Siyasət

Siyasi meyitin beynəlxalq meyitə süni nəfəsi – Serj Sarqsyan nə istəyir? – FOTO

Sharing is caring!


Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanla baş nazir Nikol Paşinyan arasında uzun müddətdir davam edən qarşıdurma yeni müstəviyə qədəm qoyub. Əslində, hər iki tərəf arasındakı qarşıdurma Paşinyanın Qarabağ klanına qarşı apardığı müharibə sayılırdı. 2018-ci ildə üçüncü prezident Serj Sarqsyanı “məxməri inqlab”la devirən Paşinyan Ermənistanda Qarabağ klanının hakimiyyətinə son qoyub.

Son günlər Ermənistanın paytaxtı İrəvanda və Azərbaycanın Qarabağ regionunda sülh danışıqlarını baltalamaq üçün Xankəndinin separatçı erməniləri tərəfindən start verilən etiraz mitinqləri fonunda S.Sarqsyan ABŞ, Rusiya və Fransa prezidentləri – Cozef Bayden, Vladimir Putin və Emmanuel Makrona açıq məktub ünvanlayıb. Sözügedən dövlətlərin vaxtilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olmaları diqqətdən yayınmayıb. Erməni siyasi arenasında artıq paslanmış və kənara atılmış, siyasi meyit sayılan S.Sarqsyan açıq məktubunda erməni cəmiyyəti üçün uydurulmuş “blokada” nağılından uzun-uzadı bəhs edib, sonra isə blokadanın aradan qaldırılması üçün hərəkətə keçməyə, son olaraq isə diplomatik danışıqlar aparmağa çağırıb.

Əslində, Qarabağdakı ermənilərin taleyi və növbəti mərhələdə baş verəcək hadisələr Sarqsyanı qətiyyən maraqlandırmır. Onun bu məktubu tarixin zibilliyinə atılan Minsk qrupu formatını yenidən yada salmağa, N.Paşinyana qarşı revanş etməyə hesablanıb. Siyasi karyerasını biabırçı formada başa vuran S.Sarqsyan çox güman ki, mətbuatı dərindən izləmir. Əgər izləsəydi, Prezident İlham Əliyevin “Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir. Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq”, – bəyanatını oxuyardı və qalib liderin məsələ ilə bağlı dəfələrlə eyni kontekstdən çıxış etdiyini, sonuncu dəfə mayın 3-də Şuşada keçirilən beynəlxalq konfransda da səsləndirdiyi fikri ilə tanış olardı. Çünki özünü siyasətçi sayan şəxs istər-istəməz qarşı tərəfin də bəyanatlarını, fikirlərini və açıqlamalarını diqqətlə oxumalı, ötürülən mesajları sezməlidir. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

Bu səbəbdən də S.Sarqsyanın keçmiş Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərlərinə üz tutması heç də təəccüblü deyil. Ermənistana rəhbərlik etdiyi 10 il ərzində danışıqlarla bağlı bir addım da irəliyə getməyən üçüncü prezident status-kvonun qorunub saxlanılmasından başqa heç bir “uğura” imza atmayıb. Yenidən Minsk qrupuna üz tutmaq isə onun həm siyasi cəhətdən bitmiş olması, həm də yenidən mədəd axtarışına çıxması ilə bağlı ola bilər. Ehtimal edilir ki, S.Sarqsyan bu açıq məktubla hər üç ölkənin siyasi dairələrinin nəbzini yoxlayır, hər hansısa birindən dəstək gəldiyi zaman yenidən hərəkətə keçməyi planlaşdırır.

Amma Azərbaycan Prezidentinin də vurğuladığı kimi, artıq münaqişə bitib, Minsk qrupu isə tarixin zibilliyinə atılıb. Belə olduğu halda, S.Sarqsyanın yenidən bu formata üz tutması əslində siyasətçi kimi bitmiş olmasından xəbər verir. Ümid yerinin yenidən danışıqlar olduğunu büruzə verən S.Sarqsyan hər halda N.Paşinyanın yerinə göz dikdiyini də gizlətmir. Ermənistanda 2018-ci il etirazları fonunda kreslosu ilə vidalaşan S.Sarqsyan 2023-cü il etirazlarını fürsət bilərək eyni yolla hakimiyyətə qayıtmaq, xaricdəki havadarlar və diasporun diqqətini cəlb etmək niyyəti güdür. Çünki bütün çıxışlarında günah keçisi kimi N.Paşinyanı göstərmək, onu istefaya səsləməyin başqa məqsədi ola bilməz.

Yuxarıda da qeyd etdiyimiz kimi, Paşinyanla Sarqsyan arasında münasibətlər 2018-ci il Sorosun Açıq Cəmiyyət Fondunun dəstəyi ilə baş tutan “məxməri inqilab”dan sonra kəskinləşib. Hakimiyyətə yiyələnən Paşinyan əlindəki rıçaqlardan istifadə edərək keçmiş dövlət başçısına qarşı cinayət işi açdırmaqla yanaşı, onu uzunmüddətli həbsə göndərmək istəyini açıq-aşkar büruzə verib. Baş nazir postuna oturduqdan sonra korrupsiyaya qarşı mübarizəyə başlayan N.Paşinyan elə Qarabağ klanının liderlərindən sayılan S.Sarqsyana qarşı korrupsiya ilə bağlı cinayət işinin açılmasına da müvəffəq olub. 2019-cu ildə başlanılan cinayət işinin əsas məqsədi Sarqsyanın aktiv siyasətlə məşğul ola bilməsinin qarşısını almaq idi. Məhkəmənin qərarı ilə istintaq davam edir və Serj Sarqsyan Ermənistanı tərk etsə, o zaman onu 7 il müddətinə həbs gözləyə bilər.

Paşinyan, hətta S.Sarqsyanın ailə üzvlərini də hədəf almaqdan çəkinməyib, onun qızlarını da qanunsuz əmlak sahibi olmaq ittihamı ilə hakim qarşısına çıxarıb. Siyasi rəqibini neytrallaşdıran Paşinyan məhkəmə şousu ilə Qarabağ klanının ümidlərindən sayılan sabiq dövlət başçısını aktiv siyasətdən uzaq tutmağa nail ola bilib.

Görünür, son günlər İrəvanda baş verən etiraz fonunda Sarqsyan bəxtini yenidən sınamaq qərarına gəlib. Eyni zamanda Azərbaycanın Xankəndi şəhərində separatçı Arayik və dəstəsinin aktivləşməsi də S.Sarqsyanın iştahasını artırıb. Açıq məktub erməni KİV-də yayımlandıqdan dərhal sonra Serjə yaxınlığı ilə tanınan politoloqlar da hərəkətə keçiblər. Tiqran Abramyan, Artak Zakaryan gecəni yatmadan mövzu ilə bağlı müxtəlif açıqlamalar verərək sanki “mən də buradayam” mesajı veriblər. Sözügedən şəxslər keçmiş prezidentin müdafiəçiləri sayılırlar və onunla bağlı istənilən hadisədə xüsusi aktivlik, canfəşanlıq göstərirlər. Görünür, S.Sarqsyan hakimiyyətə qayıtmaq xülyasından onlara da pay söz verib.

Qarabağ klanını yenidən aktivləşdirmək, hakimiyyətə yiyələnmək, sülh müqaviləsinin imzalanmasını gecikdirmək Sarqsyanın əsas arzusudur. Görünür, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı aparılan danışıqlar S.Sarqsyanın yuxusunu ərşə çəkib. Çünki sülh müqaviləsi imzalandıqdan sonra separatçı və quldur, müharibə cinayətlərinə imza atmış Qarabağ klanının sonu olacaq. O son isə yaxındadır…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir