Siyasət

Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında vacib rol oynayıb

Sharing is caring!

Azərbaycanın paytaxtı olan Bakı şəhəri qədim şəhər olduğundan burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. Qədim “İçəri Şəhər”, Şirvanşahlar Sarayı, Qız Qalası, Qobustan qayalıqları və bu kimi tarixi yerlərimiz, mədəniyyət abidələrimiz, memarlıq incilərimiz Azərbaycana gələn qonaqları heyrətə gətirir.

Buraya gələn xarici qonaqlar eyni zamanda, hər gəlişində Bakının daha da gözəlləşdiyinin, inkişaf etdiyinin, müasirləşdiyinin şahidi olurlar.
Lakin Azərbaycanın başı əsrlərdən bəri bəlalar çəkib. Torpaqları parçalanıb, bölünüb.

Öz ərazisində müvəqqəti sığınacaq verdiyi ermənilər isə zaman-zaman yerlərini daha da genişləndirməyə çalışaraq yerli azərbaycanlı əhalisini sıxışdırıb çıxartmış, qədim tarixi, mədəni və dini abidələrimizi uçurub dağıtmışlar. 90-cı ilin əvvəllərində isə daha böyük ərazilərimizi zəbt etmiş bir milyondan artıq yerli əhalini öz doğma yerlərindən didərgin salmışlar.

1990-ci illərdə Azərbaycanda xaos vəziyyət yaranmışdı. Daxildə vətəndaş müharibəsi qaçılmaz idi. Müstəqilliyimizi itirmək üzrə idik. Bu vaxt XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən Heydər Əliyev xalqın təkidi və xahişi ilə yenidən rəhbərliyə dəvət olundu. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz xilas edildi. Beləliklə Azərbaycanda yeni tarixi mərhələ-dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başladı. Ümummilli Liderimiz Heydər Əliyevin müdrik, uzaqgörən daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, milli Ordunun formalaşdırılması beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görüldü. Dahi rəhbərin yenidən hakimiyyətə gəlişi dünyada ermənilərin və onların havadarlarının Azərbaycan haqqında yaratmış olduğu qeyri obyektiv münasibəti tamamilə dəyişdi.

Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Heydər Əliyev Azərbaycan dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illlərin əvvəllərində hökm sürən xaos vəziyyətə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi.

Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb-dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Burada olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub”.

Dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıtması xarici siyasətin düzgün aparılmasında və həyata keçirilməsində bir dönüş yaratdı. Heydər Əliyevin xarici siyasətində Azərbaycan elmini, mədəniyyətini, tarixini dünya dövlətlərinə tanıtmaq, xarici dövlətlərlə bərabərhüquqlu, Azərbaycanın mənafeyinə xidmət edən əlaqələr yaratmaq və Qarabağ probleminin həlli mühüm yer tuturdu. Heydər Əliyev əvvəlcə xarici dövlətlərlə Azərbaycan arasında iqtisadi, siyasi cəhətdən sıx əməkdaşlıq yaratdı ki, bu da gənc, müstəqil Azərbaycanın xarici siyasətində mühüm addım idi.
Bir sıra digər xarici ölkələrlə olduğu kimi Azərbaycan-Çin əlaqələri də yüksələn xətt üzrə gedib.1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çin Respublikasına səfərindən sonra qeyd edib ki, Çin ilə Azərbaycan Respublikası arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, “Böyük ipək yolu” və s. Olduğunu xatırlayırıq, indi isə dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: ”Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir.

Əslində, Çin onun üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri də Çinlə ikitərəfli münasibətlər qurmaq idi”.

Bu gün Heydər Əliyevin siyasi kursunu onun layiqli davamçısı İlham Əliyev davam etdirir. Çin dövləti ilə münasibətlər, siyasi, iqtisadi əlaqələr daha geniş inkişaf edir.
Azərbaycan həmişə sülhün tərəfdarı olub. Prioritet məsələ indi Ermənistanla sülh müqaviləsinin bağlanmasıdır. Bu gün Ermənistan-Azərbaycan arasında atəşkəs mövcuddur. Lakin vəziyyət hələ də mürəkkəb olaraq qalır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kvadratkilometr ərazidə tanıdı. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır.

Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Fikir aydınlığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Onlar qeyd etməlidirlər ki, Qarabağ Azərbaycandır və imzalamalıdırlar.”

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir