Siyasət

Əliyevin Tacikistan səfəri, Nizami Gəncəvi barədə mesaj, “qara qutu”dan çıxan nəticələr – TƏHLİL

Sharing is caring!


Prezident İlham Əliyevin Tacikistana səfərinin strateji əhəmiyyətini izah edərkən iki xüsusa diqqət yetirmək lazımdır.

Birinci növbədə bu, İranın regionda təxribatlar üçün artan fəallığına qarşı diplomatik-siyasi gedişdir. İran həmişə Tacikistanı özünün böyük ideoloji arxa-dayağı hesab edib. Çünki Tacikistan İranla eyni dili və etnik mənsubiyyəti bölüşür və İran bu ölkəni özünün çətiri altında tutmaq istəyir.

Tehran linqvistik cəhətdən yaxın olan Düşənbəni potensial olaraq postsovet dünyasının bu hissəsində əsas tərəfdaşa çevirəcəyinə inanıb.

İran həm Tacikistanın, həm də Azərbaycanın mədəni irsini mənimsəmək iddialarını da göstərib.

Prezident Əliyev Tacikistanda həmkarı Emoməli Rəhmonla birgə mətbuat konfransında bu mövzunu qabartdı.

Əliyevin SİTATI:

“Məhz mədəni sahədə qarşılıqlı əlaqələrimizin möhkəm təməlini xüsusi qeyd etmək istərdim. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Demək istərdim ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub.

Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Yəni bunlar çox şeyə dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir. Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Əminəm ki, biz bu gün təhsil sahəsində də, başqa sahələrdə də qəbul etdiyimiz bütün qərarları yerinə yetirəcəyik”.

Ümumilikdə İran Tacikistanla bağlı yekun hədəfini mütləqləşdirə bilməyib. Çünki iki ölkənin keçmişdəki mübahisələr konteksti münasibətləri qəlizləşdirib və köhnə izlər unudulmayıb.

Yeri gəlmişkən, İranla Tacikistan arasındakı münasibətlər sabit olmayıb, hətta çox zaman düşmən motivlər üst mövqelərə çıxıb.

İran 1990-cı illərdə Tacikistanı cənginə alan vətəndaş müharibəsini qızışdırıb. Tehran Tacikistandakı İslam İntibah Partiyasına dəstəklər verib və islam inqilabı ideyalarını bu ölkəyə ixrac etməyə cəhd göstərib.

Tehranın Tacikistandakı iddialı addımları iki ölkənin münasibətlərini hərəkətə gətirən mühərriki soyutdu, ancaq sonrakı illərdə münasibətlər müsbətə doğru irəlilədi. 

Keçmişi nə Tacikistan, nə də İran unudub, hərçənd ki, bu iddialar heç birtərəfli də deyil. Yəni İranın da öz növbəsində Tacikistanı ittiham etdiyi vaxtları olub.

Düşənbə iranlı oliqarx Babək Zəncaninin çirkli yollarla qazandığı pulları mənimsəməkdə ittiham edilib.

Yəni 1990-cı illərdən davam edən nahamar münasibətlər son bir neçə ildir ki, səngiyib.

İndi isə İranla Tacikistan arasında münasibətlər yaxşılaşıb, iki ölkə bir-birinə yaxınlaşıb, ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb, iqtisadi-siyasi əlaqələri İranın bu ölkədə müdafiə sənayesinin inkişafı üçün sərmayə yatırması müşayiət edir.

Beynəlxalq tablonun cari xanaları və onların yerdəyişməsinə cəhdlər Tacikistanın geostrateji əhəmiyyətini artırır və İranın indi burada möhkəmlənmək cəhdi həm də Mərkəzi Asiya siyasəti ilə bağlıdır.

İlham Əliyevin səfəri və həmkarı Emoməli Rəhmonla görüşü, üstəgəl nəticə kimi bir çox sənədlərin imzalanması İranın maraqlarının daraldılması istiqamətində siyasi-diplomatik gediş kimi başa düşülə bilər.

Çünki Mərkəzi Asiya məsələsi Azərbaycanla Türkiyənin qızışan beynəlxalq rəqabətdə müştərək maraqlarla baxdıqları məkandır. İranın burada “at oynatmaq” cəhdi həm Bakı-Ankara strateji maraqlarına, həm də Türk Dövlətləri Təşkilatının dəyərlər sistemi üçün problem yarada bilər.

Azərbaycan buna görə də fəallığını artırır, hətta Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri gözlənilir.

Əliyevin Tacikistandan sonra Qazaxıstana səfəri Bakının Mərkəzi Asiya üzrə vizyonunu ortaya qoyduğunun göstəricisidir.

Əliyevin Tacikistan-Qazaxıstan marşrutunu ard-arda səfər kimi seçməsinin başqa bir önəmi Ermənistanla münasibətlərin ruhuna vurğu etmək üçün fikir verir.

Azərbaycanın Qazaxıstanla münasibətləri Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində sarsıdan xarakterə malikdir, Astana bu hərbi təşkilatda Bakı əleyhinə İrəvanın xeyrinə qərarlar çıxarılmasını əngəlləyib.

Aşağı-yuxarı eyni münasibətlər təşkilatda təmsil olunan Rusiya, Belarus, Qırğızıstanla da eynilik təşkil edir, lakin Tacikistan məsələsində bir qədər fərq var. Düzdür, Tacikistan Ermənistana dəstək vermir, lakin Bakı istəyir ki, Düşənbə bu tutumunda, heç olmasa, sabit qalsın.

Deməli, Əliyev səfəri ilə göstərdi ki, KTMT daxilində Ermənistanın dostu yoxdur və bu tendensiya Tacikistan tərəfindən də ardıcıl şəkildə göstərilə bilər.

Gələ biləcəyimiz nəticələri həm İran, həm ikitərəfli münasibətlər, həm də KTMT prizmasından qabarda bilərik.

YƏNİ:

– Azərbaycan Tacikistanla münasibətləri Mərkəzi Asiyadakı maraqların təmini yönündə “açar” kimi görür;

– Azərbaycan Tacikistanın İranın caynağına keçməsində maraqlı deyil. Bunun düsturlarından biri Bakı ilə Düşənbənin ikitərəfli münasibətlərdə yeni istiqamətlər yaratmasıdır;

– Azərbaycan KTMT daxilində Ermənistanın təklənməsini davamlı və sabit saxlamaq üçün Tacikistanı öz tərəfinə çəkməkdə davam edəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir