Siyasət

“Avropa İttifaqının missiyası riyakarlıq edir və özünü ermənilərin vəkili kimi aparır” – RƏY + FOTO

Sharing is caring!


“Avropa İttifaqının mülki missiyası ermənilərin vəkili rolunda çıxış edir”.

Bunu “Report”a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, Ermənistanın Qarabağdakı ermənilərə humanitar yardım aparmaq cəhdi siyasi spekulyasiya, şantaj və beynəlxalq ictimaiyyət üçün qurulan növbəti şoudur:

“Onlar bu teatrı dağın başında dayanan Avropa İttifaqı nümayəndələrinə, Qərb ölkələrinin səfirliklərinə nümayiş etdirməklə belə görüntü yaratmaq istəyirlər ki, Azərbaycan Xankəndiyə humanitar yüklərin aparılmasına icazə vermir. Halbuki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib. Bu yolun təbii imkanları Laçın-Xankəndi yoluna nisbətdə daha üstündür”.

A.Hüseynov söyləyib ki, işğaldan sonra yenidən qurulmuş Bərdə-Ağdam yolu malların daha asan və rahat şəkildə çatdırılmasına imkan yaradır. O deyib ki, ermənilər isə bu səmərəli variantı kənara qoyaraq məqsədli şəkildə Laçın-Xankəndi yolunda “humanitar yük karvanı” cəmləməklə süni təxribat yaratmağa cəhd edirlər.

Deputatın sözlərinə görə, bu məsələdə riyakarlıq nümayiş etdirən Avropa İttifaqının mülki missiyasının, həmçinin Qərbin bəzi dairələrinin hərəkəti də təəssüf doğurur:

“Avropa İttifaqının Ermənistandakı missiyasının maşın karvanını az qala hərbi konvoy kimi müşayiət etməsi bu riyakarlığın əyani təzahürüdür. Bu gün islamofobiyanın və rasizmin tüğyan etdiyi bəzi Avropa ölkələri çirkin iç üzlərini bu məsələdə də növbəti dəfə nümayiş etdirirlər. Bu gün guya Qarabağdakı ermənilərin “qayğısı”na qalan, mövcud vəziyyətdən narahatlıq keçirən Avropa ölkələri Azərbaycan torpaqları işğal altında qalanda, bir milyon qaçqın və məcburi köçkün məşəqqətli həyat yaşayanda susqunluq nümayiş etdirirdilər”.

A.Hüseynov xatırladıb ki, Naxçıvan bu gün də blokadadadır, Ermənistan 10 Noyabr sazişini imzalayanda kommunikasiyaların açılmasına dair üzərinə öhdəlik götürüb, ancaq buna əməl etmir:

“Avropa İttifaqı bu məsələlərə göz yumur, Azərbaycanın 400 min sakininin Naxçıvanda blokada həyatı yaşamasının üstündən sükutla keçir. Bütün bunlar bir daha Qərbin saxtakarlığının təzahürüdür. Ona görə də Azərbaycan dövlətinin sözügedən məsələdə prinsipiallığı və qətiyyəti qarşısında heç bir təşkilatın, xarici güclərin bu cür manipulyasiyalarının xeyri yoxdur. Azərbaycan öz şərtlərini ortaya qoyub və onlara əməl edilməkdən başqa çıxış yolu yoxdur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir