Siyasət

Fransa Ermənistanı silahlandırır: Paris Qafqazda sülhə imkan vermir – ŞƏRH + FOTO

Sharing is caring!


Fransa növbəti dəfə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq, Ermənistanı kütləvi silahlandırmaq proqramını reallaşdırmağa çalışır. Görünən də odur ki, regionda sülh və sabitliyə mane olmağı hədəfləyən Fransa Prezidenti Emmanuel Makronun hökuməti bu çirkin planını reallaşdırmaq üçün hər cür addımlar atmaqda davam edir.

Təəssüf doğuran hal ondan ibarətdir ki, Qərb qurumları Ermənistana əlavə silahların verilməsinə göz yumurlar. Qərbin söz sahibi olan nüfuzlu qurumları, dövlətləri anlamaq istəmirlər ki, bu siyasət Ermənistanın aqressiv iddialarının güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq. Ortada təcrübə də var. SSRİ dağıldıqdan sonra o dövr üçün ən müasir silahlarla təmin olunan Ermənistanın təxribatları Qafqazda bir milyona yaxın insanın ev-eşiyindən didərgin düşməsinə, Azərbaycan torpaqlarının işğalına gətirib çıxardı.

İndi də Fransanın mövcud müqavilələr əsasında Ermənistana verməkdə olduğu silahlar regionda sabitliyə mənfi təsir edir və sülh prosesini çətinləşdirir. Qərb ölkələri anlamalıdırlar ki, Ermənistana əlavə silahlar vermək planı rəsmi Paris tərəfindən son dərəcə məsuliyyətsiz bir işdir.

Qərb Fransanın mövcud hərbi-texniki müqavilələr üçün vermiş olduğu ixrac lisenziyalarını dərhal ləğv etməsinə nail olmalıdır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, Fransa beynəlxalq hüquq normalarına riayət etməlidir.

Bəlli olduğu kimi, Fransa 44 günlük Qarabağ müharibəsində və sonrakı müddətdə Ermənistanı silahlandıraraq bölgədə qarşıdurmanı gücləndirir. Fransa iki ölkə arasında gərginliyi qoruyub-saxlamaq siyasəti yürüdür, Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının vasitəçiliyi ilə gedən sülh danışıqlarını pozmaq istiqamətində addımlar atmaqdadır. Avropa İttifaqının sərt məhdudiyyət qaydalarına baxmayaraq, Makron hökuməti birtərəfli qaydada Ermənistanı silahlandırmaq kimi çirkin planını həyata keçirməyə çalışır. Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına hər vəchlə mane olmaqla yanaşı, Ermənistanda revanşizmi dəstəkləyərək onu silahlandırır, maliyyə dəstəyi göstərir. Fransa tarixinə ən uğursuz prezident kimi düşən Makron hər vəchlə bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına qarşı çıxır. Görünən odur ki, Fransa Ermənistanı silahlandırmaq siyasətini heç bir vəchlə dayandırmaq fikrində deyil. Hədəfi də bəllidir – Azərbaycanla Ermənistan arasında sülhün Ermənistanın xeyrinə nizamlanması prosesində “vasitəçi” rolunu oynamağa çalışır. Bu plan baş tutmadıqda isə regionu yeni hərbi eskalasiyaya sövq edir.

Qeyd edək ki, bu günlərdə Fransa parlamentinin spikeri Jerar Larşe Makronun planına uyğun olaraq rəsmi Paris qarşısında Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün ona müdafiə silahlarının verilməsi prosesini sürətləndirməsi tələbini qoyub. Mediada yer alan xəbərlərdə göstərilir ki, Fransa artıq Ermənistana 50 ədəd zirehli döyüş texnikası göndərib. Paralel olaraq rəsmi Paris İran vasitəsilə Hindistan istehsallı “Trajo” haubitsalarının göndərilməsini təşkil edib. Fransanın “Seazar” artilleriya sistemlərinin analoqu olan bu silahlar Hindistanda fransız şirkətinin lisenziyası əsasında istehsal olunur. Lakin Ermənistanda Fransanın bu təşəbbüsü ilə bağlı fərqli fikirlər var. Erməni mediası yazır ki, Fransadan Ermənistana silah verilməsi prosesinin gedib-getmədiyinə dair sorğulara cavab verilmir.

Hakim “Vətəndaş Sazişi” partiyasından olan deputat, parlamentin müdafiə məsələləri komissiyası sədrinin müavini Armen Xaçatryan deyib ki, düzdür, Ermənistan silah almaq üçün bütün ölkələrlə fəal iş aparır. Lakin Fransa ilə prosesin hansı mərhələdə olduğu, hara yetişdikləri, hansı hərbi-texniki əməkdaşlıqdan söhbət getdiyi barədə fransızların dediyindən başqa, heç nə deyə bilməyəcək. Parlamentin komissiya sədrinin müavini üstüörtülü şəkildə Rusiyanı da ittiham etməkdən çəkinməyib. Bildirib ki, Rusiya silah məsələsində Ermənistanın əsas müttəfiqi olaraq qalsa da, məlum səbəblərə görə uzun müddətdir ki, Ermənistanın silaha olan ehtiyaclarını təmin edə bilmir:

“Təbiidir ki, biz də ordumuzu silahlandırmaq üçün bütün dünya boyunca partnyorlar axtarmağa məcburuq”.

Ötən ay Ermənistanın müdafiə naziri Suren Papikyan da Fransada olub, aviasiya sərgisinin açılışında iştirak edib və Fransa müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb.

Maraqlıdır ki, Ermənistanın siyasi dairələrində Fransanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına qarşı çıxması sərt qarşılanır. Məsələn, politoloq Areq Koçinyan açıq şəkildə Fransanı ittiham edir və bildirir ki, Paris artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında vasitəçi kimi qəbul olunmur. Deputat hesab edir ki, Fransa Ermənistanın imkanlarını, müqavimətini gücləndirən müttəfiqə çevrilməlidir. Hətta qeyd edir ki, “Fransa Azərbaycan üçün Pakistan və ya Türkiyənin olduğu kimi bir dövlət olmayıb. İndi Fransanı vasitəçi kimi görmək Ermənistanın marağında deyil. Ermənistanın marağında olan Fransanı müttəfiq kimi görməkdir”.

Lakin burada ciddi bir problem var. Qərbdə Ermənistanla hərbi-sənaye əməkdaşlığına birmənalı yanaşmırlar. Səbəb də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasıdır. Başlıca problem sırasında Ermənistanın Rusiyadan asılılıq dərəcəsi də göstərilir. Eyni zamanda, Ermənistanda idarəçiliyin əsasını təşkil edən şəxslərin Rusiya Federasiyası ilə bağlılığı da var. Deputatın qənaətincə, əgər bu iki məqam olmasaydı, Ermənistanın KTMT üzvlüyü prinsipial problem olmazdı.

Yekunda bir daha qeyd edək ki, Avropa dövlətləri, onun müxtəlif təşkilatları, sülhü təbliğ edən qurumları, o cümlədən, Birləşmiş Ştatlar Fransanın Ermənistanı birtərəfli qaydada silahlandırmaq planına reaksiya verməlidirlər. Bölgədə sülh və əmin-amanlığın bərpası, yekun sülh sazişinin imzalanması yolu məhz bundan keçir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir