Siyasət

Fransalı generalın cinayəti və hollandiyalı sülhməramlıların məsuliyyətsizliyi – FOTO

Sharing is caring!


Bu gün Srebrenitsa soyqırımı qurbanlarının xatirəsinin anım günüdür.

“Report” xatırladır ki, soyqırımından 28 il ötür.

1991-95-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 1995-ci il iyulun 11-12-də bosniyalı müsəlmanlara qarşı Srebrenitsa şəhərində soyqırımı törədib.

Bu cinayət nəticəsində azı 8 300 dinc, günahsız müsəlman öldürülüb.

Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilib. Soyqırımı zamanı qadın və uşaqların da qətlə yetirildikləri sənədlərlə sübut olunub. Serb ordusuyla yanaşı, “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak ediblər. Yuqoslaviya dağıldıqdan sonra, 1992-ci ildə serblərin Bosniyada hərbi əməliyyatlara başlaması BMT-ni altı bölgəni müdafiə altına almağa məcbur edib. Srebrenitsa da bu bölgələrdən biri idi. Ona görə də BMT Srebrenitsaya Niderlanddan olan 400 silahlı sülhməramlı yerləşdirmişdi. Ancaq onlar bu cinayətin törədilməsinin qarşısını almaqda aciz olublar. Məlumatlara görə, sülhməramlılar soyqırımını laqeydcəsinə izləməklə cinayətin baş verməsinə yardım ediblər.

Srebrenitsa soyqırımı II Dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliam sayılır.

Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Srebrenitsaya hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciətlər ediblər. Ancaq bu müraciətlər niderlandlı sülhməramlılar tərəfindən rədd edilib. BMT sülhməramlıları yalnız iki “F-16” təyyarəsi ilə şəhər üzərində uçuşlar keçirməklə kifayətləniblər.

Hollandiyalı sülhməramlılar bir gecənin içində BMT sülhməramlılarının Bosniyadakı rəhbəri olan fransalı generalın əmri ilə şəhərdən çıxıblar. 1995-ci il iyulun 11-də Ratko Mladiçin silahlıları müdafiəsiz qalmış şəhərə daxil olmaqda heç bir maneə ilə üzləşməyiblər. Onlar bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirməyə başlayıblar. Vəhşiləşmiş əsgərlər gələcəkdə şəxsiyyətlərini tanımaq mümkün olmasın deyə cəsədləri parçalayaraq hər birində 64 meyit olmaqla kütləvi məzarlıqlarda basdırıblar.

Sonralar serb generalı bu hadisələrin əks olunduğu videogörüntüləri Srebrenitsanı tərk edən hollandiyalı sülhməramlılarının komandirinə hədiyyə edib.

Serbiya parlamenti 2010-cu ildə qətnamə qəbul edərək, bosniyalı serblərin ordusunun 15 il əvvəl Srebrenitsada törətdiyi qətliama görə bölgənin müsəlman xalqından üzr istəyib.

Serbiya prezidenti Tomislav Nikolits isə 2013-cü il aprelin 25-də soyqırımına görə üzr istəyib: “Mən diz çökür və Serbiyanın Srebrenitsada baş verən qırğın üçün bağışlanmasını xahiş edirəm. Mən bəzi şəxslər tərəfindən bizim dövlətimiz və xalqımızın adından edilən bu cinayətlərə görə üzr istəyirəm”.

2005-ci il oktyabrın 4-də Bosniya Serb Hökumətinin Xüsusi İşçi Qrupu 25 083 nəfərin qətliamda iştirak etdiyini açıqlayıb. Bunlardan 19 473 nəfəri Bosniya Serb Silahlı Qüvvələrinin müxtəlif əmrləri verən və soyqırımında birbaşa iştirak edən üzvləri olublar. Bildirilib ki, həmin şübhəlilərdən 892 nəfəri Serbiya Respublikasında təmsil olunan vəzifəli şəxslər və ya dövlət qulluqçularıdır. Onların adları hələ də gizli saxlanılır.

2009-cu il yanvarın 15-də Avropa Parlamenti iyulun 11-nin birlik ərazisində Srebrenitsa Soyqırımı Günü kimi yad edilməsi ilə bağlı qətnamə qəbul edib.

Böyük Britaniyanın Srebrenitsa ilə bağlı hazırladığı qətliamın soyqırımı aktı kimi tanıdığı qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurası 2015-ci il iyulun 8-də baxıb. Təhlükəsizlik Şurasının üç daimi üzvü (Fransa, Böyük Britaniya, ABŞ) və yeddi qeyri-daimi üzvü (Çad, Çili, İordaniya, Litva, Malayziya, Yeni Zelandiya, İspaniya) sənədin lehinə səs verib. Onlardan dördü – Çin (daimi üzv), Anqola, Nigeriya və Venesuela bitərəf qalıb. BMT Təhlükəsizlik Şurasının 5-ci daimi üzvü Rusiya veto hüququndan istifadə edərək qətnamənin qəbulunu bloklayıb. Kremlin BMT-dəki ovaxtkı nümayəndəsi Vitali Çurkin bunu qətnamənin Balkan bölgəsində vəziyyəti gərginləşdirmək təhlükəsi yaradacağı ilə əsaslandırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir