Dünya

Fransa böhran vəziyyətində: Makron nazirləri niyə dəyişir? – ŞƏRH + FOTO

Sharing is caring!


Fransanı bürüyən etirazlar, daxili və xarici siyasətdə yaşanan uğursuzluqlar Prezident Emmanuel Makronu və onun hökumətini çıxılmaz duruma salıb. Parisin müstəmləkələrində gərginlik pik həddə çatıb, insanlar artıq əvvəlki qaydada idarə olunmaq, hüquqlarının pozulması ilə barışmaq istəmirlər. Çox güman ki, Makron da bu təhlükələri görərək hökumətdə dəyişikliklər aparmağa məcbur olub.

Beləliklə, Fransa rəhbəri iyulun 20-də yeni nazirlərin siyahısını təqdim edib və bəlli olub ki, bir sıra əhəmiyyətli fiqurlar öz postlarını itiriblər. Baş nazir Elizabet Born isə vəzifəsini qoruyub-saxlamağa müvəffəq olub. Halbuki, fransızların çoxu onun fəaliyyətindən ciddi şəkildə narazıdır. Prezident bununla da fransızların hökumət başçısının istefası barədə rəylərini qulaqardına vurmuş olub.

“Elabe” Tədqiqat Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, respondentlərin 55 faizi E.Bornun fəaliyyətindən narazıdır və onun istefa verməsini zəruri sayır. Fransızlar baş naziri dövlət başçısı E.Makronun pensiya yaşının artırılması barədə təşəbbüsünün müəllifi hesab edirlər. Prezident narazılıqlara baxmayaraq, onun bütün əmr və tapşırıqlarını sözsüz yerinə yetirən bu şəxsi vəzifədə saxlamağa qərar verib. Fransalı şərhçilər hesab edirlər ki, E.Born baş nazir postunda çox qala bilməyəcək, hətta media onun kürsüsünü “katapulta kreslosu” adlandırıb.

Müxalifət çoxdandır ki, hökumət başçısının istefasını tələb etsə də, E.Makron siyasi opponentlərinin təzyiqləri qarşısında geri çəkilməyib. Lakin məsələ ondadır ki, yaxın perspektivdə hələ ki onun ciddi bir alternativ namizədi yoxdur. Yelisey sarayında yeni nazirlər qarşısında çıxışında E.Makron tətillərdən sonra onları çətin günlər gözlədiyini bildirib. Bu “çətinlik”lərin nədən ibarət olacağına isə aydınlıq gətirməyib. Çox güman ki, prezident daxili siyasətdə sərt addımlar atacağına işarə edib. E.Makron ən mühüm məsələlər sırasında parlamentlə mübarizəni, daha dəqiqi – miqrasiya haqqında qanunu görür. Bura yeni qalmaqallar, etiraz aksiyalarının artması, etimadsızlıq da daxildir. Bunlar isə baş nazirin və hətta hökumətin istefasına gətirib çıxara bilər. Çox güman ki, E.Makron baş naziri o səbəbdən də postunda saxlayıb ki, sonda onu qurban versin.

Cinsi azlıq nazir kürsüsündə

Əvvəldən anons edilmişdi ki, Fransa prezidentinin tapşırıqlarına qeyd-şərtsiz əməl edən daxili işlər naziri Jerald Darmanen, xarici işlər naziri Katrin Kolonna, iqtisadiyyat naziri Bryuno le Mer və müdafiə naziri Sebastyen Lekornyu öz postlarında qalacaqlar. Elə belə də olub. Ədliyyə naziri Erik Dyüpon-Moreti və mədəniyyət naziri Əbdül-Malak da kreslolarını qoruyublar. Vəzifələrini itirənlər isə sosial məsələlər, mənzil və şəhər məsələləri üzrə nazirlərdir. Baş nazirin administrasiyasının keçmiş rəhbəri səhiyyə naziri təyin olunub. O bu postda Fransua Bronu əvəzləyib. E.Makron bir vaxtlar yaxın ətrafına daxil olan Pap Ndiayeni qurban verib. Atası seneqallı, anası fransız olan bu şəxs postuna qədər Paris Miqrasiya Muzeyinə rəhbərlik edib. Onunla bağlı maraqlı məqamlar üzə çıxıb. Bir çoxları hesab edirdilər ki, Ndiaye Fransada dəyişikliklərin simvoluna çevriləcək. Kolonial tarix, Avropa və Amerikanın Afrikadakı borcları ilə bağlı tədqiqatları olan afrofransız məktəblərdə yeni qaydalar qoymalı idi. Hədəf də o idi ki, fransızlar miqrantların uşaqları ilə bir parta arxasında oturub təhsil alacaqlar. Lakin nazir kimi çalışdığı bir il ərzində heç bir dəyişiklik baş vermədi. Əksinə, son hadisə – əlcəzairli miqrantın polis tərəfindən güllələnməsi gərginliyi pik həddə çatdırıb. Məktəblilər isə bu etiraz aksiyalarında əsas qüvvəyə çevrildilər.

Nazir də bununla bağlı gedən polemikalarda jurnalistləri ittiham edərək onları sağyönümlü olmaqda ittiham edib. Onun yerini isə Makronun yaxın dostlarından hesab olunan Qabriel Attal tutub. Əvvəlki hökumətdə maliyyə naziri olan 34 yaşlı nazir milyonçu İva Attalın oğludur. Cinsi azlıq olduğunu gizlətməyən bu şəxs qarşısında hökumətin yerinə yetirməsi mümkün olmayan missiyası durur – gənclərin məktəb və dövlətə inamını qaytarmaq.

“Playboy”un üz qabığında görünən nazir də postunu itirib

Sosial iqtisadiyyat və ictimai təşkilatlar üzrə dövlət katibi Marlen Şyappa da vəzifəsindən gedib. Bu xanım son altı ildə Fransada qadınların siyasətdə simvolu hesab edilib. O, yazıçı, feministdir, dövlət katibi olub və bir neçə nazirlikdə çalışıb, amma insanları baş nazirdən çox, özü haqqında danışmağa vadar edib. Üç dəfə yaşadığı biabırçılıqsa onun siyasi karyerasını məhv edib. Hər üçündə də korrupsiya qalmaqalları üzə çıxıb. Yaratdığı fondlardan birinin korrupsiya qalmaqalında adı hallanıb. Digər bir qalmaqal isə “Playboy” jurnalının üz qabığında görünməsi olub. Buna görə də baş nazir tərəfindən tənqidlərə tuş gəlib. Bundan əlavə, verdiyi “açıq-saçıq” müsahibədə qadın və kişi münasibətləri ilə bağlı qalmaqallı fikirləri ilə məşhurlaşıb.

“Franceinfo”ya görə, Şyappanın sayəsində üç saat ərzində “Playboy”un 10 min nömrəsi satılıb.

Beləliklə, E.Makron ümid edir ki, yeni nazirləri onu başının üstünü alan qara buludlardan xilas edəcək. Ola bilsin ki, bu dəyişikliklər bir müddət üçün ona yararlı olsun. Ancaq bu, müvəqqəti haldır. Makronun və bütövlükdə Fransanın xilası zərərli xarici və daxili siyasətdən əl çəkməkdən keçir. Əks təqdirdə, bu və digər dəyişikliklər onu nəinki xilas edəcək, əksinə, gərginliyi daha da artıracaq. Beynəlxalq ekspertlər də bu qənaətdədirlər ki, Fransanın böhran vəziyyətindən çıxmasının tək yolu proseslərə düzgün qiymət vermək, xarici siyasətdə qərəzli və ikili yanaşmaya son qoymaqdır. Makron da bu həqiqəti başa düşsə, yaxşı olardı.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir