Siyasət

Fidan-Bayramov danışıqları altı aspektdə: Masada FETÖ təhdidləri də var – TƏHLİL

Sharing is caring!


Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri əsasən altı istiqamət üzrə əhəmiyyət kəsb edir.

Birincisi, Azərbaycanla Türkiyə arasında Qarabağda baş verən hadisələr fonunda gələcək addımlar üçün bəzi dəqiqləşdirmələrə ehtiyac yaranır.

Türkiyənin Qarabağ üzrə regional və beynəlxalq oyunlara cavab olaraq adekvat davranışlarının regional miqyasının cərəyan edən proseslərlə əlaqəli ölçülməsi işi aparılır.

Çünki Türkiyədə prezident seçkisindən sonra Ankara Rusiya ilə Qərb arasındakı tarazlıq oxunun bir qapısını NATO-nun genişlənmə proqramı üçün açdı.

Türkiyə ilə Qərb arasındakı strateji yaxınlaşma Azərbaycanın aktivinə fayda verir, hərçənd, Ankara Moskva ilə münasibətləri soyutmaq yoluna qədəm qoymur.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zəngəzur dəhlizinin diplomatik-siyasi, yoxsa hərbi üsullarla açılışına hazırlıq mərhələlərində Türkiyənin yeri regional gündəliyinin içərisində qabarıqlaşır.

Türkiyə xarici işlər naziri Hakan Fidanın “Zəngəzur dəhlizinin açılmasının böyük önəmi var” deməsi perspektiv üçün Ankaranın bu yöndə ata biləcəyi addımlardan xəbər verir.

İkincisi, Türkiyənin xarici siyasət arenasındakı islam dininin mühafizəsi motivləri Azərbaycanın da strateji yanaşmasına məzmun əlavə edir. Türkiyə xarici işlər naziri Hakan Fidanla Ceyhun Bayramovun birgə mətbuat konfransında Quranın yandırılması aksiyalarını pisləməsi həmin məntiq əsasında diqqətəlayiq bəyanatlardır.

Üçüncüsü, Azərbaycanla Türkiyə Ankaranın Körfəz regionu və İsraillə münasibətlərini formatlamasından irəli gələn yerlərini regional müstəvilərdə müəyyən etməlidirlər. Çünki Türkiyə regionda əsas aktorlardan biridir, onun Yaxın Şərqdə, Körfəz regionunda maraqlarına toxunan hadisələr və ya ideyalar Ankara üçün çətinlik yarada bilər.

Tənliklərin həllində strateji müttəfiq kimi Azərbaycanın Türkiyəyə dəstəyi qaçılmazdır, buna görə də Bakı-Ankara gündəliyində həmin məsələlər üzrə prioritetlərin müəyyən edilməsi başadüşüləndir.

Dördüncüsü, Bayramovun Türkiyə səfəri FETÖ-yə qarşı birgə mübarizədə yeni hədəflərin koordinatlarını tutmaq və onları ifşa etmək planları ilə bağlı koordinasiyalı işin təşkilinə yönəlib.

Türkiyə FETÖ əleyhinə mübarizədə Azərbaycanı lazımi kəşfiyyat məlumatları ilə təmin edir. Görünür, Türkiyənin gizli qovluqlarında FETÖ-nün Fetullah Gülenin aldığı təlimatlar əsasında, yenidən təşkilatlanması, onun praktiki fəaliyyətində daha əvvəllər təcrübədən keçirilməmiş fəaliyyətə başlayacağı ilə bağlı ciddi kəşfiyyat məlumatları mövcuddur.

Beşincisi, Rusiya-Ukrayna müharibəsinin mənfi geoiqtisadi təsirlərinə qarşı energetika sahəsindəki əməkdaşlıqdan doğan reaksiyaların çevikliyini artırmaqdır.

Bu, Cənub Qaz Dəhlizi beynəlxalq enerji layihəsi və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Çin mərkəzli hesab edə bilərik) istiqamətində xüsusilə önəm qazanır. Bakı ilə Ankara Avropaya hər iki halda Avropaya keçiddə təsiredici və diktəedici rıçaqlara sahibdirlər.

Bu amil Azərbaycanın və Türkiyənin strateji genişlənməsi üçün enerjidir ki, bunun bəhrələrini yenə dərmək Bakı-Ankara masasında müzakirə olunur.

Altıncısı, Türk Dövlətləri Təşkilatının (TDT) proqramını praktiki şəkildə genişləndirmək, onun mövqeyini dəyişən dünya nizamı arasında yerbəyer etmək və mövqelərini daha da inkişaf etdirməkdir.

Beləliklə, proqnoz kimi səsləndirsək:

– Azərbaycanla Türkiyə arasındakı danışıqların yeni raundundan sonra regionda bədxassəli şişlərin kəsilib-atılması istiqamətində mühüm addımlara şahidlik edə bilərik.

Buraya terrorizmlə mübarizədən tutmuş hərbi-siyasi təhdidlərin önlənməsinə qədər geniş aspekt daxildir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir