Siyasət

Gülerin Həsənov və Nağıyevlə müzakirələri: Vurulan ritmlərin apardığı yol – TƏHLİL

Sharing is caring!


Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə görüşüblər.

Diqqət çəkəcək məqam odur ki, bu görüşdə Azərbaycanın xüsusi xidmət orqanının şefi də iştirak edib, deməli, Azərbaycan-Türkiyə əməkdaşlığında hərbi və kəşfiyyat sahəsindəki koordinasiyanı diri tutmaq üçün daha genişmiqyaslı planlar hazırlanır.

Sözsüz ki, müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlıq fazasının genişləndirilməsi regional təhdidlərlə əlaqədardır.

Türkiyədə prezident seçkisindən sonra xarici siyasət kursunu Ankaranın qlobal oyunçuya çevrilmək prinsiplərinə söykəməsi onun maraqlarını Cənubi Qafqaz coğrafiyasında da yüksəklərə qaldırır.

Təbii ki, Türkiyənin güc olmaq iddiası heç də hamı tərəfindən xoş qarşılanmır və Ankaranın nüfuzuna alternativlər formalaşdırılır.

Türkiyəyə qarşı tendensiyalar Azərbaycanın da maraqlarına cavab vermir, buna görə də Bakı-Ankara strateji müttəfiqliyində icra olunacaq məsələlərin sayı artır.

Gülerin Həsənov və Nağıyevlə birgə görüşü bu məsələlərdə irəliyə aparılacaq mövzuların razılaşdırılması, dəqiqləşdirilməsi mahiyyətini özündə ehtiva edə bilər.

Müdafiə və təhlükəsizlik sferasında müştərək immunitetlərin formalaşdırılması kəşfiyyat məlumatlarının intensiv mübadiləsi ilə düz mütənasibdir, bu mənada Azərbaycanla Türkiyə arasında bundan sonra həmin istiqamətdə daha çox fəallıq müşahidə ediləcək.

Türkiyə və Azərbaycan mübarizə üsullarını təkcə hansısa gücə qarşı deyil, geosiyasi ambisiyaların bir elementinə çevrilmiş proksi qüvvələrə qarşı da qururlar.

Bu baxımdan, Türkiyə üçün FETÖ və PKK, İranın Cənubi Qafqazda formalaşdırmaq istədiyi qüvvələrə qarşı mübarizəsi Azərbaycanla müttəfiqlik fonunda mühüm əhəmiyyət kəsb etməkdədir.

Bu məsələdə Türkiyə-İsrail münasibətlərində buzların əriməsinə də baxmaq lazımdır. Ankaranın Təl-Əvivlə dostlaşması onun ən faydalı və effektiv kəşfiyyat məlumatlarına çıxış imkanlarını artırır, regional güc kimi əlini daha gizli seyflərə çatdırır. Bu, Azərbaycan üçün də yeni imkanlar vəd edir, hərçənd ki, onsuz da, Azərbaycanla İsrailin münasibətləri yaxşı səviyyədədir.

İndi qalır ki, Azərbaycan-Türkiyə-İsrail münasibətlərinin üçbucaq formasındakı inkişafı rəsmiləşsin.

Azərbaycanla Türkiyənin hərbi-kəşfiyyat sahəsindəki apardığı yeni müzakirələrin ritmi ikitərəfli münasibətlərin nəzərdən keçirilməsi ilə yanaşı, çoxtərəfli əlaqələr sisteminə də baxış bucağı kimi vurğulana bilər.

Bunlardan əlavə, Azərbaycan Türkiyənin bir neçə ən müasir silahına da çıxış əldə etməlidir ki, bunun da müzakirələrinin getdiyi birmənalıdır.

Azərbaycanın yeni silahlar idxal etmək kanalları Bakı-Ankara strateji müttəfiqliyinin güclənən profilinə qarşı qısqanc yanaşanları xeyli narahat edə bilər.

Hələlik bu müzakirələr qapalı qalmalıdır, hansısa kəşfiyyatın məxfi detallara sızıb dövriyyəyə informasiya atması qəbuledilməzdir.

Bu məsələdə Azərbaycanla Türkiyə xüsusi xidmət orqanlarının konfidensiallıq çərçivələrini möhkəmləndirməsi, Müdafiə nazirliklərinin isə məxfilik prinsiplərini qoruması üçün əlavə tədbirlərə ehtiyac duyulacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir