Siyasət

İlham Əliyevin müsahibəsi: Mesajların hədəfi – TƏHLİL

Sharing is caring!


Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycan-Ermənistan münasibətlərinin indiki durumu və perspektivi ilə bağlı gündəliyi açmağa yardımçı olur.

Cari vəziyyətin təsviri:

Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir, bu, sərhədlərin delimitasiyası başda olmaqla bir çox geniş paketi əhatə edir.

Perspektivlə bağlı:

Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyini quracaq vasitələr İrəvanın mövqeyindən asılıdır. İrəvan konstruktiv olsa, Bakı onunla əlaqələri siyasi-diplomatik üslubda, radikal-revanşist olarsa, hərbi tətbiqlə quracaq.

Vasitəçilik mövzusu

İlham Əliyev Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki rolunu etibarlı vasitəçilik kimi xarakterizə edir. Bununla da bir növ, Rusiya və ABŞ-nin moderatorluqlarını Avropa İttifaqının qurduğu masaların kölgəsində saxlayır ki, onun da səbəbləri var. Lakin nəticəyə gəlməyin vacibliyinə toxunaraq sülh sazişi ilə yekunlaşa biləcək təşəbbüsü irəli sürən tərəfləri dəstəkləyəcəyini bəyan edir – bu, ABŞ-yə də, Rusiyaya da bir çağırış kimi başa düşülməlidir.

Deməli:

– Azərbaycan regiondakı qlobal aktorların geosiyasi maraqları və rəqabətini, Azərbaycan-Ermənistan sülh gündəliyinə təsir yaratmaqdan ötrü fəal olmaq cəhdlərini anlayır,

– Lakin məsələnin dolğun təhlükəsizlik mühitinin yaradılması, Ermənistanın işğalçılığına son qoyulmasını rəsmiləşdirən və bunun üçün İrəvanın dilindən iltizam alacaq səviyyəyə çatmasını istəyir.

10 Noyabr Bəyanatı

Dövlət başçısı 10 Noyabr Bəyanatının sülh sazişi yox, atəşkəs sazişi olduğunu bildirir. Bu o deməkdir ki, sənəd sülh sazişi üçün tənzimləyici xüsusiyyətlərə malikdir, ancaq bu, kifayət deyil. Ona görə də Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb platformalarının Bakı-İrəvan münasibətlərinin nizamlanması üzrə aktivliklərini də qiymətləndirir. Nəticə olaraq Azərbaycan bir tərəfin mütləq təşəbbüsü ilə deyil, uyğun olarsa, rəqabət aparan Qərb-Rusiya platformasının birgə iştirakı ilə sülh müqaviləsi imzalanmasına maraq göstərir.

Rusiya ilə əlaqələr

Rusiyanın Ukraynadakı müharibə səbəbilə geosiyasi alətləri itirmək riski çoxalır, təbii ki, Azərbaycan üçün Moskvadan gələn ambisiyaların zəifləməsi məqbuldur. Ancaq Rusiyanın Cənubi Qafqazdakı maraqları seyrəlməyib, ələlxüsus Kreml Gürcüstan və Ermənistanı hədəf lövhəsində görür. Bu amil regional təhlükəsizlik üçün müşküllər vəd edə bilər. İlham Əliyev Azərbaycanın Rusiyanın regional ambisiyaları qarşısındakı adekvat davranışlarını bu sitatla təsvir edir:

“Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini, sadəcə, müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə çox şey dəyişməyib, çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Bu, xüsusən də indiki dövrə aiddir. Layihələr enerjinin inkişafına aiddir. Əlbəttə ki, mədəniyyət sahəsi də çox vacibdir”.

Bu məntiqlə Azərbaycanın Rusiyanın regional maraqlarındakı notlara qarşı Qərblə əməkdaşlığı tarazlayıcı tərəzi kimi qiymətləndirməsi prosesi baş verir.

Qarabağdakı ermənilər

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan ermənilərin taleyi rəsmi Bakının strateji planından asılı vəziyyətdə qalmaqdadır. Təbii ki, onlar üçün xüsusi və əlahiddə imtiyazlar nəzərdə tutulmur, sadəcə, Qarabağda yaşamaq istəyirlərsə, Azərbaycanın şərtlərini qəbul etməlidirlər, əks təqdirdə, ölkə ərazisini tərk etməlidirlər – Əliyevin mesajları həmin məqamları özündə əks etdirən yükə sahibdir.

Ermənistan sülhə qarşı getsə…

İlham Əliyev müsahibədə Ermənistana çağırış edərək vurğulayır ki, İrəvan üçün yaxşı və ya qat-qat yaxşı arasında seçim etmək şansı yoxdur.

Əliyevin Ermənistan üçün seçimin çox pis və qəbulolunan arasında olduğunu vurğulaması iki ssenarini canlandırır.

Çox pis variant o deməkdir ki, Ermənistan nala-mıxa vurmağa davam etsə, bu aralığı özünün revanşist məqsədlərindən doğan hərəkətlərlə doldurmağa çalışsa, Azərbaycan güc tətbiqini özünün müdafiə komponenti kimi reallaşdıracaq.

İkinci ssenaridə isə Ermənistan sülh müqaviləsini imzalayır, təzminat ödəyir, öhdəliklərini konstruktiv formatlarda icra edir.

Hər iki ssenaridə Azərbaycan dövlətinin bir tələbi reallaşmalıdır – Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı. Bunun hansı yolla reallaşacağına dair mövqe Ermənistanın tutduğu xətdən asılı olacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir