Siyasət

Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı açıqlaması – TAM MƏTN – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.

Şarl Mişel açıqlamasında deyib:

– Axşamınız xeyir, xanımlar və cənablar. Bu gün biz böyük məmnuniyyətlə Prezident Əliyevi və baş nazir Paşinyanı Brüsseldə təşkil olunmuş beşinci görüşdə qəbul etdik. Bizim fikir mübadiləmiz səmimi, açıq və nəticəyönümlü idi. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.

Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.

Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.

Humanitar məsələlərə gəldikdə, qarşıdakı həftələr ərzində saxlanılan daha çox şəxslər azad ediləcəkdir. Öz tərəfimdən onu vurğuladım ki, sadəcə, yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir.

Biz, həmçinin itkin düşmüş şəxslərin taleyi ilə bağlı və minaların təmizlənməsi işinin sürətləndirilməsinin vacibliyinə dair müzakirələr apardıq.

Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələri davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim. Mən, həmçinin Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir.

Avropa İttifaqının gizli gündəliyi yoxdur. Bizim yeganə məqsədimiz Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə dəstək verməyə hazırıq.

Biz Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəldik. Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişineuda keçiriləcək 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşəcəyik.

Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm.

21:20

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il Almatı bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

“Report”un Brüsselə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

“İki ölkənin liderləri 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (89,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər”, – Şarl Mişel bildirib.

O əlavə edib ki, iki ölkə arasında sərhədlərin yekun delimitasiyası növbəti danışıqlar yolu ilə razılaşdırılacaq.

20:39

Üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.

“Report”un Brüsselə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

“İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik”, – Şarl Mişel bildirib.

Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var – tərəflərə sülhə nail olmaqda kömək etmək:

“Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır”.

“Fikir mübadiləmiz səmimi və açıq olub. Biz birlikdə gündəlikdəki bütün məsələləri nəzərdən keçirdik. Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması üçün sürəti saxlamaq lazımdır”, – Aİ Şurasının Prezidenti vurğulayıb.

20:32

Aİ Ermənistan və Azərbaycana hərtərəfli normallaşma yönündə yardım etmək işinə sadiqdir.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib.

“Biz tərəflərin birgə səylərinə töhfə verməyə davam edəcəyik”, – qurum rəhbəri əlavə edib.

Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Görüş Avropa İttifaqının mənzil-qərargahında baş tutub.

Görüş Bakı vaxtı ilə 15:00 başlayıb və 4 saatdan çox davam edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir