Siyasət

“Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi sülh və təhlükəsizliyi təmin edəcək” – RƏY + FOTO

Sharing is caring!


“Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunda qurduğu nəzarət-buraxılış məntəqəsi əslində bundan sonra bölgədə sülhün və təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərdən vacib bir məqamdır”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Vətən müharibəsində qələbə əldə etdikdən sonra imzalanmış 10 noyabr bəyannaməsinin müddəalarına uyğun olaraq Ermənistan Silahlı Qüvvələri Qarabağ ərazisindən çıxarılmalı və bu əraziyə rus sülhməramlı qüvvələri yerləşdirilməli idi:

“Eyni zamanda Azərbaycan Qarabağda yaşayan ermənilərin Ermənistanla gediş-gəlişini asanlaşdırmaq məqsədilə Laçın rayonu ərazisindən keçməklə Ermənistana yeni yolun çəkilişini həyata keçirməli idi. Azərbaycan bu öhdəliyi tez bir zamanda yerinə yetirdi. Baxmayaraq ki, burada müddət 3 ilə qədər göstərilmişdi. Azərbaycan tərəfi təxminən ilyarıma bu öhdəliyi yerinə yetirdi və beləliklə, Qarabağda yaşayan ermənilərin Laçın yolundan keçərək Ermənistana gediş-gəlişi asanlaşdı. Amma sonrakı tarixlərdə biz görürdük ki, ermənilər Qarabağda yaşayan ermənilərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə yaradılan yoldan digər məqsədlərlə istifadə edirlər. Yəni Ermənistanda silahlı birləşmələrin və minaların bu yol vasitəsilə Qarabağa daşınması həyata keçirilir. Bütün bunlar isə rus sülhməramlı qüvvələrinin gözü qarşında baş verir. Bəzən rus sülhməramlı qüvvələri bunlara himayədarlıq edir. Bütün bunlar bir daha göstərir ki, Laçın-Xankəndi yolundan humanitar məqsədlər üçün deyil, hərbi məqsədlər üçün istifadə edilir. Hərbi məqsədlər üçün istifadə edildikdə isə bu, heç bir beynəlxalq hüquq normalarına uyğun gəlmir”.

M.Abbaszadə qeyd edib ki, Azərbaycan tərəfi isə hər dəfə bu məsələlərlə bağlı çıxış edirdi:

“Biz bildirirdik ki, Qarabağdan Ermənistana keçən yolda yəni, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması bu prosesləri bir daha sürətləndirir. Ermənistan tərəfinin birtərəfli olaraq Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu ərazisində sərhəd müşahidə məntəqəsini qurması göstərir ki, Azəbaycan tərəfi də öz ərazisində bu sərhəd müşahidə məntəqəsini reallaşdırmalı idi. Digər bir tərəfdən isə biz ekofəalların Laçın-Xankəndi yolunda həyata keçirdiyi aksiyalarda da bizim tələbimiz ondan ibarət idi ki, həm Qarabağda mövcud olan Azərbaycan təbii sərvətlərinin Ermənistan tərəfindən qeyri-qanuni daşınaraq aparılmasının qarşısı kəsilsin, həm bölgəyə Azərbaycan ekofəalları buraxılsın, eyni zamanda Laçın-Xankəndi yolundan Azərbaycanın təbii sərvətlərinin daşınmasının qarşısı alınsın. Çünki Qarabağa gediş-gəliş, yük maşınlarının yoxlanılması göstərəcək ki, bölgədə davamlı sülh davam edir. Burada qeyri-qanuni birləşmələrə yardım etmək, silah daşımaq, minalar daşımaq, hərbi riski artırmaq və başqa qonşu dövlətlərin xüsusi xidmət orqanlarının tez-tez bu ərazilərə səfərlərinə son qoyacaq. Bütün bu amillər də bölgədə davamlı və təhlükəsiz sülhün təmin olunmasına köməklik göstərəcək. Bir sözlə, Azərbaycan 10 noyabr bəyannaməsinə sadiqdir və müddəalara da əməl edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir