Siyasət

ETSN-də Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib – FOTO

Sharing is caring!


Ekologiya və Təbii Sərvətlər Nazirliyində müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Nazirliyin əməkdaşları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad edilib.

Daha sonra nazirliyin inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi anılıb.

Konfrans Dövlət Himninin səsləndirilməsi, ümummilli liderin əziz xatirəsinin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “Heydər Əliyev və Azərbaycan Respublikasının ekoloji siyasəti” mövzusunda qısametrajlı film və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfransı giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsindəki xidmətlərindən, eyni zamanda, ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına verdiyi töhfələrdən danışıb.

Millət vəkili Məlahət İbrahimqızı və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dünya şöhrətli siyasətçi Heydər Əliyevin tarixdəki rolu, eləcə də Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxış ediblər.

Tədbirin sonunda Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasına daxil olmuş bir qrup nazirlik əməkdaşına partiya vəsiqələri təqdim olunub və partiyanın fəaliyyətində fərqlənmiş əməkdaşlar mükafatlandırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir