Siyasət

“Azərbaycanın regionda sülh və təhlükəsizliyə təhdid yaradan maneələri aradan qaldırmaq hüququ var” – RƏY+FOTO

Sharing is caring!


“Ermənistan və havadarları unutmamalıdırlar ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycan tək, yaxud hər hansı müttəfiqi ilə bərabər kollektiv formada regionda sülh və təhlükəsizliyə təhdid yaradan bütün maneələri, harada yerləşməsindən asılı olmayaraq, aradan qaldırmaq hüququna malikdir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, mayın 10-u axşam saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələrinin Zod istiqamətindən üzbəüz mövqelərimizi intensiv atəşə tutması, bir hərbi qulluqçumuzun şəhid olması, digərinin ağır yaralanması təsadüfi toqquşma hesab oluna bilməz və birmənalı olaraq açıq təxribatdır:

“Bu gün səhərdən etibarən isə iriçaplı silahlar və minaatanlardan geniş istifadə olunması İrəvanın bu təxribatları qəsdən genişləndirməkdə maraqlı olduğunu göstərir. Eyni zamanda, toqquşmaların gedişində məqsədli və müxtəlif dezinformasiyaların yayılması lokal qarşıdurmadan daha böyük olan total məqsədlərdən xəbər verir. Bu mənada prosesə Basarkeçər-Kəlbəcər istiqamətində toqquşmalar və Ermənistanda revanşist kəsimin niyyəti çərçivəsində yox, bütövlükdə son günlərin regional situasiyaları rakursundan baxmaq, xüsusən digər qonşularımız, o cümlədən Ermənistana təsir imkanı güclü olan subyektlərin prosesdə mümkün rolu prizmasından baxılmalıdır. Təbii ki, belə müdaxilələrin yeganə məqsədi Azərbaycanın iradəsinə təsir cəhdləri ola bilər. Lakin Prezident İlham Əliyev dünən Şuşadan xalqa müraciət edərkən açıq formada ifadə etdi ki, “biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir”.

Deputat vurğulayıb ki, Azərbaycan Ordusu bütün istiqamətlərdə əməliyyat şəraitinə nəzarət edir, bütün formalarda hücum cəhdləri nəinki dəf edilir, üstəlik düşmən layiqli formada cavabını alır:

“Erməni xalqı nəhayət başa düşməlidir ki, artıq 1990-cı illərin hər kəs tərəfindən müdafiə olunan Ermənistanı və məğlub Azərbaycanı yoxdur, artıq situasiya dəyişib. Azərbaycan “Dəmir yumruq” hesabına yeni reallıq yaradıb və bu reallıqda Ermənistan məğlubdur. Məğlub bir dövlətin və toplumun revanşist cəhdləri onları məhvə aparır. Ermənilər nəhayət anlamalıdırlar ki, alət kimi istifadə olunurlar və Azərbaycan da bu vəziyyətə daha 30 il dözmək niyyətində deyil. Ermənistan da, havadarları da unutmamalıdırlar ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycan tək, yaxud hər hansı müttəfiqi ilə bərabər kollektiv formada regionda sülh və təhlükəsizliyə təhdid yaradan bütün maneələri, harada yerləşməsindən asılı olmayaraq, aradan qaldırmaq hüququna malikdir. Bu son 20 ildə dəfələrlə müraciət edilmiş ümumtanınmış normadır və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi Azərbaycan bu hüququndan istifadə etmək, Ermənistan ərazisində bu təhdidləri aradan qaldırmaq haqqına sahibdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir