Siyasət

Ölkələrin daxili işlərinə hörmət, bərabərhüquqluluğu təmin etmək: Makronun önünə qoyulan tələb – ŞƏRH + FOTO

Sharing is caring!


Kolonial Fransaya qarşı bu ölkənin keçmiş müstəmləkələrində narazılıq artmaqdadır. Başı Cənubi Qafqazda Ermənistanı müdafiə etməyə qarışan Emmanuel Makron hökuməti hələ də “qara qitə”də nüfuz və mövqelərini itirdiyinin fərqinə varmır. Getdikcə daha çox ölkə ondan uzaqlaşmağa çalışır və narazılıq o həddə çatıb ki, Afrikanın bir sıra ölkələri Fransanın himayəsi ilə qurulan təşkilatlardan çıxacaqları bərədə bəyanatlar səsləndirirlər. Burkina-Faso və Mali rəsmi Parisin himayəsində olan EKOVAS-dan (Qərbi Afrika İqtisadi Cəmiyyəti) çıxacaqlarını bildiriblər. Fransa isə cavab olaraq bu ölkələrə maliyyə dəstəyini azaldacağını bəyan edib. Səbəb də sadədir – həmin ölkələr Fransanın Nigerdə baş verənlərə hərbi müdaxiləsinə qarşıdırlar.

“Makron Fransası”nın bütün bölgələrdə nüfuzunu itirdiyinin şahidi oluruq və səbəb də bəllidir. Ölkələrin hüquq və azadlıqlarını qan içində boğmaq, fiziki təzyiq və zorakılıqlar əks təsirini göstərir. Bu baxımdan, Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü və qəbul edilən qərarlar Fransanı çətin duruma salıb desək, yanılmarıq. Məhz həmin tədbirdə ilk dəfə olaraq Parisin müstəmləkə və irqi ayrı-seçkilik siyasəti sərt tənqid olundu, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradıldı. Artıq əminliklə deyə bilərik ki, Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində aparılan fikir mübadilələri nəticə verməkdədir. Məhz bu toplantıdan sonra Fransaya qarşı narazı çıxışların genişləndiyinin şahidi oluruq. Nigerdə baş verən çevriliş də bunun əyani sübutu oldu.

Bəs yaranmış durumda çıxış yolu nədir? Qərbin aparıcı ekspert və politoloqlarının gəldiyi yekun mövqe ondan ibarətdir ki, Fransa dövlətlərin daxili işlərinə və hüquq azadlıqlarına hörmətlə yanaşmalıdır. Hətta Fransanın daxilində belə bu fikirdə olan siyasilər, deputatların çıxışları artmaqdadır. Bu baxımdan, Fransanın Vətənpərvərlər Partiyasının lideri, keçmiş deputat Florian Filipponun fikirləri maraqlıdır. O hesab edir ki, Afrika Fransasında böhranların və antifransız əhvali-ruhiyyənin qarşısının alınması üçün ilk növbədə Nigerdə baş verənlərdən nəticə çıxarılmalı, bu ölkələrlə bərabər hüquqda danışıqlar aparılmalıdır. Lakin keçmiş deputat buraya Cənubi Qafqazı da daxil etsəydi, yaxşı olardı. 30 il keçmiş Minsk qrupunun həmsədr dövləti kimi Azərbaycan-Ermənistan danışıqlarında birtərəfli qaydada təcavüzkarı dəstəklədiyi bəllidir. İşğala son qoyan İkinci Qarabağ müharibəsində və ondan sonrakı müddətdə çirkin fəaliyyəti, Ermənistanı dəstəkləməsi, silahla təchizatı ilə yadda qalıb. İndi də bu mənfur siyasətini davam etdirir. Nəticə də göz önündədir. Azərbaycan rəsmi Parisin vasitəçilik missiyasından imtina etdi.

İndi də partiya sədri bunları dilə gətirməkdən çəkinir. Makron hakimiyyətinin bir ovuc erməninin səsini qazanmaq üçün onların əsirinə çevrildiyini dilə gətirmir. Erməni lobbisindən yemlənən Makron və komandası anlamaq istəmir ki, belə bir qərəzli yanaşma sonda ciddi fəsadlara gətirib çıxarır. Bəli, Florian Filippo da hesab edir ki, insanları axmaq yerinə qoymaq lazım deyil, Fransanın maraqları var və onları müdafiə etməlidir. Lakin birtərəfli qaydada bunu həyata keçirmək düzgün yanaşma deyil. Sadəcə, ikibaşlı siyasətə son qoyulmalıdır. Onun qənaətincə, Afrikada Qərb hökumətlərinin keçmişdə buraxdıqları diplomatik səhvlər anti-Qərb, antifransız əhvali-ruhiyyənin formalaşmasına gətirib çıxarır. Nigerdəki vəziyyətdən danışan partiya sədri qeyd edib ki, hazırda orada Fransanın strateji maraqlarına toxunulur, Makronun başı isə istirahətə qarışıb. Siyasətçi əlavə edib ki, Nigerdə ​​baş verənlər Fransa üçün ciddi böhrandır.

Qeyd edək ki, iyulun 31-də Nigerin paytaxtı Niameydə etirazçılar Fransa əleyhinə şüarlar və ölkədəki bütün xarici bazaların bağlanması tələbi ilə küçələrə çıxıblar. Elə həmin gün prezidenti saxlayan Niger hərbçiləri Fransaya qızıl və uran tədarükünü dayandırmaq barədə qərar qəbul ediblər. Avqustun 1-də Paris səfirliyi yaxın vaxtlarda öz vətəndaşlarının Nigerdən təxliyəsinə başlamaq planlarını açıqlayıb. Avqustun 3-də Fransanın RFI radiostansiyası və “France24” telekanalının yayımı dayandırılıb. Elə həmin gün Nigerdə ​​hakimiyyətdə olan hərbçilər Fransa ilə hərbi müqavilələrin denonsasiya olunduğunu elan etdilər. Davam edən hadisələr fonunda xəbər verilir ki, Seneqalın paytaxtı Dakarda nümayiş zamanı etirazçılar Fransanın dövlət bayrağını yandırıblar. Qeyd olunur ki, fransayönümlü prezident Məhəmməd Bazumun istefasına səbəb olan Nigerdə ​​çevrilişdən sonra bu Qərbi Afrika ölkəsində də çevrilişin başvermə ehtimalı var.

Yekunda qeyd edək ki, baş verənlər Fransa üçün ciddi siqnal olmalıdır. Fransa tarixinə ən uğursuz dövlət başçısı kimi düşən Emmanuel Makron təcili formada xarici və daxili siyasətdə islahatlara getməli, prioritetləri dəyişməlidir. Əks təqdirdə, baş verənlər onun impiçmentinə gətirib çıxara bilər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir