Siyasət

“Ermənilərin hadisədən dərhal sonra görüntülər yayması o deməkdir ki, öncədən planlanmış təxribat olub” – RƏY

Sharing is caring!


“Ermənilərin hadisədən dərhal sonra görüntülər yayması o deməkdir ki, öncədən planlanmış təxribat olub”.

Bunu “Report”a deputat Bəhruz Məhərrəmli deyib.

“Ermənistanın Laçın rayonu istiqamətində təxribatı planlı və düşünülmüş insidentdir. İrəvan məqsədyönlü şəkildə əvvəlcə təcavüzkar ritorikası, daha sonra təhrikedici davranışları, ən nəhayət dünən isə silahlı hücumla davamlı sülhdə, o cümlədən regionda əməkdaşlıq mühitinin qurulmasında maraqlı olmadığını, əksinə, hələ də revanşist və təcavüzkar niyyətdə olduğunu göstərir”, – deputat vurğulayıb.

O xatırladıb ki, erməni tərəfi hadisədən dərhal sonra görüntülər yayıb:

“Bu o deməkdir ki, öncədən planlı təxribat qeydə alınmalı və aidiyyəti formada Azərbaycanın əleyhinə istifadə olunmalı idi. Erməni tərəfin özünün yaydığı həmin görüntülərdən də aydındır ki, haylar mühəndis-istehkam işi adı altında Azərbaycan səngərlərinin tam qarşısında təhrikedici addımlarla Azərbaycanı hücum etməyə təşviq etməyi planlayırdılar. Lakin hərbçilərimizin təmkinli davranışı onların planını pozduqda ermənilər özləri hücuma keçirlər, lakin çevik və sərrast formada adekvat cavabla düşmən yerinə oturdulur.

Bildiyiniz kimi, ərazidə olan Ermənistan ordu korpusunun komandiri fərarilik ənənəsinə sadiq qalaraq öz əsgərləri ilə birlikdə insident zamanı ərazidən qaçarkən arxa nahiyəsindən yaralanıb. Azərbaycan hərbçiləri ilə birbaşa təmas xəttində, heç bir təhdid altında olmayan strateji əhəmiyyət kəsb etməyən obyektdə belə yüksək vəzifəli şəxsin olması göstərir ki, təxribat İrəvanda hazırlanıb və Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə nəzarətində olub”.

Deputat bildirib ki, erməni mediası və İrəvanın mövqeyini müdafiə edən xarici dairələrin təbliğat maşını, habelə Ermənistanın aidiyyəti strukturları təxribatın planına uyğun formada hazırlaşdıqları üçün planın iflasa uğramasından sonra İrəvandan gələn açıqlamalar ziddiyyətli oldu və hərbi-siyasi rəhbərliyin planların pozulması ucbatından vahid mövqedən çıxış edə bilməməsi məsələlərin əsl mahiyyətini ortaya çıxardı:

“44 günlük savaş dövründə, habelə sonrakı müddət ərzində həyata keçirilən cəza tədbirləri zamanı qorxaqcasına qabağımızdan qaçan Ermənistanın birdən-birə cəsarətlənməsi isə heç şübhəsiz ki, özündə Avropa İttifaqı, Fransa və İranın təhrikedici davranışlarını ehtiva edir.

Bilirsiniz ki, bu günlərdə İran və Ermənistanın təhlükəsizlik şuralarının katibləri görüşüblər və yayılan açıqlamada da təxribatçı meyillər aydın hiss edilirdi.

Digər tərəfdən, Prezident İlham Əliyev yanvar ayında yerli televiziyalara müsahibəsində Avropa İttifaqının missiyasının bölgəyə gəlişinin gərginliyi daha da artıracağını bəyan etmişdi. Həqiqətən, missiya regiona gəldikdən sonra ilk növbədə, əsasən, hərbçilərdən ibarət tərkibi ilə ciddi formada suallar meydana çıxardı. Daha sonra qeyri-adekvat davranışları, o cümlədən Ermənistanın davamlı və təhrikedici formada atəşkəsi pozması, Aİ missiyasının isə bu insidentləri qeydə alaraq münasibət bildirməməsi avropalıların xoş olmayan niyyətini bir daha üzə çıxardı. Heç şübhəsiz ki, Laçın istiqamətində yaşanan gərginliyin digər vacib səbəbi də Avropa İttifaqının təxribatçı missiyasının Ermənistanda olması, habelə İrəvanın bu missiyanın davamlı şəkildə qeyri-adekvat mövqe sərgiləməsindən cəsarətlənməsidir.

Lakin haylar unutmamalıdırlar ki, İlham Əliyevin Şuşadan da bəyan etdiyi kimi, heç kim onları xilas etməyəcək, eləcə də Avropa İttifaqının təxribatçı missiyası bölgədə Azərbaycanın yaratdığı reallığı dəyişə bilməyəcək.

İrəvanın bu cür radikal davranışları, Azərbaycanın sərt addımlarla bölgədə dayanıqlı sabitliyi və yekun sülhü bərqərar etməsini zərurətə çevirir. BMT Nizamnaməsinin 51-ci maddəsi də bizə yönəlmiş təhdidləri aradan qaldırmaq üçün Azərbaycana bütün zəruri bildiyi tədbirləri həyata keçirməyə, təhdidləri yerləşdiyi yerdən asılı olmayaraq məhv etməyə, aradan qaldırmağa haqq verir və bundan sonra bütün mümkün ssenarilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir