəxəssis start heyətini yanlış müəyyənləşdirmədiyini bildirib:

“Əlimdə olanlarla uyğun heyət yığmışdım. Aaron Olanere hazır deyildi. O, bizimlə cəmi bir matç keçirib. Hələ heç 30 faizində deyil. Koffi son üç gündə bizimlə məşq edib. Zədədən yeni qayıdıb. Eddi İsrafilov, Ömər Buludov zədəlidir. Əlimdə olanlardan kim daha yaxşı formada idisə, onlara şans verdim. Bu cür rəqiblərə qarşı daha çox qaçmalı olursan ki, oyundan qopmayasan. Əsas məqsədlərimdən biri yeni oyunçuları ikinci yarıda buraxmaq idi ki, daha yaxşı fiziki formaya düşsünlər. Ən yaxşı məşq oyundur. İnanın ikinci yarıda bəzi futbolçuları 45 dəqiqə oynatmağa məcbur idim. Amma zədə ala bilmələrinə görə qorxurdum. Şükür ki heç kim zədələnmədi”.

44 yaşlı çalışdırıcı İstanbula qələbə üçün gedəcəklərini söyləyib:

“Səfər matçına bir həftə var. Yeni heyət qururuq. Bu gün gördüyünüz qurmaq istədiyim heyətin 30 faizidir. Çalışırıq ki, yeni futbolçular transfer edək, gələnləri isə yaxşı fiziki duruma çatdıraq. Qarşıdakı oyunlarda seçimlərdə diqqətli olmalıyıq. Üç gündən bir oynamaq zədə riski yaradır. İstanbuldakı matç bizim üçün çox vacibdir. Ora yalnız qələbə üçün gedəcəyik”.

Baş məşqçi “Beşiktaş” azarkeşlərinin çoxluğunun onlara təsir etmədiyini qeyd edin:

“İlk hissədə daha emosiyalı idik. Mən yalnız “Neftçi” azarkeşlərini eşidirdim. İkinci hissədə oyunumuzdan çox xoşum gəldi. Futbolçular sona qədər mübarizə apardılar, təslim olmadılar”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də İstanbulda baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir