Siyasət

“Revanşizmə can atan qövmə ötən əsrin axırları olmadığını xatırlatmaq lazımdır” – ŞƏRH + FOTO

Sharing is caring!


“Azərbaycan Ermənistanın Fransayla birgə planlaşdırdığı və bunda nə məqsəd güdüldüyü dünən yetərincə üzə çıxan, Rusiyaya da bəlli səbəblərdən məmnunluq bəxş edən “humanitar yardım” şousunu cavabsız qoymamalıdır, məncə, qoymayacaq da. Hiss olunur ki, cavab yumşaq və sərt tədbirlər görülməklə gerçəkləşdiriləcək, yəni hibrid xarakter daşıyacaq”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib. O qeyd edib ki, Hindistandan alınan hərbi texnikanın İran üzərindən Ermənistana necə ötürüldüyünün çəkilərək yayılması sıradan hadisə deyil:

“Mümkündür ki, bunun ardınca Rusiyanın Qarabağdakı hərbi kontingentinin Ermənistan ordusunun oradakı özləri kimi müvəqqəti tör-töküntüsü ilə sıx əməkdaşlıqlarını əks etdirən növbəti kadrlar da paylaşılsın. Bu isə o deməkdir ki, hərəkətlərindən də göründüyü kimi, bizə qarşı düşmənçilik hissləri azalmaq əvəzinə, daha da güclənən, revanşizmə can atan qövmə yenidən indi ötən əsrin axırları olmadığını xatırlatmaq lazım gələcək.

Həmçinin, qarşı tərəfin dünənki təxribat şousuna simmetrik cavab da verilə bilər. Belə görünür ki, Qarabağdakı haylarla haydillilərə, ilk növbədə də sonunculara ərzaq, humanitar xarakterli digər malların Ağdam üzərindən çatdırılacağını deməklə yanaşı, onun sərgilənməsinə də ehtiyac var”.

Sahib Alıyev Azərbaycan cəmiyyətinin məsələyə münasibətinin də önəmli olduğunu düşünür. Deputat açıqlamasında cəmiyyətə bu barədə sual da ünvanlayıb:

“Ermənistanın dünənki təxribat şousunun oyunçuları kimi çıxış edən Avropa Birliyinin guya mülki missiyasıyla Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin bizim suverenliyimizə yanaşmaları bir-birindən çoxmu fərqlənir? Bunu Azərbaycan cəmiyyətindən ona görə soruşuram ki, Azərbaycanla Ermənistan arasında vasitəçi rolunda çıxış edən, yaxud da özlərini bu cür göstərməyə çalışanlardan kimə üstünlük vermək lazım gəldiyini cəmiyyət olaraq da tam yəqinləşdirək.

Bizim üçün vasitəçilərin kimliyi yox, atdıqları addımların maraqlarımıza cavab verib-vermədiyi və qarşı tərəf üzərində təsirlilik dərəcəsi önəmlidir.

Açıq deyək ki, bu baxımdan Rusiyanın önə çıxması üçün Paris Moskvadan daha böyük səy göstərir və düzü, mən buna təəssüflənsəm də, heç də təəccüblənmirəm”.

Xatırladaq ki, Hindistanın İran vasitəsilə Ermənistana silah daşıdığını əks etdirən görüntülər yayılıb. Kadrlardan aydın olur ki, Nordüz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonu hərəkət edir. Daşınan yükü gizlətmək üçün üzərinə göy rəngdə tent atılsa da, İrandan Ermənistana daşınan yüklərin hərbi məqsədlər üçün nəzərdə tutulduğu aydındır.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir