Siyasət

Ermənistanda mediaya qarşı total hücum: Paşinyan beynəlxalq jurnalist təşkilatının hədəfində – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanı regionda “demokrat”, söz azadlığının qorunduğu lider ölkə kimi qələmə verməyə çalışan baş nazir Nikol Paşinyan hakimiyyəti dövründə bəlkə də ən ağır zərbəsini alıb. Onun “müsbət” imicli hökuməti Qərbin söz azadlığı üzrə ixtisaslaşan jurnalist təşkilatlarından sərt ittihamlarla dolu hesabat alıb. Söhbət Beynəlxalq və Avropa Jurnalistlər Federasiyasının (IFJ-EFJ) yaydığı hesabatdan gedir. Təşkilat bəyan edib ki, rəsmi İrəvan jurnalistlərin onlayn təqiblərinə, təzyiqlərinə son qoymalıdır. Əcnəbi təşkilatın bəyanatına Ermənistan Jurnalistlər Birliyi də qoşulub. Bəyanatda baş nazir Nikol Paşinyanın iyulun 25-də keçirdiyi mətbuat konfransından sonra bir sıra internet resurslarında jurnalistlərə qarşı hökumət tərəfdarları tərəfindən irimiqyaslı təhqir və hücum kampaniyasına başlanılması pislənilib. Qeyd edilib ki, bu kampaniya xüsusilə də Qarabağdakı gərgin vəziyyətdən sonra aktivləşib. Görünür, baş nazirin əsəbləri tarıma çəkildiyindən tərəfdarlarına “hücum” əmri verib. İndi nüfuzlu təşkilatın hazırladığı hesabatı bənd-bənd analiz etməyə çalışaq.

Birincisi, hesabatda vurğulanır ki, Ermənistan hakimiyyəti dərhal jurnalistlərə hədələri açıq şəkildə pisləməli və günahkarları cəzalandırmalıdır. Hesabatda konkret adlar da var. Məsələn, ölüm hədələri və fiziki cəhətdən aradan götürmək hədələrinin hədəfləri sırasında jurnalistlər Ani Gevorkyan və Ripsime Cebedcyan var. İkincisi, Jurnalistlər Birliyi hökumətə yaxın fəallar və bəzi dövlət məmurları tərəfindən jurnalistlərə qarşı təşkil edilən qəsdən hücum hallarını da pisləyib. Ən qalmaqallı məqam ondan ibarətdir ki, Ermənistan Jurnalistlər Birliyi baş nazir Nikol Paşinyanı bu onlayn nifrət kampaniyasını təşviq etməkdə günahlandırıb. Birlik Ermənistanın insan haqları üzrə müdafiəçisi Anait Manasyana bununla bağlı sual da ünvanlayıb. Ermənistan Jurnalistlər Birliyinin sədri Satik Seyranyan deyib: “Jurnalistlər əsl terror şəraitində işləyirlər. Onlar həqiqətən təhlükədədirlər”.

“Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutyerres Ermənistan hakimiyyətini bu təhdidləri açıq şəkildə pisləməyə və günahkarları, xüsusən də onlar əgər dövlət məmurlarıdırsa, aşkar etməyə, təqib etməyə və cəzalandırmağa çağırıb”, – Avropa Jurnalistlər Federasiyasının bəyanatında deyilir.

Öz növbəsində, federasiyanın baş katibinin müavini Tim Douson bildirib ki, sosial şəbəkələrdə zorakılıq jurnalistlərin psixi sağlamlığına və öz işini görmək qabiliyyətinə ciddi təsir göstərir:

“Ermənistan hökumətinin nazirləri bu hücumları pisləməli və jurnalistlərin öz işlərini görməkdə azad olmasını təmin etmək üçün çalışmalıdırlar”.

Qeyd edək ki, Avropa Jurnalistlər Federasiyası (EFJ) – Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) Avropa regional təşkilatıdır. 1926-cı ildə təsis edilən qurum 43 ölkədə 71 jurnalist təşkilatında 320 minə yaxın jurnalisti təmsil edən Avropanın ən böyük jurnalistlər təşkilatıdır. Qərargahı da Brüsseldə yerləşir.

Ermənistanda insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğunu sübut edən bu hesabata əslində Qərb ölkələri daha çox diqqət ayırsalar, yaxşı olardı. Ermənistanda belə götürəndə bir sahə yoxdur ki, orada hüquq pozuntuları olmasın. Bu səbəbdən də medianın hədəfə alınması sensasion sayıla bilməz. Ən maraqlısı həm də odur ki, hesabatda birbaşa baş nazir Nikol Paşinyan ittiham olunur.

Ermənistanda jurnalistlərə qarşı hücumları, fiziki təzyiqləri sübut edən daha bir qalmaqallı hesabatı Söz Azadlığının Müdafiə Komitəsi yayıb. Təşkilatın sədri Aşot Melikyan 2023-cü ilin birinci rübündə olduğu kimi, ikinci rübündə də jurnalistlərə qarşı problemlərin olduğunu bəyan edib. Onun sözlərinə görə, jurnalistlərə və media nümayəndələrinə təzyiqlər artıb. Ümumilikdə 18 belə hal qeydə alınıb:

“Əvvəlki rüblə müqayisədə biz artım qeyd edə bilərik”. Məlumatların əldə edilməsi, eləcə də dərc edilməsi baxımından da pozuntular müəyyən edilib. Ümumilikdə, söhbət 24 belə hadisədən gedir. Birinci rübdə bu göstərici 49 civarında olub. Melikyan mediaya və ayrı-ayrı jurnalistlərə qarşı məhkəmə iddialarının sayının artdığını da qeyd edib. Xüsusən də yuxarıda qeyd olunan məhkəmə iddialarının əhəmiyyətli hissəsinin ya indiki hakimiyyətin nümayəndələri, ya da müxtəlif səviyyəli məmurlar tərəfindən başlanmasından narahatlıq var:

“İkinci rübdə baxılması üçün təqdim edilmiş 16 işdən 11-i hazırkı hökumətin nümayəndələri və ya vəzifəli şəxslər, beşi isə biznes nümayəndələri tərəfindən qaldırılıb. Eyni zamanda birinci rübdə məhkəməyə cəmi səkkiz iddia daxil olub”.

Problemli məqam kimi dövlət mediasının hakimiyyətin ünvanına hər hansı tənqiddən çəkinməsi göstərilir. Digər tərəfdən, böyük dozada nifrət nitqinin olmasına toxunulur. Ermənistanda jurnalistlər mütəmadi olaraq təhqir olunur, hücuma məruz qalır və böhtana görə təqib edilirlər. Jurnalistlərə qarşı zorakılıq cəzasız qalır.

Beləliklə, bu kimi hesabatlardan sonra görəsən beynəlxalq hüquq-müdafiə təşkilatları, Qərbin aparıcı dövlətləri rəsmi İrəvanı tənqid etməyə start verəcəklərmi? Yoxsa hər zaman olduğu kimi, bu dəfə də ikili standartlardan çıxış edib susmağa üstünlük verəcəklər? Yoxsa Avropa Jurnalistlər Federasiyası kimi nüfuzlu təşkilatın hesabatını görməməzlikdən gələcəklər? Suallar çoxdur, cavablar isə yox. Hər halda Qərbin jurnalist təşkilatları heç olmasa göstərilən faktlara nəzər salsalar, daha yaxşı olardı. Çox güman ki, yenə də Ermənistanın Mətbuat Azadlığı İndeksində mövqeyini “yaxşılaşdırmağa” çalışacaqlar.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir