Siyasət

UNESCO Qarabağa niyə missiya göndərmir: “Lazımi şərait yoxdur”, yoxsa ikili standartlar? – FOTO

Sharing is caring!


Azərbaycan növbəti dəfə belə suallar verməli olur: Söhbət Azərbaycandan gedən zaman beynəlxalq təşkilatlar niyə qəbul edilmiş prinsiplərə əməl etmirlər? Bunu ikili standartların bariz nümunəsi kimi qiymətləndirmək lazımdırmı?

“Report” xəbər verir ki, UNESCO-nun Baş direktoru Odri Azule bu yaxınlarda Ukraynaya ikigünlük səfər edib. O, müharibə nəticəsində dağıdılmış və ziyan dəymiş mədəni obyektlər daxil olmaqla, Ukraynanın mədəniyyət obyektlərini ziyarət edib.

Ukraynadakı ağır vəziyyəti nəzərə alsaq, bu səfərin, şübhəsiz ki, son dərəcə əhəmiyyətli olduğunu söyləyə bilərik. Onun zəruri olması zərrə qədər də şübhə doğurmur.

Bəs nə üçün Azərbaycanın dəfələrlə müraciətlərinə baxmayaraq, nəinki UNESCO-nun rəhbəri, hətta qurumun sıravi əməkdaşları belə, bir zamanlar işğal altında olmuş ərazilərə bir dəfə də olsun səfər etməyiblər?

Bu regionda 30 illik işğal zamanı Azərbaycanın mədəni, tarixi və dini abidələri demək olar ki, tamamilə dağıdılıb. Odur ki, belə bir missiyaya ehtiyacın olduğunu bu ərazilərə səfər etmiş istənilən xarici diplomatik nümayəndəliyin əməkdaşı və ya Qərbdən olan jurnalist təsdiq edə bilər, çünki bu faktların qeydə alınması çox vacibdir.

Pakistanlı beynəlxalq əlaqələr üzrə analitik Xalid Taymur Əkrəmin fikrincə, UNESCO-nun belə münasibəti birbaşa ikili standartların sübutudur:

“Azərbaycan Ermənistanın 30 illik işğal zamanı törətdiyi vəhşiliklərə dair bütün sübutları dəfələrlə təqdim edib. Xüsusilə, Qarabağın bütün mədəni, dini və tarixi abidələrinin dağıdılması qeydə alınıb, sənədləşdirilib və ictimaiyyətə təqdim edilib. Əsas məqsədi tarixi-mədəni irsin qorunub saxlanması olan təşkilatın (UNESCO) nümayəndələri işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər edənlərin siyahısında birinci olmalı idilər. Bu, ikili standartların birbaşa nümayişi deyilsə, bəs nədir?”

Bu məsələ ilə bağlı “Report”un sorğusuna cavab verən UNESCO yaxın vaxtlarda regiona analoji missiyanın göndərilməsinə ümid bəslədiyini qeyd edib.

“UNESCO 1954-cü ildə qəbul edilmiş Konvensiyasına uyğun olaraq təşkilatın müstəqil texniki missiyasının göndərilməsi məsələsində bütün aidiyyəti tərəflərlə işi davam etdirir. Ümid edirik ki, bu, yaxın gələcəkdə mümkün olacaq, lakin hazırda bunun üçün lazımi şərait yoxdur”, – təşkilatın açıqlamasında deyilib.

Əslində, bu bəyanat gələcəkdə belə bir missiyanın baş tutacağına və ədalətin qismən bərpa olunacağına az da olsa ümid versə də, yenə də açıq suallar qalır: Hazırda fəal hərbi əməliyyatların getdiyi bir ölkədə dağıdılmış və məhv edilmiş abidələrin vəziyyəti ilə vizual şəkildə olsa belə, ziyarət və tanış olmaq üçün şərait var, lakin iki ildən artıqdır ki, müharibənin başa çatdığı azad edilmiş Azərbaycan ərazilərində lazımi şərait yoxdur? UNESCO Azərbaycanın bilmədiyi nəyi bilir?

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir