Siyasət

“Ağdam yolu humanitar daşınmalar üçün daha asan və təminatlı dəhliz ola bilər” – ŞƏRH + FOTO

Sharing is caring!


“Azərbaycan həmişə humanizm prinsiplərinə sadiq qalaraq öz vətəndaşlarının təhlükəsizliyi və humanitar-sosial qayğılarla əhatə olunmasını prioritetlərdən biri kimi diqqətdə saxlayır. O cümlədən Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərin də humanitar dəstəklə əhatə olunmasına çalışır. Azərbaycanın ermənilərə humanitar yüklərin daşınması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təklif etdiyi Ağdam-Xankəndi yolu da məhz etibarlılıq və daha məqsədəuyğunluq prizmasından meydana çıxıb”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. 

Deputat qeyd edib ki, bu yaxınlarda Brüsseldə keçirilən üçtərəfli görüşdə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu humanitar marşrutu dəstəkləyib:

“O da Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə edilməsini daha etibarlı həll variantı kimi görür. Ancaq ermənilər bu yoldan istifadə etməkdən imtina etməklə növbəti siyasi spekulyasiyalara, riyakarlığa əl atmaqdadır.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Brüsseldə bu, bir daha rəsmi şəkildə bəyan olundu, İrəvan həmçinin ölkəmizin daxili işlərinə qarışmadığını bəyan edir. Azərbaycanın ərazisində hansısa kommunikasiyaların hərəkətinin müəyyən edilməsi, tranzitlərin istiqamət və səmtinin dəyişdirilməsi rəsmi Bakının müstəsna qərarlarıdır və heç kim  buna müdaxilə edə bilməz. O cümlədən də, Ermənistanın Azərbaycanın nəqliyyat-kommunikasiya xətlərində yerdəyişmələr aparmasına, öz vətəndaşlarının kommunikasiya xətlərinə çıxış imkanlarının müəyyənləşməsinə qarışması qeyri-mümkündür. Bu baxımdan Laçın-Xankəndi yoluna alternativ olan Ağdam yolunun açılması təşəbbüsü Azərbaycanın öz daxili işidir və kimin razılaşıb-razılaşmamasından asılı olmayaraq, qərarları Azərbaycan dövləti verir”.

Deputat vurğulayıb ki, Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolunun təklif olunmasının əsas məqsədi bölgədə daha güclü təhlükəsizlik və etimad mühiti yaratmağa, ermənilərin daha asan və rahat təminatlarla təchiz edilməsinə xidmət edir:

“Ermənistanın Azərbaycanın bu təklifi ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur. Hazırda sülh gündəliyi ilə bağlı həssas bir dönəmdə Ermənistan hakimiyyətinin münasibətləri normal saxlamasında marağı var. İstənilən gərginlik bu ölkə üçün daha ağır nəticələrə səbəb ola bilər ki, bu da hərbi vəziyyətlə yanaşı, iqtisadi-sosial durumu da ağırlaşdırmış olardı. Eyni zamanda, Xankəndidə olan erməni separatçılar da bu cür cılız hərəkətlərlə özlərinin sonunu daha da yaxınlaşdırırlar”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir