Siyasət

İran Rusiyanı şantaj edir – “Kaspi”nin TƏHLİLİ + FOTO

Sharing is caring!


Ukrayna müharibəsində Rusiyanın ən böyük silah tədarükçüsü olan Tehran rejimi ilə Moskva arasında soyuq küləklər əsir. Körfəz Əməkdaşlıq Şurasının Rusiya paytaxtında qəbul olunan son bəyanatına cavab olaraq İran Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Strateji müttəfiq dövlətlər kimi qələmə verilən Rusiya ilə İranın münasibətlərində problem yaşanır. Gərginliyi Moskvada Körfəz Əməkdaşlıq Şurasının (PGCC) altıncı strateji toplantısı, daha dəqiq ifadə etsək, yekunda qəbul olunan bəyanat yaradıb. Həmin bəyanatda bildirilib ki, körfəzdə yerləşən Kiçik Tunba, Böyük Tunba və Əbu Musa adaları Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsusdur. Həmin sənədə Rusiya da imza atıb və bu da Tehranı özündən çıxarıb. Dərhal İran XİN Rusiya səfiri Aleksey Dedova etiraz notasını təqdim edib. Tehran rejimi Moskva bəyanatını rədd edərək, üç adanın İranın olduğunu iddia edib. Məsələ ondadır ki, qeyd olunan adalar vaxtilə ingilislərin əlində idi. İran hakimiyyətinin məlumatına görə, tarixən adalar onlara məxsus olub və 1903-cü ildə müvəqqəti olaraq ingilislərin nəzarətinə keçib. Birləşmiş Ərəb Əmirliklərinin yaranmasına az qalmış adalar Tehrana qayıdıb. Adaları cəlbedici edən onların Fars körfəzinin strateji rayonunda yerləşməsidir. Əslində, Tehran adaları sahilyanı Hörmüzqan əyalətinin bir hissəsi hesab edərək onlara nəzarət edir. Bundan başqa, adaların ərazisi ölkənin müdafiə xəttinə daxildir – Böyük Tunbaya bitişik sularda dəniz manevrləri həyata keçirilir, adanın özü isə ölkənin bu regionunun hava hücumundan müdafiə sistemindədir. Öz növbəsində, Əbu-Dabi qonşu ölkəni adaları “işğal etməkdə” ittiham edir. Fars körfəzinin ərəb monarxiyaları yekdilliklə BƏƏ-nin mövqeyini dəstəkləyir, Tehranı bu ərazilərə iddialarından əl çəkməyə çağırırlar. Son zamanlar İran ərəb ölkələri ilə rəsmi əlaqələri bərpa edə bilib. Ancaq mövcud vəziyyət barışığa kölgə salır.

“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik.

İran və Rusiya münasibətlərdə səmimi ola bilməz

Beynəlxalq platformalarda illərdir bir-birini müdafiə edən Tehran və Moskvanın bir çox məsələlərdə mövqeləri üst-üstə düşüb. İki ölkə arasında əlaqələrdə maraqların toqquşması baş versə də, son 20 ildə yaxınlaşma hiss olunur. Məsələn, Xəzərin statusunun müəyyən olunmasında fikir ayrılıqları sonradan yekun sazişin imzalanması ilə nəticələnib. İki ölkənin münasibətlərini sabit adlandırmaq da olmaz. Buna yol açacaq ideoloji birlik mövcud deyil. İndiki vəziyyətdə İranın xarici siyasətində əsas rəqibin ABŞ yox, İsrail olduğunu qəbul etsək, şübhəsiz, Rusiya İranın yanında olmayacaq. Rusiyanın tarixən İsraillə heç bir münaqişəsi olmayıb və özünü əvvəldən bu ölkənin düşməni hesab etməyib. Rusiya heç bir halda İslam Respublikasının nüvə silahı əldə etməsini, dünyanın nüvə ölkələri klubuna daxil olmasını istəmir. O, həmçinin, İran qazının Avropada Rusiya qazının yerini tutmasını da istəmir. Yeri gəlmişkən, Moskvada qəbul edilən bəyanat Tehranın Ukrayna məsələsində tutduğu mövqeyini dəyişməsinə səbəb olub.

İrandan sürpriz bəyanat

Qeyri-sabit xarici siyasəti ilə seçilən İran Rusiyaya “sürpriz” etmək qərarına gəlib. Bəyan edilib ki, İran bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət edir və problemlərin danışıqlar yolu ilə həllini vacib sayır. Halbuki, İran bir qədər əvvəl Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi yardım edib, onun müdaxiləsini dəstəkləyib. Tehran Rusiyaya yüzlərlə kamikadze pilotsuz uçan aparat çatdırıb.

Ukrayna Xarici İşlər Nazirliyi silah tədarük etdiyinə görə İranı Rusiyanın təcavüzünə şərik olmaqda ittiham edib və diplomatik münasibətləri kəsməyə təşəbbüs göstərib. Əlbəttə ki, Tehranın qəfildən Ukraynanın ərazi bütövlüyünü tanımasını bəyan etməsi təsadüfi deyil. Bu kontekstdə diqqət Rusiya və ərəb ölkələrinin Moskva bəyanatına yönəlib.

“Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra Moskva tərəfdən aydınlaşmalar oldu, lakin biz bunları yetərli hesab etmirik və Rusiya və ya hər hansı digər tərəfin İranın ərazi bütövlüyü ilə bağlı bu praktikasının təkrarlanmasını qəbul etmirik”, – deyə İran XİN rəhbəri Hüseyn Əmir-Abdullahian deyib.

İran mətbuatı da Rusiyanı sərt tənqid etməyə başlayıb. Yerli mediada keçmiş XİN rəhbəri Məhəmməd Cavad Zərif İranı Moskvanın əlində alət olmaqda suçlayıb və deyib ki, Tehran hökumətinin Rusiya üçün heç bir dəyəri yoxdur. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf daha sərt olub.

“Rusiya bilməlidir ki, İranın qonşuları ilə əməkdaşlığı suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, “qırmızı xətlər”ə riayət edilməsindən asılıdır”, – deyən spiker əlavə edib ki, İran parlamenti Rusiya və Körfəz Əməkdaşlıq Şurasının üç ada ilə bağlı birgə bəyanatının məzmununu qəti şəkildə rədd edir. Ekspert və müşahidəçilər hesab edirlər ki, Tehran Qərbə yaxınlaşmaq xətti götürüb və Kremllə Pekini şantaj edir. Tehranın gözləntisi budur ki, Çin və Rusiya ərəb dövlətləri ilə münasibətlərini İrana görə tənzimləsinlər. Bu isə mümkün deyil.

Gərginlik pik həddə çatacaqmı?

Rusiyalı ekspertlər hesab edirlər ki, gərginlik pik həddə çatmayacaq. Politoloq, “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad İbrahimov hesab edir ki, yaranmış problem Rusiya-İran münasibətlərini çətinləşdirməyəcək. İranlılar özlərinin ərazi bütövlüyü məsələsinə çox diqqətli və hərtərəfli yanaşırlar, çünki bu aspekt Tehran üçün son dərəcə həssasdır. O qeyd edib ki, Oman adalara mənsubiyyət məsələsində BƏƏ-nin tərəfindədir, lakin bu, Tehrana nəinki Maskatla münasibətləri saxlamağa, hətta inkişaf etdirməyə mane olmur. “Təbii ki, Rusiyada heç kim İranın ərazi bütövlüyünü şübhə altına almır”, – deyə politoloq bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir