Siyasət

“Ermənilər də digər etnik azlıqlar kimi Azərbaycanda rahat yaşaya bilərlər” – ŞƏRH + FOTO

Sharing is caring!


“Prezident İlham Əliyev Şuşada “Euronews” telekanalına müsahibə zamanı bir çox aktual məsələlərə toxundu, önəmli məqamları qeyd etdi. Ölkə başçısı, xüsusilə, geniş və dərin təhlil edərək, Ermənistanın mövqeyini qabardıb, İrəvan rəhbərliyini ifşa etdi”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib. O qeyd edib ki, İrəvan bir sıra məsələlərdə yalanlar danışır, ikili yanaşmalar nümayiş etdirir:

“Ermənistan rəhbərliyi sülh sazişinin imzalanmasına maneələr, problemlər törədir. Baxmayaraq ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma bu, sənədlərdə təsdiq olunmalıdır, ritorik səviyyədə yox.

Bizim üçün Qarabağ erməniləri ilə dialoq aparmaq olduqca mühüm bir məsələdir. Bu istiqamətdə bir sıra təşəbbüslər irəli sürmüşük. Qarabağ ermənilərini Bakıya dəvət etmişik, Xocalıda görüşmüşük, Yevlaxda növbəti görüş planlaşdırılıb. Çünki biz onları öz vətəndaşlarımız kimi qəbul edirik və onlara bütün normal şəraitləri təqdim edə bilərik. Bunu sözdə yox, əməllərdə də nümayiş etdiririk.

Azərbaycanda yaşayan azlıqlar – ləzgilər, tatlar, avarlar, ingiloylar, yəhudilər, talışlar bütün imkanlara sahibdirlər. Ermənilər də həmin azlıqlar kimi rahat, təminatla yaşaya bilərlər. Biz Azərbaycan ərazisində separatçılığa yol verməyəcəyik, hər hansı bir dövlətin buraya müdaxiləsi yolverilməzdir. Bütün bunlar dövlət başçımızın “Euronews” telekanalına müsahibəsindən aydın olan əsas məqamlar və mesajlardır”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh sazişi prosesindən danışıb. Dövlət başçısı deyib ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir.

Azərbaycan lideri, həmçinin, Ermənistan tərəfindən konstruktiv yanaşma görünəcəyi, ən vacibi isə onların Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoyacaqları təqdirdə tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapmağın mümkünlüyünü söyləyib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir