Siyasət

Orxan Məmmədov: “Səmərəli arbitraj sistemi xarici investisiyanın axınını asanlaşdıran təcrübələrdəndir”

Sharing is caring!


“Sahibkarlıq subyektlərinin və xarici investorların kommersiya mübahisələrində mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi perspektivində alternativ hüquqi həll mexanizmi kimi beynəlxalq arbitraj sınanıb və uğurlu institut olduğundan onun ölkədə tezliklə təşəkkül tapması olduqca əhəmiyyətlidir. Səmərəli arbitraj sistemi xarici investisiyanın axınını asanlaşdıran təcrübələrdən biri olduğundan ölkəmizdə də arbitraj institutunun tətbiqi xarici investorların Azərbaycana daha çox cəlb edilməsi üçün müsbət amil ola bilər.

Alternativ hüquqi həll mexanizmlərinin tətbiqinə praktiki misal kimi hazırda ölkədə tətbiq edilən mediasiya institutunun müsbət təcrübəsini vurğulaya bilərik. Hazırda “Bakı KOB evi”ndə mediasiya üçün ayrıca görüş otaqları təşkil edilib və bunun gələcəkdə yaradılacaq digər KOB evlərində də tətbiqi planlaşdırılır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ali Məhkəmə tərəfindən “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

“Hazırkı dövrdə KOBİA-ya edilən bir sıra müraciətlər məhz məhkəmə qərarlarının icrası ilə bağlı sahibkarlıq subyektlərinin rastlaşdıqları problemləri əhatə edir. Bu da məhkəmə icraatının səmərəliliyi ilə bağlı məsələnin nə qədər vacib olduğunu göstərir. Odur ki, istər məhkəmələrin fəaliyyəti, istərsə də alternativ həll mexanizmləri təklif edən institutların mövcudluğu, qəbul edək ki, son nəticədə çıxarılan qərarların icra edilməsi ilə öz effektivliyini göstərə bilər.

Nəzərə alsaq ki, hər hansı məhkəmə qərarı obyektiv və ya subyektiv səbəblərdən icra edilmirsə, bu həmin qərarın səmərəliliyini minimuma endirə və məhkəmələrə, ümumən məhkəmə sisteminə olan etimada zərbə vura bilər. Bu baxımdan məhkəmələrin inkişafı ilə birgə icra sisteminin də təkmilləşdirilməsi ən əhəmiyyətli məsələlərdən biridir. İcra sisteminin təkmilləşdirilməsi dedikdə özəl icra sisteminin yaradılması və elektronlaşdırmanın təmin edilməsi kimi tədbirlər nəzərdə tutula bilər. Məhz bu kontekstdə kommersiya mübahisələri üzrə qərarların icrasında üzləşilən problemlərdən biri də borclu sahibkarlıq subyektləri ilə bağlı vahid məlumat bazalarına icra qurumlarının birbaşa çıxışının olmamasıdır. Düşünürük ki, bu istiqamətdə də müəyyən işlər görülə bilər.

İnanırıq ki, bu görüşdə maraqlı müzakirələrin, fikirlərin şahidi olacağıq və sahibkarlar üçün də faydalı olacaq bu dialoq platforması ənənəvi xarakter alacaq.

Əminəm ki, qeyd edilən istiqamətlərdə birgə səylərimiz sahibkarlığın davamlı inkişafının təmin edilməsi ilə bu sahədə Prezident İlham Əliyevin iqtisadi, hüquqi islahatlar kursuna əhəmiyyətli töhfəsini verəcək”, – deyə Orxan Məmmədov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir